- Bu ki, fantastikadır, həkim! - polkovnik Əkbər Cabbarov xəfiyyənin Niziyevlər malikanəsinə gəldiyi günün sabahı ekspertlərlə birlikdə ordan çıxaraq şöbəyə qayıtmış, bir sıra protokolları yerinə yetirmişdi. Bütün işlərini tamamladıqdan sonra ofisindəki kresloya yerləşib həyəcanla nəticəni gözləməyə başlamışdı. Dünən gecə xəfiyyə oraya çatdıqdan sonra ağıllıca bir qərar verərək qardaşların paltarlarını dəyişməsini istəmişdi və onları etiketləmişdi. Sarı köynək geyənə "əkiz A", boz köynək geyənə isə "əkiz B" adını vermişdi. Beləliklə artıq gözlər hər daim onların üzərində olacağı üçün bir daha bənzərliklərindən istifadə edə bilməyəcəkdilər. Və budur, zəng gəlmişdi. Polkovnik telefonu dərhal qulağına aparıb həkimin dediklərini dinləmişdi. Qan qrupları eynidir, barmaq izləri ayırd edilə bilməyəcək qədər eynidir, hətta DNT-ləri, DNT-ləri belə...
- Bu dediklərinizin fantastika olduğunun fərqindəsiniz, həkim? - polkovnikin səsindəki qəzəb cümləni təkrar etdikdə daha açıq-aşkar şəkildə idi.
Həkimin səsi utanırmış kimi nazik bir tonda çıxırdı:
- Dediklərimin mənasız olduqlarının əlbəttə fərqindəyəm, polkovnik. Amma... amma onlar da Niziyevlər ailəsidir. Bəzilərinə görə, onlar vampirdirlər, ya da başqa dünyadan gəlmədirlər. Yəni əslində...
- Bir də özünüzə elm adamı, doktor deyirsiniz. Ayıbdır, a kişi. Bu nə uşaq-uşaq sözlərdir?
- Polkovnik, hazırda elm bu iki qardaşın bənzərliyi qarşısında aciz qalıb. Bütün bu əməliyyat bitdikdən sonra onları mənim yanıma göndərin. Onların üzərində tədqiqat aparmaq istəyərəm. Bu nadir bir tapıntıdır, tarixdə bir bənzəri daha yoxdur.
- Həkim, mənə nağıl danışma. Aralarındakı fərqi tap və bizə bildir. - qəzəbli polkovnik dəstəyi yerə qoydu. Ona bu məsələnin elmi tərəfləri heç də maraqlı deyildi. O sadəcə qardaşlardan hansının qatil olduğunu öyrənmək istəyirdi. Buna polis perspektivindən baxmaq da deyilə bilərdi. Əslindəysə polkovnikin səbəbləri daha dərin və daha şəxsi idi. O, bu əzabdan qurtulmaq istəyirdi, içindəki heyranlıq və iyrənmə hissləri bir-biri ilə mübarizə aparırdı. Hissləri onu parçalayırdı. Artıq o malikanəyə geri dönmək istəyi tamamilə yox olmuşdu.
Polkovnik həkim ilə danışdığı anlarda xəfiyyə Xalid İmanı qardaşlar ilə söhbət üçün hər kəsi qonaq otaqlarından birinə toplamışdı. Hüquqşunas Həsən Kərimli yan-yana oturan qardaşlara dadanmış bir cin kimi onların arxasında ayaq üstə dayanmışdı. Nazilə xanımın bütün gecə yatmadığı gözlərindən bəlli idi. Ailə başçısı Nizami Niziyev və psixoloji problemləri olan cavan qız Nəzrin Niziyeva ortalıqda görünmürdü. Xəfiyyənin qızı Xəyalə otağın bir küncündə oturaraq gözlərini bir an belə qırpmadan qardaşları müşahidə etməyə davam edirdi. Müstəntiq Konan Hill isə masanın başında oturmuşdu, o ortalama hər 3 dəqiqədə 1 dəfə asqırır, 17 dəfə burnunu çəkir, 6 dəfə burnunu dəsmalına silirdi.
Xəfiyyə masanın üstünə qoyulmuş vərəqlərə doğru getdi. Masanın yanına çatdıqda masanın ortasına qoyulmuş vaza onun diqqətini çəkdi. Bu vazada banan, portağal, ananas kimi müxtəlif meyvələr vardı. Bu meyvələrin ən üzərinə isə qırmızı bir alma qoyulmuşdu. Xəfiyyə yaxınlaşaraq həmin almanı əlinə götürdü, yuxarı doğru atıb tutdu:
- Normal bir almadan daha ağırdır.
Nazilə xanım dərhal dilləndi:
- O alma kauçukdandır, cənab. O meyvələr hamısı. Sadəcə bəzək üçündülər.
Xəfiyyə nəyəsə marağını itirmiş pişiklər kimi bir anda üz ifadəsini dəyişdi, almanı öz yerinə qoydu və vərəqlərə doğru gedib onları götürərək nəzər salmağa başladı:
ŞİMDİ OKUDUĞUN
Qan rəngində alma
Mystery / ThrillerDetektiv əsər. 8 dəhşətli cinayətə səbəb olmuş qatil öz qurbanlarının cəsədinin yanına bir qırmızı alma buraxaraq qeybə çəkilir. Geridə nə bir iz buraxır, nə də bir şahid. Amma 9-cu cinayətdə vəziyyət dəyişir və cinayət ərazisindən bir barmaq izi ta...