Səhər açıldı.Göy üzündə bircə bulud belə yox idi.Saat yeddidə Azad studiyada səhər yeməyi hazırladı, yeyib qurtaranadək dostları da yavaş-yavaş yığışdılar.Bu dəfə Bahar da gəlmişdi; qısa və şokolad rəngli saçları səliqə ilə daranmışdı, üstündə həmişəki iş paltarı vardı; ağappaq köynək və qara şalvar.Onun bu cür geyinməsi həmişə Azadın xoşuna gəlmişdi; səliqəli, işgüzar və gözəl görünürdü.Baharın xasiyyəti də geyimi kimi gözəl idi.Xoş təbiəti, gülər üzü ilə ətrafındakıların rəğbətini tez qazanırdı.Bacarıqlı olması, güclü, ayıq və dinamik xarakteri Azadın tənbəl və ağlı havada olmasından kəskin şəkildə fərqlənirdi.Əslində studiyanın və Azadın çox işlərini Bahar görərdi.Heç kim də bundan şikayət etməzdi.Və səhər-səhər onun gül kimi açılan üzünü gördükdə Azadın içinə yeni bir enerji və yaşama həvəsi doldu.Birgə işə başladılar və günortaya qədər işlədilər.Azad gecə yazdığı mahnıya “Yox oluş” adını vermişdi. Bahar musiqi ilə tanış olduqdan sonra skripkasını da götürüb məşq etməyə başladı.Ya uzun zaman skripka çalmaqdan, ya da idman etməkdən olsa gərək, qızın qol əzələləri möhkəmlənmişdi.Qrupda olan hamı ilə qol güləşinə girmişdi, çətinliklə də olsa sonda hamı onu məğlub etməyi bacarmışdı,bircə Azad ona qalib gələ bilməmişdi. Baxmayaraq ki, Bahar bunun Azadın gücsüzlüyündən irəli gəldiyini düşünmürdü.
Günortadan sonra Aydın balaca qızını məktəbdən alıb oğlu ilə də birgə studiyaya gətirdi. Birlikdə hər cür musiqi alətində çalıb mahnı oxudular. Azad uşaqlarla birgə keçirdiyi 3-4 əsrarəngiz saatı yaddaşına və eləcə də mahnılarına həkk etdirmək istəyirdi.Dünyada hər şey kirlənsə, yox olsa belə, uşaqlar qədər saf, gözəl şeylərə heç bir xətər gəlməməlidir, uşaqlar sevinməli və əylənməlidir deyə düşünürdü Azad. Elə oradaca pianoda musiqi bəstələdi, uşaqlarla gələcək mahnısının nəqəratını oxudu. Sonradan bu mahnı “Uşaqlar” adını aldı. Ritmli zərb alətləri və gitar mahnıya sonradan qrupun digər üzvləri tərəfindən daxil edildi. Beləcə bir həftəyə artıq 4 mahnının yazımı başa çatdı.
Axşam saat səkkiz idi, günəş təzəcə batmışdı.Studiyadakı hər kəs öz ev-eşiyinə getmişdi, bircə Azaddan başqa.Artıq bir müddətdir ki, evinə getmirdi, odur ki, evi satmağı fikirləşirdi.Onsuz da, təxminən iki aya o evdə heç kəs yaşamayacaqdı.Satıb pulu ilə nə isə başqa bir şey ala bilər və ya pulu hansısa bir yerə bağışlaya bilərdi.Bu düşüncələr içində oturmuşdu.Əlində kitab vardı, amma boş-boş baxan gözləri kitabdakı cümlələrdən bir şey anlamırdı.Ona görə yox ki, oxumağı bilmirdi, sadəcə arabir fikrinin daldığı vaxtlar olurdu və o çox vaxt kitab qabağında fikirləşirdi. Son üç gün ərzində bircə dəqiqə belə yata bilməmişdi, günlərdir gecələrini oxumaqla və düşünməklə keçirirdi.Bu gecədən də ümidli deyildi. Dünən başladığı kitabın axırına çatmışdı artıq, çox da həyəcanlı və maraqlı idi.Ancaq kitabdakı həyəcanla birgə onun həyəcanı da artırdı sanki.Özü də başa düşmürdü niyə, odur ki, kitabı əlindən yerə qoydu.Oturduğu yerdən arxaya söykəndi.Ürəyi sürətlə döyünürdü, tərlədiyini hiss edirdi.Dərin-dərin nəfəs alıb-verməyə başladı, amma sakitləşə bilmirdi.İçini qəribə və səbəbsiz qorxu bürümüşdü: təkbaşına qalmışdı. Vəziyyətini fikirləşdikcə qorxusu daha da böyüyürdü; xərçəng xəstəsi idi, həkim iki ay vaxt vermişdi, ağrılar başlaya bilərdi və başlasa dərmanlar ona kömək olmaya da bilərdi, üstəlik yalnız qalmışdı, hər kəs evində idi.Əgər işdi indi buradaca halı pisləşsə, ona kömək edən tapılmayacaqdı, burda ölə bilərdi, yalqız və əzab içində.
STAI LEGGENDO
Ümidlər və qorxular
Narrativa generaleŞöhrət və uğuru gənc yaşlarında yaxalamış, lakin dəhşətli xəstəlikdən qaça bilməmiş başarılı sənətkar dostlarının köməyi ilə öz qorxularına qalib gəlməyə və yaşamaq ümidini qorumağa çalışaraq, böyük məqsədini gerçəkləşdirməyə doğru yola çıxır. Qeyd:...