Bölüm 1. Tapşırıq

132 13 2
                                    

ABŞ, ÇİKAQO, EVANSTON

Mənzərəsi şəhərin mərkəzinə açılan binanın 28-ci mərtəbəsində hər gecə olduğu kimi, bu gecə də yüksək səslə Moonlight Sonatanın sədaları eşidilirdi. Beethovenin möhtəşəm əsəri, olduqca modern üslubda dizayn edilmiş mənzilin mətbəxindəki səsli çaydanın xoşagəlməz səsini basdırırdı. Hər zamankı kimi böyük qəhvə paketi və sadə fincan səsli çaydanın yanında hazır vəziyyətdə idi. Zalın zəif işıqları ortama "yuxugətirici" abu-hava qatırdı. Geniş zalın kiçik bir hissəsi çalışma otağına bənzəyirdi. Masanın üzərində işlək vəziyyətdə olan noutbukun gur parıltısı, divara sabitlənmiş rəsmləri asanlıqla nəzərə çarpdırırdı. Rəsmlərdə təsvir olunmuş şəxslərin xarici görünüşləri, onları ilk baxışda terrorist adlandırmağa kifayət idi. Divardakı altı rəsmdən dördünün üzərindən qırmızı rənglə çarpaz şəkildə xətt çəkilmişdi. Zala bitişik olan eyvanın açıq qapısından içəriyə doğru əsən külək, arakəsməyə vurulmuş incə pərdə tüllərini yellədirdi. Yataq otağı günlərdir səliqəsiz halda dağınıq olan bu mənzil, 8 ildən artıqdır ki Mərkəzi Kəşfiyyat Agentliyində ( C.İ.A ) çalışan Mörfi Skrayberə məxsusdur. Mörfi, Mərkəzi Kəşfiyyat Agentliyi tərəfindən yetişdirilən casus olmasına baxmayaraq, 6 aydan çoxdur ki ona yeni tapşırıq gəlmirdi. Uzun zamandır təşkilatla əlaqəsi kəsilən Mörfi, hal hazırda yaşadığı mənzili satın almış və ara-sıra özəl şəxslər tərəfindən aldığı sifarişlərlə qatillik edirdi. Təşkilatda missiyası terroristləri deşifrə edərək aradan qaldırmaq olsa da, təşkilatdan kənar aldığı özəl sifarişlərin qurbanı daha çox böyük biznesmenlərə əngəl yaradan xaker qruplaşmalarının dəstə başçıları olurdu. Gördüyü işlər yüksək məbləğ qarşılığında həyata keçdiyindən, Mörfi zəngin həyat tərzinə sahib idi. Buna baxmayaraq muzdlu qatil olması, onu bir çox istəklərindən məhrum edirdi.

Eyvanda dayanıb, qollarını havaya qaldıran Mörfi, şəhərin ecazkar gecə mənzərəsini izləmək yerinə, gözlərini yummağı üstün tutmuşdu. Şiddətli yağış, gözlərinə qədər enən qara saçlarını möhkəm islatmışdı. Qollarını daha geniş açaraq, başını bir qədər yuxarı qaldırdı və dərindən nəfəs alaraq gözlərini daha sıx bağladı.

- Mən böyük bir boşluqdayam, Tanrı !

Asta səs tonunun ardından, telefonuna növbəti zəng gəlməyə başlamışdı. Göy gurultusuyla yağışın bir-birinə qarışmış səsi, üstəlik içəridə yüksək səslə Moonligh Sonata... və 7 cavabsız zəng. Hal hazırda gələn zəngin sona çatmasıyla, 8 cavabsız zəng Mörfinin mobil telefonunun ekranına sabitləndi. Telefonunu vecsiz bir şəkildə atdığı divanın üzərində əlavə olaraq kitab var idi. Bu kitab, orta səhifələrindən qatlanmış olsa da Mörfinin bu kitabı oxuduğu, altına xətt çəkdiyi cümlədən bəlli idi: "Möcüzə axtarmayın, möcüzə yaradın"

Beethovenin əsəri bitmişdi. Mətbəxdəki səsli çaydanın xoşagəlməz səsi az da olsa eşidilirdi. Mörfi sifətinə dağılmış uzun saçlarını əliylə yuxarıya atıb, içəriyə keçdi. Eyni anda həm qapının zəngi çalır, həm telefonuna zəng gəlir, həm də səsli çaydanın bezdirici səsi eşidilirdi. Çaşbaş qalan Mörfi sifətini turşudub, ilk öncə mətbəxə keçdi. Çaydanın altını keçirib, qapıya tərəf yaxınlaşdı. Gözlədiyi biri yox idi. Ehtiyyatlı davranıb əlini silahına atsa da, dəhlizdəki kiçik ekranda, gələnin Kəşfiyyat Mərkəzindən dostu Mauris olduğunu görüb, qapını açdı.

- Bir qədər də gec açsaydın, qapını sındırıb içəriyə keçməli olacaqdım. - Mauris sadəcə avtomobilini binanın önündə park edib, içəriyə daxil olmuşdu. Buna baxmayaraq güclü yağış onu xeyli islada bilmişdi.

- Çoxdan gəlmisən ? - Mörfi soruşdu.

- Telefonuna baxsan görəcəksən. - Mauris cümləsini bitirib, səssiz-səmirsiz içəriyə keçdi. İslanmış gödəkcəsini çıxarıb asılqandan asdı. Daha sonra Mörfini süzərək, təəccüblə:

MUZDLU QATİLHikayelerin yaşadığı yer. Şimdi keşfedin