2. Tütün vurğunu.

307 31 57
                                    

17 oktyabr, 2015

Qapını var - gücü ilə çırpıb çölə çıxdı İna. Əsəbdən ağlamaq istəyi ilə yanaşı, həm də qulağına yayılan dözülməz bir uğultu hiss edirdi. Barmaq ucları ilə ağlamamaq üçün gözlərini ovuşduraraq sanki axmağa  çalışan göz damlalarını geri qaytarmağa çalışmaq istədi və yardım üçün başqa, daha gözəl vasitəyə əl atdı. Çantanı çiyinlərində rahatladıb qulaqcıqları qulağına keçirərək  həvəslə mahnı siyahısında  'qarışıq gəlsin' funksiyasını qoşaraq başqa dünyaya bilet aldı. "Qaraqan - Güzgü" mahnısı ilə uğultu bir - birinə qarışmış olsa da, bu, mahnını dinləməyinə heç cür mane ola bilməzdi. Səki ilə getdikcə göy üzünə baxır, mavi fonda saflığına heyran qaldığı ağ, hər tərəfə səpələnmiş kiçik pambıq parçalarını görəndə gülümsəyirdi gənc qız. Bəxtindən hava bir az isti olsa da,  günəş payız qanunlarına uyğun olaraq bu gün də buludların arasında gizlənmiş və gözünü deşmirdi. Arada qulağındakı uğultu qışqırıq səsləri ilə əvəz olunmasına baxmayaraq, İna bunun əsəblərini və əhvalını bir daha korlamasına izn vermir, cəld bütün diqqətini yenidən mahnıdakı sözlərə aparırdı. "Qışqırıqlara yox, mahnıya səs!" yenicə şüarına çevrilmişdi çünki.

 " Güzgüdəki adamla səmimi ol, - dedi içimdən gələn səs " - Qaraqanın bu kəlmələri ağlına bataraq onu dərin düşüncələrə sürükləyirdi.  Güzgüdəki "mən" adlanan adama hər baxdıqda qəlbində ona qarşı böyük kin və nifrət hissi duyduğunu bir daha xatırladı İna həmin sözlərlə, axı o da bir insan  idi. O isə özü də daxil sevmirdi o insancıq adlanan məxluqları.  Amma bir şey də var ki, 'mən'i özündən nə qədər uzaqlaşdırmağa çalışsa da, bəzən yenə özünü göstərirdi: güzgüdə, düşüncələrində, hərəkətlərində, qısaca, hər şeydə! Uzaqlaşdırırdı, çünki özünü tapa bilmirdi, qarışıq fikirləri arasında itib - batmış, yox olmuşdu. Bəlkə də, özü itməyinə imkan yaratmışdı, lakin indi bu, heç bir məna kəsb etmirdi axı. Anlamayaraq itirmiş və tapa bilmədiyi mənliyinin indi tamamilə getməsi daha düzgün olmazdımı? Anlaşılmaq. Bəlkə də, ona öz mövcudluğunu qəbul etmək, mənliyi ilə yoldaşlıq etmək və özünü anlamaq gərək idi.

Məktəbin darvazasına çatdıqda bir az uzaqda, hündür şam ağacının böyük kölgəsinə sığınmış, arıqlığı ilə gözünə çarpan bir qız nəzərinə tuş gəldi. Baxışlarını barmaqları arasında tutduğu siqaretə yönəltdiyindən simasını tam görə bilməsə də, bir az sonra başını qaldırıb siqareti dodağına ilişdirəndə diqqətlə üzünə baxa bildi onun. Qəribəsi o idi ki, çiynindən bir az aşağı, dalğavari, açıq qəhvəyi saçlı, qarabuğdayı çöhrəli qız da,  deyəsən, İnanın ona baxdığını sezib o da  gözünü gənc qıza zilləməyə başlamışdı. Qızın soyuq gözlərinə İnanın qorxaq gözləri tab gətirə bilmədiyindən bacardığı qədər tez gözünü çəkib məktəbinə daxil olmuşdu. Hərəkətindən utanmışdı, əlbəttə, amma çox az hallarda məktəb dəhlizlərində rastına çıxan bu qız öz fərqliliyi ilə onun marağını özünə cəlb edə bilmişdi. Eşitdiyinə görə adı Sara idi və 11 - ci sinifdə "oxuyurdu". Həftədə 2 - 3 dəfə məktəbdə özünü göstərib bir neçə dərsdən sonra qaçmağını nəzərə almasaq, bəli, o, bir məktəb şagirdi idi.

Zəngə 5 dəqiqə qalmış qulaqcıqlarını çıxararaq sinfə girəndə uşaqların artıq çoxu içəridə idi. İna yarıağız gülümsəmə və başı ilə hamıya salam verib pəncərəyə yaxın partada əyləşdi və lazımi kitabları çıxarıb boş - boş pəncərədən 4 - cü mərtəbə olduğundan rahatlıqla görünə biləcək mavi səmaya baxmağa başladı.
- Bir dost kimi öpüşüb - qucaqlamaq daha yoxdurmu, İna? - köhnə rəfiqəsi adlandırdığı Sevda yaxınlaşıb başının üstündə dayanaraq dolğun dodaqlarını guya küsmüş kimi büzüb İnaya baxırdı.
" Dost " sözünü  pıçıldayıb istehza ilə gülümsədi, amma etdiyindən  nə qədər xoş olmasa da, ayağa qalxıb qollarını iki yana açaraq Sevdanın qucaqlaşmasına qarşılıq verdi.
- 2 gün ərzində çox darıxmışdım sənin üçün, - Sevda şirin gülümsəməsini üzünə "yapışdırıb" bunu söylədi.
- Hə, öz də necə, - deyib yenidən yerinə əyləşdi İna. Səmimiyyətsiz insanlara nifrət edirdi. Ən çox da onlara onlartək qarşılıq verən özünə! "Qorxaq İna!" deyə içində özünə bağıraraq nə zamandan belə qorxaq və çəkingən olduğunu yada salmağa çalışdı.

Yerdəki UlduzlarDonde viven las historias. Descúbrelo ahora