-Təxminən nə qədər?
-Müalicəsiz ancaq iki ay. Əməliyyat mümkün deyil. Bu bədxassəli şişdir, həm də çox təhlükəli yerdə, əməliyyatın uğursuz keçmə şansı 70%-dir. İşdir, əgər əməliyyat uğursuz keçərsə, iflic ola, hətta da ölə bilərsiniz.
Azad kədərli-kədərli gülümsədi:
-Əməliyyata girməyəcəyəm, başqa müalicə üsulu varsa, onu deyin.
-Müalicə üsulu var əlbəttə. Ancaq tam sağalma vermir. Ömrünüzü bir-neçə il daha uzadar ancaq, bir də ki...Ağrılar, baş gicəllənməsi, qusma, huşunu itirmə, xəyal görmə kimi təsirlər var. Hamısı olmasa da, bir-neçəsi baş verəcək, yəni hazırlıqlı olun deyə dedim.
-Həkim, mən müalicə-zad da istəmirəm. Onsuz da pul çatdırmayacağam, sadəcə ağrılar üçün nəsə verin mənə.
-Əminsiniz?- həkim təəccüblü və narahat görünürdü.
-Hə, əminəm.Mənə heç nə lazım deyil, sadəcə ağrıkəsicilər.
-Ailəniz, yaxınlarınız?
-Heç kimim yoxdur mənim.Siz mən deyəni edin sadəcə.
Həkim vərəq çıxarıb, ağrıkəsicilərin siyahısını yazdı. Azad vərəqi alıb köks ötürdü, sonra da sağollaşıb xəstəxanadan çıxdı.
Gəzə-gəzə gəlib dəniz kənarına çatmışdı.Yol boyunca başı haqqında düşünürdü. Beyin xərçənginin sadəcə bir şiş olduğunu bilirdi, bu haqda internetdə oxumuşdu.Xüsusilə də, 9 yaşdan kiçik və 55 yaşdan böyük insanlarda, çox vaxtda kişilərdə yarandığını bilirdi.Amma onun hələ 30 yaşı olmamışdı, özündə belə bir xəstəliyin yarana biləcəyi heç ağlına da gəlməzdi. Uzun müddətli baş ağrıları, ürək bulanmaları və arabir huşunu itirmələr baş verdiyi vaxtlar bunun sadəcə havadan, ya da uzun müddət ac qalmaqdan olduğunu düşünürdü.Keçən gün həkimə getdiyində isə, hər şeyi öz qulaqları ilə eşitdi; xərçəng xəstəsi idi, özü də uzun müddətdir.Artıq sağalmaq şansı belə azdır, nə qədər öləcəyinə inanmasa da.Bu gün isə, artıq qərar vermişdi; həyatdan gözləyəcəyi böyük bir şey yoxdur, ola bilər ki, sadəcə bir albom daha çıxarsın.Ondan sonra isə ölməyə də razı idi.
Axşamın alaqaranlığında dəniz kənarı bom-boş idi.Mart gəlməsinə baxmayaraq, qış hələ soyuq əlini şəhərin yaxasından çəkmirdi.Dənizdən soyuq külək əsirdi, Azad isə üşümək bilmirdi, canı sağlam, ağlı yerində idi, heç xəstəyə bənzəmirdi.Ancaq fikir çəkməkdən üzülmüşdü, aylardır kədər içində yaşayırdı, ailəsi yox idi, sadəcə iki-üç dostu qalmışdı bu dünyada.Onlar da studiya dostları idi, bir də Bahar vardı, o da studiyadan idi.Həm skripkaçı, həm menecer, həm katibə işləyirdi.Azad müğənni idi, 23 yaşından bəri oxuyurdu.Kolleci bitirmiş, gitar və piano çalmağı bacarırdı.Bundan əlavə 4 albom çıxartmışdı, mahnıların çoxunun musiqisini özü bəstələmişdi, həm də şair idi, mahnılarına özü söz yazırdı.Studiya dostları ilə kifayət qədər gözəl işlər bacarmış, böyük auditoriya dəstəyi qazanmışdı. Bir çox şəhərlərdə konsert vermişdi.Yaxşı həyatı vardı onun, amma sonra ailəsini itirdi.Artıq iki ildir ki, albom çıxartmır, musiqi bəstələmir, konsert vermir.Onun həyatı iki il qabaq sonlanardı, əgər dostları olmasa idi.Ancaq indi onsuz da həyatı bitmək üzərədir, o isə bu həyatdan boş-boşuna getmək istəmirdi.Bəli, son albomunu çıxartmalı idi, pərəstişkarlarını son dəfə sevindirməli idi, dostları ilə son dəfə iş görməli idi.
Gəzərək yorğun düşmüşdü, dəniz kənarında skamyaya oturdu.Soyuq hava üzünə vururdu, saçlarını qamçılayırdı.Beyninə yeni fikirlərin dolduğunu hiss etdi: yeni melodiyalar. Piano və ksilefon səsləri ilə möhtəşəm və heç bir yerdə istifadə edilməmiş notlar sistemi.Günəşin batış anını, yavaş-yavaş ətrafı bürüyən alaqaranlığın rəngini xəyal etdi.Həyatında ilk dəfə yazacağı mahnının adını əvvəlcədən bilirdi: “Süd rəngli alaqaranlıq”. Qəribə ad idi, amma yazacağı nəğməyə də tamamilə uyğun idi.Cibindən dəftərçəsini çıxararaq yazmağa başladı.Bu sevgi haqqında mahnı olacaqdı, ayrılıq kədərinin və özləminin təbiətdə əksi haqda.Tənha ulduzlar, insanı titrədən soyuq hava, günəş batımında səmada bir-birini əvəz edən rənglər, yuxusuzluq problemləri...Yuxusuzluq problemi tam onluq idi, özündə də uşaqlıqdan insomnia-yuxusuzluq xəstəliyi vardı.Bəlkə də elə uşaqlıqdan xəstəliklərə məhkum idi.Yazdıqca bədəni rahatlaşırdı, göz qapaqları ağırlaşırdı, iki gündür yata bilmirdi, ancaq indi yuxusu gəlirdi.Dəniz dalğalanır, sahili ələ keçirirdi, sular ayaqlarına qədər yaxınlaşırdı.İlıq suyu ayaqqabılarının altından da hiss edə bilirdi.Külək daha da güclənirdi, əlindəki vərəqlərdən biri təsadüfən küləyə qapılıb gedəcəkdi.Amma o, tam vaxtında vərəqi havada yaxaladı, möhkəmcə qucaqlayıb sinəsinə sıxdı təzə mahnısının sözlərini.Yuxusuzluq ona güc gəldi, skamyaya uzandı.Soyuqdan titrəyirdi, bir-neçə dəqiqəyə də huşunu itirdi.
YOU ARE READING
Ümidlər və qorxular
General FictionŞöhrət və uğuru gənc yaşlarında yaxalamış, lakin dəhşətli xəstəlikdən qaça bilməmiş başarılı sənətkar dostlarının köməyi ilə öz qorxularına qalib gəlməyə və yaşamaq ümidini qorumağa çalışaraq, böyük məqsədini gerçəkləşdirməyə doğru yola çıxır. Qeyd:...