Ela bu an diksinərək oyandı. Gördüklərinin yuxu olduğuna bütün qəlbi ilə şükür etdi. Saata baxdı; ona beş dəqiqə qalırdı. Bir azdan uşaqlar gələcəkdilər. Tez ayağa qalxdı və üz-gözünü yudu. Geyinib hazır oldu və özü üçün səhər yeməyi hazırladı. Bir azdan qapı açıldı, Aydın göründü. Ardınca Bahar və digərləri gəldi.
-Sabahın xeyir,-Bahar dağılmış yatağa baxdı,-yata bildin?-deyə sevinclə soruşdu.
-Hə, özü də doqquz saata yaxın.
-Sənin adına çox sevindim. Yaxşıca işləyə bilərik bu gün.
-Hə, əlbəttə, çoxluca işimiz var onsuz da, gecə üç mahnı sözü hazır etmişəm, musiqiləri də təxminən hazır sayılar, üstündə işləmək lazımdır,- Azad danışa-danışa stolun üstünü yığırdı, Bahar da ona kömək etmək üçün irəli çıxdı. Bu arada Aydın da stolun üstündəkiləri mədəsinə yığırdı.
-Səhər yemək yeməmisən?- Bahar gülərək soruşdu.
-Nə bilim e, tez-tələsik evdən çıxdım.
Stolun üstünü təmizlədikdən sonra Azad yazdığı vərəqləri stolun üstünə sərdi, digərləri də bircə-bircə bunlarla tanış olduqdan sonra işə başladılar. Aydın keçən dəfə gitarda bəstələdiyi musiqini bir daha məşq etdi, Azad da yazdığı “Kosmonavt”ı oxumağa başladı. Sonradan mahnıya ritm də əlavə etdilər və günortaya qədər mahnını bitirdilər. Bircə onun mükəmməl şəkildə yazılışı qalmışdı, onu da günorta dincəlib sonra başlamağı qərara aldılar. Günorta yeməyi yedilər. Yeməkdən sonra Azad çay dəmlədi və birgə içməyə oturdular.
Azad Baharın yanında oturmuşdu, nədənsə Baharın kefsiz olduğunu düşünürdü. Nə baş verdiyini soruşmağa qərar verdi:
-Sən bu gün bir az fikirli görünürsən, nə isə çətinliyin var?
-Yox, o qədər də böyük şey deyil,- Bahar gülümsəməyə çalışdı,- sadəcə gecə pis yuxu görmüşəm.
-Nə haqqında?- Azad bunu soruşarkən özünün də yuxu gördüyünü xatırladı.
-Sənin haqqında. Bilirəm, əslində axmaq bir şey idi, heç fikirləşməyə dəyməz.
-Nə görmüsən axı? Məncə içində saxlama, danış.
Bahar köks ötürdü, Azadın üzünə baxdı, görünür deyib-deməmək haqqında qərarsız qalmışdı:
-Cənazə mərasimi gördüm...sənin öldüyünü...çox pis yuxu idi, ayılandan sonra bir daha yata bilmədim.
Azad gülməyə çalışdı,halbuki, heyrətə düşmüşdü. İki şəxsin az qala eyni yuxunu görməsi, özü də eyni vaxtda, nə mənaya gəlirdi? Həmin yuxunun çin çıxacağı? Yox, əlbəttə ki, yox, bu axmaq fikir idi.
-Hə, əslində gülməlidir,-Azad vəziyyətdən çıxmağa çalışdı,- bilirsən də, deyirlər yuxuda birinin öldüyünü görsən, onun ömrünü uzatmış olarsan. Deməli hələ çox yaşayacağam,- gülümsəyərək əlavə etdi.
-Amma bu çox,- görünür fikrini ifadə etmək üçün söz tapmırdı,-həqiqiyə oxşayırdı,yəni demək istəyirəm ki, bunu hiss etdim,-gözləri dolmuşdu, çayından bir qurtum içdi, dərindən nəfəs aldı.
-Narahat olma, söz verirəm, hələ ölməyəcəyəm,- Azad gülərək dedi,ancaq dediyi yalana nifrət etdi, bununla belə heç olmasa Baharı xoşbəxt görmək istəyirdi, onun gülümsər üzünə baxaraq güc tapırdı. Bahar özünü topladıqdan sonra yenidən iş başına keçdilər, bu dəfə axşama qədər işləyərək həm “Kosmonavt”ı yazdırdılar, həm də “Sonu gözləmək” adlı mahnının musiqisini məşq etdilər. Hamı bu mahnının musiqisinin mürəkkəb, bununla bərabər özünəməxsus olduğu ilə razılaşdı. Məşqləri sabahkı gün davam etdirəcəklərini qərara alıb evlərinə yollandılar. Bircə Bahar qalmışdı. Skripkasını da götürüb Azadın yanına gəldi.
-Bunu dünənki yuxudan sonra oyaq qaldığım müddətdə bəstələmişəm, bax gör necədir?
Skripkanı qaldırıb musiqiyə başladı; axıcı və kədərli bir melodiya Azadın qulaqlarını doldurdu. Musiqi ona yuxusunu xatırlatdı. Çox güman ki, Bahar da gördüyü yuxudan təsirlənmişdi bu musiqini bəstələrkən. Ancaq bu musiqidə bir şey daha vardı, onu tamamilə qəm dəryasın batmağa qoymayan, hətta bəlkə də qəm dəryasından çəkib çıxaran bir şey: ümid. Bu musiqi ona ümidi xatırladırdı, olanlara baxmayaraq hər zaman var olan ümidi. Bu musiqi sevgi ilə bəstələnmişdi, Baharın musiqiyə ürəyini qoyduğunu, hisslərini burada təsvir etdiyini Azad gözəlcə başa düşürdü. Elə buna görə də musiqi mükəmməl alınmışdı, bunu Bahar bəstələmişdi, buna görə də xüsusi idi.
Bütün bunları Azad Bahara söylədi, hiss etdiyi hər şeyi. Hətta bu musiqiyə söz yazacağına da söz verdi. Ağlında bir ideyası vardı, onu reallaşdırmaq əla olardı. Bahar sağollaşıb evinə getdikdən sonra, Azad musiqini bir daha düşündü, pianoda təkrar etdi, daha sonra sözləri yazmağa başladı. Tam aydın şəkildə olmasa da, üstüörtülü şəkildə gördüyü yuxunu təsvir etdi mahnının sözlərində. İçinə sevgi haqda da bir neçə şey qatdı. Beləliklə iki insanın yuxularından ilhamlanan mahnı hazır oldu; özəl və heyrətamiz.
ESTÁS LEYENDO
Ümidlər və qorxular
Ficción GeneralŞöhrət və uğuru gənc yaşlarında yaxalamış, lakin dəhşətli xəstəlikdən qaça bilməmiş başarılı sənətkar dostlarının köməyi ilə öz qorxularına qalib gəlməyə və yaşamaq ümidini qorumağa çalışaraq, böyük məqsədini gerçəkləşdirməyə doğru yola çıxır. Qeyd:...