Otaqda oturub birlikdə çay içirdilər, Bahar bütün məlumatları çapdan çıxarmış və şagirdlərə dərs öyrədən müəllim kimi onları Azada diqqətlə oxuyurdu:
-Belə, albom satışlarında işlər ümid etdiyimizdən daha yaxşı gedir. Bu günə qədər satdıqlarından daha artıq albom satmısan. Birdən-birə çıxan albom hamının marağına səbəb olub. Hətta bir-iki xarici ölkəyə də satılan var. Bu yaxşı xəbərlərdəndir. Digər yaxşı xəbər isə, mahnılarının həddindən artıq çox sevilməsidir. Bəzi pərəstişkarların mahnılardan bir-neçəsinə video hazırlayıb və müxtəlif səhifələrə yerləşdiriblər. Bir də ki, sənə təkliflər gəlib, mahnılarına klip çəkdirməklə bağlı.
-Bunlar üçün hələ tezdir, klip çəkdirməklə o qədər də aram yoxdur.
-Amma mahnılarının daha geniş sahəyə yayılmasını istəyirsənsə, buna məcbursan. Aha, bir maraqlı xəbər daha! Artıq üç-dörd mahnını radiolarda da səsləndiriblər. Çox böyük uğur qazanmısan.
-Qazanmışıq,-Azad Baharın sözlərini düzəltdi,- bəs bizim duetlə bağlı xəbər yoxdur?
-Var, əslində,- Baharın yanaqları allandı,- səsimi çox bəyəniblər, hətta bir yerdə yazılıb: ” Sizdən daha çox duet gözləyirik”.
-Əlbəttə ki, bəyənəcəkdilər, daha çox duet yazdıracağıq,- Azad bunu avtomatik dedi, bir an belə xəstəliyi haqda düşünmədi.
Bahar çayından içib boğazını yaşladı, arxaya söykənib ciddi görkəm aldı.
-İndi isə keçək pis xəbərlərə...
-Pis xəbər? Nə haqda? Demə ki, tənqidçilər...
-Tam üstünə basdın. Tənqidçilər o qədər də pozitiv deyillər. Əlbəttə, haqsızlıq etməyək, bəziləri albomun uğurunu ürəkdən alqışlayır, ancaq problem albomda deyil, mahnılardadır...
-Yaxşı, hazıram, de gəlsin,-Azad kinayə ilə dedi.
-Hə, gəl başlayaq albomun sonuncu mahnısından. “Saatlar”ın sözləri müxtəlif yerlərə yozulur, xüsusilə sənə xəbərdarlıq etdiyim kimi, dini məsələlərə. Çoxları sənin ateist olub-olmamağın üstündə az qala qumar oynayacaq.
-Bu nə axmaq sözdür, əlbəttə ki, mən ateist deyiləm,- Azad əsəbi halda dilləndi.
-Mənə bax, qışqırmağa ehtiyac yoxdur, bunlar ki, həmişə baş verən şeylərdir. İşlər çox dərinə getsə, bir açıqlama verərsən, olub bitər,- Bahar eyni dərəcədə təmkinlə cavab verdi.
-Yaxşı, bağışla, davam elə, getdikcə maraqlı olur.
-“Yuxulu”ya gəldikdə. İnsanları intihara cəlb etdiyi söylənilir.
-Yox bir,- Azad durub bir qədər fikirləşdi, həqiqətən də bu mahnını yazarkən olduğu vəziyyətə baxılırsa, mahnını yazarkən açıq-aydın intiharı düşündüyü doğru idi. Amma insanların bunu başa düşə biləcəyini fikirləşməmişdi. Deməli insanların, musiqini anlamayacaq qədər axmaq olduğunu düşünmək elə özü bir axmaqlıq idi.
-Xüsusilə də “Oyatma məni səhər,artıq getmiş olacam” tipli sözlərin bunu açıq-aydın ifadə edir.
-Bəlkə də sadəcə ölümü düşünmüşəm, intiharı yox.
-Bilmirəm nə düşünmüsən, ancaq bəziləri belə yozub, fikir versən bəziləri dedim, hamı yox.
-Yaxşı, davam et.
- Bəzi mahnıların sözlərində də narkotik aludəçiliyinin izləri görünür deyiblər. Amma bu tamamilə əsassızdır, sənin narkotikdən istifadə etmədiyin aydındır.
Azad xəcalət çəkdi. Bahara heç bir şey danışmamışdı, sakitləşdiricilərə aludəçiliyindən heç kəsə bəhs etməmişdi. Amma gəl gör ki, yenə öz sirrlərini mahnılarında əks etdirmişdi. Bunu düşündükcə dəhşətə düşürdü, tez bir zamanda sakitləşdiricilərdən əl çəkməli idi. Bəlkə də başı bir o qədər də ağrımırdı, tədricən dərmanları azaltmaq vaxtı idi.
-Əlbəttə, insanlar mahnıları necə istəyirlərsə, elə də yozurlar. Hər kəs dünyanı və insanları görmək istədikləri kimi görürlər. Nə isə, elə bu qədər?
- Hələ bir neçə şey daha var. Musiqilərinlə bağlı.
-Onlarda nə tapıblar?
- Bəzi mahnıların musiqilərinin aludəçilik yaratdığını iddia edirlər. Məsələn; “Kabus” və “Xüsusi” adlı mahnıların. Deyilənə görə, mahnı insanı özünə elə cəlb edir ki, onu yarıda kəsmək, ya da dinləyərkən bədəni sabit tutmaq mümkün deyil. Bundan başqa “Müqavimət” və “Sonu gözləmək”in musiqisində sadəcə qulaqlıqlarla eşidilən gizli səslər olduğu söylənilir. Deyilənlərə görə sən musiqilərində şüuraltı mesajlardan istifadə edirsən.
-Bu əvvəlkilərdən də axmaq iddialardır. Deyəsən işləri-gücləri yoxdur bunların, hər cür vəziyyətdə mənə böhtanlar yağdırırlar.
-Amma bunlar lap dərinliklərdə qalmış fikirlərdir. Yəni çox insan heç bunlara fikir vermir.
-Ümid edirəm,- Azad bezikmiş halda dilləndi. Bu şüuraltı mesaj məsələləri də təzəlikcə çıxmışdı, artıq hər yerdə, hətta musiqi və mahnı sözlərində də bu cür mesajların istifadə olunduğu iddia edilirdi. Azad belə şeylərə baş qoşmurdu, ancaq özünün də belə işlərə zorla qarışdırılması xoşuna gəlmir, onu narahat edirdi.
-Bir çox mahnıların, xüsusi ilə “Kosmonavt” və “Yox oluş” yeniyetmələri çılğına çevirib. Amma gözlə, indi isə daha vacib xəbər,- Bahar üzündə gülümsəmə ilə davam etdi,- sənin yay konsertlərinə gəlməyinlə bağlı böyük istək dalğası var. Mənim fikrimcə də, qrup olaraq bərabər bu cür konsertlərə qatılmağımız albomun tanıtımı üçün möhtəşəm olar.
ESTÁS LEYENDO
Ümidlər və qorxular
Ficción GeneralŞöhrət və uğuru gənc yaşlarında yaxalamış, lakin dəhşətli xəstəlikdən qaça bilməmiş başarılı sənətkar dostlarının köməyi ilə öz qorxularına qalib gəlməyə və yaşamaq ümidini qorumağa çalışaraq, böyük məqsədini gerçəkləşdirməyə doğru yola çıxır. Qeyd:...