Bu iriçaplı və tam məxfi bir əməliyyat olduğu üçün sadəcə xüsusi olaraq seçilmiş əməkdaşlar cəlb edilmişdi. Bütün sənədlər hazır edilmiş, hüquqi olaraq Niziyevlərin problem yaradacağı bilindiyi üçün hər şey əvvəlcədən planlanmışdı. Beləcə onlara söz haqqı verilməyəcək, polis əməkdaşları evə daxil olub seriyalı cinayətkar Nazim Niziyevin qoluna qandalı taxıb prokurorluğa aparacaqdılar. Daha sonra sorğu, məhkəmə və ömürlük azadlıqdan məhrum edilmə Niziyevin layiq olduğu ən yüngül tale idi. Əlbəttə xalqın istəyi edam cəzası olacaqdı. Hökümət bu qədər qəzəbli vətəndaşın radikal arzusu qarşısında nə reaksiya verəcəkdi, polkovnik Əkbər Cabbarov təxmin edə bilmirdi.
Polkovnikin olduğu maşın uzun sırada öndən üçüncü idi. Onlardan arxada 9 avtomobil daha vardı və bu avtomobillər hər biri sivil vətəndaşların istifadə etdiklərindən fərqlənmirdi. Sıra isə maşınların bir-birinin görüş perspektivindən çıxmaması şərtilə dağınıq idi, öndəki iki maşını izləyən polkovnikin də içərisində olduğu maşın leytenat Maqsud Səfərov tərəfindən idarə edilirdi. Arxa oturacaqda isə sadəcə müstəntiq Konan Hill var idi və əlindəki dəftərçəyə nələrsə qaralamaqla məşğul idi.
Bu əməliyyatın bütün məsuliyyəti polkovnikə verilmişdi. O, ümid edirdi ki, problem yaranmadan hər şeyi həll edəcək və bütün ölkənin yaşadığı bu kabus kimi günlər tezliklə bitəcək. Narahat olmağa elə bir əsas yox idi, nə də olsa hansısa quldur dəstənin məkanına basqın edilmirdi. Bir bölük adamla birlikdə öz işini sadəcə gecənin qaranlığında görən və sadəcə zəif, müdafiəsiz şəxslərə zərər verən qorxaq bir əclafın qoluna qandal vurmaq nə qədər çətin ola bilərdi ki? Yol həddindən artıq uzun və yorucu idi. Aldıqları məlumata görə Niziyevlər ilin bu vaxtlarında şəhərin ən qıraqlarında yerləşən bir bağ evində, nəhəng bir malikanədə qalırdılar. Əslində belə olması əməliyyatın məxfiliyi baxımından çox yaxşı idi. Niziyevlər onillərdir medyanın diqqət mərkəzində saxladığı ailələrdən idi, cəmiyyət hər zaman həmin ailəyə qarşı nifrət qarışıq maraq duymuşdu. Cabbarov yaxşı bilirdi ki, əgər əməliyyatın müddəti uzanarsa məlumatın medyaya sızmasının qarşısını almaq mümkünsüz olacaqdı. Onun bu əməliyyatla bağlı məlumatları xüsusilə gizlətmək istədiyi bir şəxs var idi və bunun üçün əlindən gələni etmiş, əməliyyata cəlb edilmiş hər əməkdaşa çənələrini möhkəm tutmaqlarını əmr etmişdi. Əslində bu o qədər də mühüm bir şey deyildi. Əkbər Cabbarov heç vaxt şöhrətpərəst biri olmamışdı. Amma bilirdi ki, əgər həmin şəxsin adı bu əməliyyatda sadəcə bircə dəfə belə hallansa hər kəs bütün işi o şəxs görmüş kimi davranacaq. Bunun həmişə belə olması Cabbarovun əsəbinə toxunurdu.
Niziyevlərin malikanəsinin yerləşdiyi qəsəbəyə daxil olduqlarında artıq tıxac azaldığı üçün 12 maşınlıq sıra daha bəlli olurdu. Yol qırağındakı insanlar ardı-ardına dar küçələrdən keçən bu avtomobillərə təəccüblə baxırdılar. Sıra hədəf nöqtəsinə çatmaq üçün kəsmə yollardan istifadə edirdi. Və ara küçələr bitib daha geniş bir küçəyə çıxdıqlarında Səfərov polkovnikə tərəf çevrildi:
- Çatırıq, rəis.
Polis əməkdaşları maşınları malikanədən 100 metr uzaqda saxlayıb aşağı endilər. Onlardan bir neçəsi polkovnikə yaxınlaşıb bir dairə yaratdılar. Bu dairəyə müstəntiq və leytenant da daxil idi. Polkovnik planı bir daha təkrarlayırdı:
- Danışdığımız kimi, bəlli etmədən evi əhatəyə alın və içəridən heç kimin çıxmadığına əmin olun. Biz isə ön qapıdan daxil olacağıq, əgər sizə ehtiyac olsa müdaxilə edərsiniz.
Beləliklə polislər gizlicə malikanəni əhatələməyə başladı və hər kəs öz yerini aldıqda polkovnikə ratsiya ilə xəbər ötürdü. Müstəntiq Konan Hill, leytenant Maqsud Səfərov və polkovnik Əkbər Cabbarov isə içəriyə daxil olmaq üçün malikanənin ön darvazasına doğru getdilər. Dəmir barmaqlıqlardan ibarət qapının gerisindəki geniş bağça yam-yaşıl idi. Arxadakı ağ və boz rənglərdən ibarət 4 mərtəbəli malikanə qədimi qalalartək bütün heybətiylə gözlər önündə idi. Darvazanın önündəki cavan, dar, qara geyiminin altındakı əzələləri pırtlayacaq kimi olan qarovul oğlan içəri daxil olmazdan əvvəl ev sahiblərini məlumatlandırmaq barədə israr etsə də onun bu təklifi bütün planı poza bilərdi. Leytenant Səfərov ilə qarovul arasında itələşməyə qədər gedən bir münaqişə yarandı. Maqsud Səfərov qarovuldan çox daha uzun idi, 1 metr 87 santimetrlik boyu ilə əməliyyatda iştirak edən ən uzun gənc polis həm də cəsur biri idi. 28 yaşlı leytenantın qəhvəyi saçları hər dəqiqə gözlərinin üstünə tökülürdü və o, saçlarını görüş əhatəsindən çəkmək üçün ani bir hərəkətlə başını sağa doğru çevirirdi. Hər zaman yaraşıqlı görünməyə çalışmağı polkovnikin xoşuna gəlməsə də leytenant çox sadiq biri idi və polkovniki hələki məyus edəcək bir hərəkəti olmamışdı.
ŞİMDİ OKUDUĞUN
Qan rəngində alma
Misterio / SuspensoDetektiv əsər. 8 dəhşətli cinayətə səbəb olmuş qatil öz qurbanlarının cəsədinin yanına bir qırmızı alma buraxaraq qeybə çəkilir. Geridə nə bir iz buraxır, nə də bir şahid. Amma 9-cu cinayətdə vəziyyət dəyişir və cinayət ərazisindən bir barmaq izi ta...