Qəzetlər yazırdı:
Nizami Niziyev ölkədən qaçmağa çalışarkən xalq tərəfindən saxlanılaraq linç edilib və öldürülüb.
***
Sorğu otağı soyuq idi ya da bəlkə əlləri qandallı Nizam Niziyevin baxışlarındakı soyuqluq üşüdürdü otaqdakı polisləri.
- Artıq suallarımıza cavab verməyə hazırsan?
- Əslində vəkil tələb etməliyəm. Amma eşitdiyimə görə vəkilim Həsən Kərimli aradan çıxıb, heç yerdə tapa bilmirlər.
- Nizam Niziyev Nizami oğlu. Adının bu olduğunu təsdiqləyirsən?
- Mənim bir adım yoxdur. Mənim ancaq soyadım var. Niziyev.
- Nizam Niziyev, sən 4-ü azyaşlı olmaqla birlikdə 13 nəfəri xüsusi amansızlıqla öldürməkdə, ölkədəki etiraz aksiyalarının ardındakı şəxs olmaqda, həmin etirazlar zamanı terror hadisələri törətməkdə və Niziyevlər malikanəsindəki qətliamı planlamaqda günahlandırılırsan. Sənə yönəldilən bu ittihamları qəbul edirsən?
- Hər birini.
- Mindən çox insanı öldürməkdə məqsədin nə idi?
- Cəmiyyətə bir dərs vermək. Nifrətin nəticələri olduğu barədə.
- Daha aydın ifadə et.
- Doğulduğum gündən bəridir sırf soyadım səbəbilə mənə və bütün ailəmə nifrət etmisiniz. Sizə kim haqq verib ki, kiminsə seçimlərinə görə kiməsə nifrət edəsiniz? Mən həqiqi nifrətin nə demək olduğunu hamıya göstərdim.
- Xidmətçilərini və Niziyevlər ailəsinin əmri altında işləyən işçilərin əksəriyyətini manipulyasiya edərək bir təriqət yaratdığın doğrudur?
- Onlar da sadəcə mənim kimi cəmiyyətə nifrət edən şəxslər idi, mən onlara intiqam üçün bir yol göstərdim sadəcə.
- Qardaşın Nazim Niziyevin planlarındakı rolu nədən ibarət idi?
- Mən planlayırdım, o isə icra edirdi.
- Yəni törədilən cinayətləri Nazim yerinə yetirirdi?
- Törədilən cinayətlər tək bir nəfər tərəfindən törədilməyəcək qədər qüsursuz idi, xidmətçilərimizdən yardım alırdıq. Xüsusilə Rzanın qəddarlığı bizə çox kömək olmuşdu.
- Planını xidmətçilərinizdən başqa kimlər bilirdi?
- Atam və Həsən Kərimli. Anamın və bacımın heç nədən xəbəri yox idi.
- Həsən Kərimlinin planlarındakı rolu nədən ibarət idi?
- O, uşaqlıqdan bəri bizim yolgöstərənimiz olub. Bu planı əslində onunla birlikdə yaratmışdıq. Amma o öz vəzifəsini yetərincə yerinə yetirməyərək bizə xəyanət etdi.
- Planının uğurlu olduğunu düşünürsən?
- Gözlənilməz dəyişikliklər oldu və qardaşımla birlikdə ziyafətdan qaça bilmədik. Qardaşım plan uğruna özünü fəda etməli oldu, buna görə sizi əsla bağışlamayacam. Vermək istədiyim mesaj əgər hər kəsə çatdısa plan uğurlu oldu deyə bilərəm.
- Sona Mahmudun planındakı rolu nədən ibarət idi?
- Ondan sadəcə istifadə edirdik. Xalqı qəzəbləndirib küçələrə tökmək üçün biri lazım idi, yüzminlərlə şəxs bir araya gəldikdə isə bombaları partladacaqdıq.
- 9-cu cinayətdə barmaq izi buraxmağınız qəsdi bir hərəkət idi?
- Həm hə, həm yox.
- Daha aydın ifadə et.
- Qardaşım cinayətləri davam etdirməkdə israr edirdi, onun öldürmə arzusunun qarşısını ala bilmirdim. Bizə 10 cinayət bəs edəcəkdi. Əgər ev həbsində olmasaq bütün planı poza bilərdi, buna görə belə bir yola əl atmalı oldum.
- Yəni planının bu hissəsindən qardaşının xəbəri yox idi?
- Siz anlamırsınız. Qardaşım dediyiniz Nazim ya da qarşınızda oturduğunu sandığınız Nizam, bu şəxslər hər ikisi eyni anda iki bədəndə mövcuddurlar. Mən Nazim barədə danışdıqda həm də özümün bir parçası haqqında danışıram.
- Yəni... Sən əslində Nazimsən?
- Üzümə boş-boş baxırsınız. O xəfiyyə hardadır? Bəlkə o məni daha yaxşı başa düşərdi...
Qatil başını aşağı saldı, digər verilən sualların heç birinə cavab vermirdi, bu onun səsinin eşidildiyi son zaman idi.
***
Qəzetlər yazırdı:
Edam cəzasının yenidən icraya qoyulması milli məclisdə müzakirə edilir.
ŞİMDİ OKUDUĞUN
Qan rəngində alma
Mystery / ThrillerDetektiv əsər. 8 dəhşətli cinayətə səbəb olmuş qatil öz qurbanlarının cəsədinin yanına bir qırmızı alma buraxaraq qeybə çəkilir. Geridə nə bir iz buraxır, nə də bir şahid. Amma 9-cu cinayətdə vəziyyət dəyişir və cinayət ərazisindən bir barmaq izi ta...