1.2 Qəzəblilər

60 15 13
                                    

Avark balaca əlləri ilə masadan tutub qalxaraq üzərində oturdu və yenidən gülümsəyərək danışmağa başladı:


-Bizim bu dünyada heç kim ölmür, heç kim də doğulmur. Yəni mən səni, hətta sizin dünyanın bütün sivilizasiyaların belə görmüşəm. Əvvəl bura qılıncla gələn insanlar bir müddət sonra tüfənglə gəlməyə başladılar. Burada sizin dünyadakı kimi sevişmə, cinsi əlaqə də yoxdur. Bunu ömrümüz boyu bir dəfə edirik və uşaqlar da həmin ilk cinsi əlaqədən yaranır. Bizim yaradılma məqsədimiz sizin dünyanızla digər dünyalar arasında tarazlığı saxlamaqdır. Bizə avarklar deyirlər , - Varlıq dayanmadan danışır, Rəşid isə artıq çaşqınlıqdan ziyadə maraqla qulaq asırdı. - Bura gələndə heyvan səsi eşitmisən?


-Bəli, eşitdim. Hətta çox nəhəng idi deyəsən.


-Bax bu pis oldu. Burada heyvan yoxdur, cavan oğlan.


Rəşid tok vurmuş kimi geri çəkildi. Artıq nəsə deyə bilmirdi. Onsuz da bura ayaq basdığı ilk dəqiqələrdən çox şey qaydasında deyildi. Ona görə də bu qoca avarkın izahını gözləyirdi.


Avark davam elədi:


-Burada heyvan yoxdur, o nərildəyən isə bir zamanlar ailəsini qılıncdan keçirən insanları axtaran avarklardan biridir. Yəqin ki, sənin də gəlişini hiss edib.


-Bu avarklar yəni sizlər kimlərsiz? Rəşid stuldan ayağa qalxıb yerdə bardaş qurub oturdu. Bu halda varlığa daha yaxın olurdu. Daha yaxşı eşidirdi.


-Cavan oğlan, fikrin məndə deyil deyəsən. Biz tarazlığı qorumaq üçün yaradılmış irqik. Sadəcə sizin insanlardan tamam fərqliyik. Bir çox irqləri var. Sizdən metrlərcə böyük qiqantlar, cücələr, cin adlandırılıb hisdən yaranan görünməzlər. Hər biri fərqli dünyalardadı və bütün dünyaların G nöqtəsində isə biz varıq.


-Burada hər kəsin boyu belə balacadı?


-Hər kəsin, sadəcə qəzəblilərdən başqa.


-Qəzəblilər? Rəşid bütün bunları yadında saxlamağın mümkünsüzlüyünü başa düşsə də, suallarını yağdırmaqdan çəkinmirdi.


-Qəzəblilər adlandırdığımız bayaq nəriltisin eşidib heyvan sandığın qəbilədir. Bu dünyaya keçən hansısa irq buradan kiməsə zərər verərsə həmin ailə bir müddət sonra qəzəbliyə çevrilib ona zərər verənləri axtarır. Fərqi yoxdur, o irqdən olsa belə kifayətdir. Qisasını aldıqdan sonra andına uyğun olaraq yenidən normal həyatına qayıdır.


-Bəs onların görünüşü necədir?


-Qiqant görmüsən? Qoca avark stoldan düşüb daxmanın küncünə tərəf gedərkən soruşdu. Daxmanın küncündə sandığa oxşar, ağacdan hazırlanma nəsə vardı. Avark onu açıb içindən eskizləri çıxardı. Sualın cavabını gözləmədən davam elədi:


-Bax, belə olurlar əsasən.


Rəşid eskizi avarkın əlindən alıb baxdı. Gördüyü şey düşündüyündən tamam fərqli idi. Qəzəblilər iki metr boyunda qanadlı, boyun fəqərələri çıxıq və yırtıcı heyvan kimi caynaqları , indi gördüyü irqlə bağlılığı təkcə gözü olan varlıqlar idilər.


-Yəqin ki, bunlara görsənmədən qayıtmalıyam?!


-Bəli, amma mən sənə qayıtmaqda kömək edəcəm.


-Yaxşı, bəs sizə necə güvənə bilərəm?


-Başqa çıxış yolun varmı?


Rəşid artıq dalana rast gəldiyini bilirdi və dalandasansa bircə çıxış yolun var: arxaya dönüb addımlamaq. Bütün bunlara baxmayaraq hər şey aydın olmadan da harasa getmək istəmirdi.

GÜZGÜHikayelerin yaşadığı yer. Şimdi keşfedin