Bölüm musiqisi - Moonlight Sonata / Rainy detuned piano version
Mörfi son zamanlar ətrafında gördüyü hər kəsdən şübhələnməyə başlamışdı. Qara kostyumlu birini gördüyündə onların CİA agenti olduğunu düşünüb, təlaşlanırdı. Üstəlik Evanın, keçmiş həyat yoldaşı üçün yeni muzdlu qatil tutacağından ehtiyyat edirdi. Odur ki içindəki gərginliyi az da olsa yox etmək üçün Evanın işini bitirməli idi. Köhnə mənzilindəki telefonuna Evandan dəfələrlə zəng gəlsə də, onu bir neçə dəfə axtarsa da, Mörfinin bundan xəbəri yox idi. Evanı aradan qaldırmağı Klara və Emmanın təhlükəsizliyi üçün etmək istəyirdi. Səhəri gün Klaranı və Emmanı öz mənzilinə aparıb, onları Evanın bildiyi ünvandan uzaq tutdu. Klaraya vacib bir iş görüşməsinin olacağını bildirmişdi. Mörfi, Evanla uzun zamandır iş birliyi içində olduğundan, hansı vaxtlarda harada olduğunu çox yaxşı bilirdi. Sui qəsd planını Evanın qolf meydançasından ayrılıb, evinə gəldiyi vaxtda düşünmüşdü. Lakin üzərində yetərli mərmisi yox idi. Bunun üçün o daha əvvəl yaşadığı mənzilinə yollanıb, həm güllə, həm də ona lazım olacaq başqa əşyalarını götürməyi düşünsə də bir anlıq bunun risqli olduğunu ağlına gətirdi. CİA agentləri onun köhnə mənzilini gözətləyə bilərdilər. Bu qədər vaxt ərzində təşkilatla əlaqəsini kəsib, ortadan yoxa çıxdığına görə, aqibətinin necə olacağından da xəbərdar idi. Lakin hər şeyi gözə almışdı. Klara və Emmadan sonra əvvəlki çirkab həyatına geri dönməməkdə qərarlı idi. Lakin ortada sadəcə bir tək mərmi və bir silah var idi. Buna baxmayaraq Mörfinin keçmiş casus təcrübələri, onun köməyinə çatmışdı. Evan qolf meydançasında olduğu saatlarda belə onu kənardan rahatlıqla güdmüş və avtomobilinə minib evə gəldiyi müddətdə onu yolboyu izləmişdi. Evanın şəxsi evinə bir neçə dəfə gəlib-getdiyindən, evin planını yadında saxlamışdı..
Xəbər portallarının paylaşımları və media xəbərləri gecəyə damğasını vurmuşdu:
" Çikaqonun tanınmış iş adamı Evan Braun, öz evində intihar edib. Hadisənin təfərrüatları araşdırılır "
Mörfi geri döndüyündə mənzilinin qapısı açıq idi. İçəridə heç kimin olmadığını görüb, digər otaqları gözdən keçirdi. Yataq otağına keçərkən, Klaranın mənzilinin işıqlarının yanılı olduğunu gördü. " Axı mən ona burada gözləməsini tapşırmışdım " Telefonunu çıxarıb eyvana keçdi. Klaraya zəng edib, bir qədər gözləməli oldu. Klara zəngə cavab verdiyində Mörfinin qayıtdığını başa düşmüşdü. O da eyvana çıxıb, Mörfiylə göz gözə gəldi. Göz yaşlarının ardından titrək səslə sözə başladı. Mörfi Klaranın əlindəki not dəftərini gördüyü an susub qalmışdı.
- Səninlə yenidən eyvanda üz-üzə gələcəyimizi düşünməzdim, Mörfi... - Klara göz yaşlarını silərək davam etmək istəyirdi.
- Klara mən bütün bunları açıqlaya...
- Sən heç nəyi açıqlaya bilməzsən Mörfi.. Ortada sadəcə bir gerçək var. Sən qatilsən !
Klaranın söylədikləri sanki Mörfini uçurumun dibindən gurultuyla aşağıya çırpmışdı. Pıçıltılar Mörfinin qulağında dövrə vurmağa başladı:
- Sən qatilsən Mörfi.. Mənə və qızıma yaxın durma ! Mümkünsə çıx get burdan. Daha səni görmək istəmirəm..
Klara telefon danışığını bitirib, eyvanın qapısını sərt şəkildə çırparaq, içəriyə keçdi. Mörfinin isə susmaqdan başqa çarəsi yox idi. Sanki qalaktikada milyardlarla ulduz arasında ən gözəl ulduzu tapmışdı və ona qovuşmaq üzrəykən bir anda əllərindən yox olub getmişdi. Mənzildən ayrılıb, aşağıya endi. Motosikletinə əyləşib, yola düşdü. Bu dəfə hara getdiyini heç özü də bilmirdi. Hava çoxdan qaralmışdı. Mörfi avtomobillərin tıxacı arasından şütüyüb keçdikcə, sürət sayğacı üzərindəki əqrəb artıq 200-ün üzərində idi. İşıqforun qırmızı işığında keçməsinin ardından, yolun sol istiqamətindən sürətlə gələn avtomobil onu vuraraq xeyli kənara atdı. Zərbənin təsirindən anında huşunu itirən Mörfi, gözlərini açdığında başının üzərində dostu Mauris var idi. Bir qədər özünə gəlib ətrafına nəzər yetirdikdə xəstəxanada olduğunun fərqinə vardı. Qoluna sistem taxılmışdı və ağzında oksigen maskası var idi. Otaqda Maurisdən başqa heç kimin olmaması, Mörfiyə vəziyyətin nə yerdə olduğunu açıq aydın ifadə etmişdi. Mobil telefonu gödəkcəsinin iç cibində olduğundan, demək olar ki heç bir zədə almamışdı. Mauris, Mörfinin durmadan zəng və mesaj gələn telefonunu ona tərəf tutdu. Bu nömrəni bir tək Klara bilirdi. Ondan başqa heç kim ola bilməzdi. Mörfi Klaranın ona yenidən zəng etməsinə bir anlıq sevinsə də, Maurisin, onun başının üzərində nə üçün dikildiyini xatırlayıb, köks ötürdü. Ağzındakı oksigen maskasını çıxardı. Telefonun ekranına baxdığında Klaradan gələn mesajları görən Mörfi, kədərlənib, istəmsizcə göz yaşları tökməyə başlamışdı. Mauris isə Klaradan gələn mesajları oxuması üçün telefonu ona tərəf tutmuşdu.
Səni dinləmədən dediyim hər sözə görə peşmanam... Bəlkə də deyəcəyin ən xırda bir söz belə bizi uçurumun kənarından alıb apara bilərdi. Sənə ehtiyacım var. Cəhənnəmdən gələn adam, sənin hərəkətlərindəki cənnətə aşiqəm... Geri gəl...
Göz yaşlarına hakim ola bilməyən Mörfi, Maurisin də eyni hislər keçirdiyini gördü.
- Məni etmək istəmədiyim işgəncəylə baş-başa buraxdın, dostum... - Mauris çarəsizcə Mörfinin gözlərinə baxırdı. Peşəsinin öhdəliyi, onu istəmədiyi bir işi görməyə sövq etmişdi.
Mörfi özünü bir qədər toparlayıb, dərindən nəfəs aldı. Aldığı xəsarət Mörfinin o tərəf bu tərəfə çevrilməsinə əngəl yaradırdı.
- Səndən son dəfə bir şey etməni istəyəcəm. - Mörfi soyuqqanlı bir şəkildə dedi. Maurisin gözləri dolmuşdu. Başını yuxarı-aşağı yelləyib, razılıq verərkən gözlərindən süzülən yaşları əliylə təmizlədi.
- Moonlight Sonatanı dinləmək istəyirəm.
Axan göz yaşlarını bu dəfə qol bükümüylə silən Mauris, dostunun arzusunu yerinə yetirmişdi. Xəstəxana otağına Moonlight Sonatanın qəmgin sədaları yayılmışdı..
- Sevgi öldürür Mörfi.. Bunu mənə sən demişdin.. - Mauris, çarəsizcə az öncə edəcəyi şey üçün ağlamağa başlamışdı.
Mörfi, qəmgin melodiyanın sədaları altında gülümsəməyi bacarmışdı.
- Qatil kimi yaşadıq Mörfi... Bu bizim seçimimiz idi.. Qatil kimi də öləcəyik...
Mörfi çətinliklə də olsa başını bir qədər yuxarı qaldırıb:
- Mən insanların qatiliyəm, Mauris. Hislərimin yox...
Mauris üçün hər nə qədər çətin olsa da, cibindən çıxardığı iynənin ucluğunu Mörfinin qoluna taxılı olan sistemin borusuna keçirib, içindəki zəhəri boşaltmalı idi..
" Ömrümün sonuna gəldiyim üçünmü bu qədər gərgin idim, yoxsa nəfəs almaqda olduğum son dəqiqələrimə Klarayla birlikdə girə bilmədiyim üçünmü... zəhərin vücuduma təmas etdiyinin fərqinə vara bilirdim. O iynə ki, içindəki zəhərlər vücudumu çürütmüş, məni məhv etməyi bacarmışdı. Ölümün amansız qolları mənim yaşamaq üçün hayqıran vücudumu ələ keçirmişdi. Amma həyatım boyu yaşadığım ən möhtəşəm duyğularla dolub daşan qəlbimi ona təslim etməyəcəkdim... "
SON
ŞİMDİ OKUDUĞUN
MUZDLU QATİL
Mystery / ThrillerTünd qəhvə hazırlayın, playlistinizdə Beethovenin "Moonlight" Sonatasını seçin və oxumağa başlayın. Əmin olun, qəhvəniz soyumadan bir nəfəsə oxuyub bitirəcəyiniz bir hekayə var qarşınızda. Cəhənnəmdən gəlib, sevdiklərinə cənnəti yaşadan insanın heka...