Qaranlıqdakı siluet.

196 21 12
                                    

Törədilən cinayətlərin beşincisi Alma qatilinin ölkə üzrə bu qədər etiraza səbəb olmasının başlanğıcını qoymuşdu. O ana qədər mövzu haqda məlumatlı olan şəxslər xaos yaratmayacaq dərəcədə panika içində olsalar da hadisələr dövlət tərəfindən ört-basdır edilir, etirazlar isə sadəcə fərdi xarakter daşıyırdı. Media bu cinayətləri şansı gətirən bir qatilin törətdikləri olaraq qələmə verir və tez zamanda unudulub gedəcək hadisə olduğunu düşündükləri üçün beşinci cinayətdən sonra etdiyi kimi əsas xəbərə çevirməyə çalışmırdı. Vəziyyətin bu qədər xaotik hal alacağı heç kimin ağlına gəlməzdi.

Beşinci cinayətdə Alma qatili yaşlı və tək yaşayan bir kişinin evinə daxil olmağı bacarmışdı. Gecə vaxtı köməksiz qalan bu çəlimsiz qocanı yüzə yaxın alma yeməyə məcbur etmiş, daha sonra qarın boşluğuna dəfələrlə bıçaqla zərbələr endirib həm yedirtdiyi almaları, həm də kişinin iç-çalatını döşəməyə tökmüşdü. Və yenə hər zaman olduğu kimi geridə yarısı çeynənmiş, yarısı isə udulmuş mədədə həzm olunmayan almalardan başqa heç nə buraxmamışdı. Yaşlı kişinin cəsədini tapan şəxs isə səhər atasını ziyarət etmək üçün evinə gələn 24 yaşlı qızı Sona idi. Öldürülmüş qocanın qızı ölkədə hər kəs tərəfindən tanınan siyasi aktivist Sona Mahmud idi və o bir müddətdir xalqı işlənən cinayətlər səbəbi ilə dövlətə təzyiq göstərməyə çağırırdı. Ekspertiza nəticələrindən sonra bu cinayətin də Alma qatilinin cinayətlərindən biri olduğu dəqiqləşdikdə Sona Mahmud geri addım atmaq əvəzinə daha da qəzəblənmiş, artıq bu məsələnin aktuallığını artırmaq üçün əlindəki bütün imkan və qaynaqlardan istifadə etməyə başlamışdı. Onun bu səyləri sayəsində altıncı cinayət xəbəri yayıldıqdan dərhal sonra ilk kütləvi etiraz aksiyası başlamış, bir sıra dövlət qurumlarının binalarının önündə yüzlərlə şəxs toplaşaraq qatilin tapılmasını tələb etmişdi. Sona Mahmudun atasının dəfn mərasiminə ölkədəki hər media orqanından jurnalistlər qatılmış, yüzlərlə şəxs bu mərasimdə iştirak edərkən Sona atasının qəbrinin yanında kürsüyə çıxmış kimi qəzəbli bir çıxış edərək insanları səssiz qalmamağa səsləmişdi. Onun qarşısıalınmaz üsyankar davranışları ölkədəki vəziyyətin daha da qarışıqlaşmasına və bütün dünyanın diqqətini çəkməsinə səbəb olmuşdu.

Doqquzuncu cinayət törədildiyi günün sabahı, xəbərlər yayıldıqdan dərhal sonra Sona Mahmud və tərəfdarları yenidən paytaxt şəhərin bütün küçələrinə axışmış, polis əleyhinə plakatlar qaldırıb hələki sadəcə səs tellərindən istifadə edərək fiziki münaqişəyə çevrilməyən anarxizm sərgiləmişdilər. Və Sona Mahmud yenidən səhnəyə çıxaraq elan etmişdi ki, artıq xalqın səbri qalmayıb, əgər qatil tapılmazdan öncə bir cinayət daha işlənərsə bu mitinqlər yekun bir üsyana çevriləcək. Bu ultimatum xalqın böyük bir hissəsi ilə dövlətin qarşı-qarşıya gəlməsi demək idi.

Əlbəttə Sona Mahmudun fikirlərini dəstəkləməyən şəxslər də vardı. İqtidar meylli kütlə tərəfindən ortaya atılan konspirasiya nəzəriyyəsinə görə, bu cinayətlər ölkəyə böyük bir zərbə vurmaq üçün elə Sona Mahmud tərəfindən planlanıb. Belə düşünməsə də gənc jurnalist Sənan Aliqieri bu məsələnin göründüyü qədər sadə olmadığını ilk baxışdan anlayanlardan idi. O, düşünürdü ki, Sona Mahmudun elədikləri cəmiyyətə zərər verməkdən başqa bir şey deyildi. Xaos və anarxiya yaradaraq bir nəticə əldə etmək mümkünsüz idi və Sona dəyişiklik gətirə biləcək şəxs deyildi. Bu səbəbdən Sənan dəyişiklik yarada biləcək biri ilə əlaqə saxlamışdı və cinayətlə bağlı araşdırmalar edərək, cinayət yerlərinə gedərək və şahidləri və ya qurbanın yaxınlarını danışdıraraq öyrəndiyi məlumatları həmin şəxsə çatdırırdı. Həmin şəxs isə doqquzuncu cinayətin törədildiyi günün sabahı qızı arxada dəcəllik edərkən televizorun önündəki divanda oturaraq qəhvəsindən içir və ürəkaçıcı olmayan xəbərləri dinləyərkən bütün bunların nə mənaya gəldiyi haqda düşünürdü. Çatışmayan bir parça vardı və həmin parçanın tezliklə onu tapacağını hiss edirdi. Hələ icraya keçirməsə də o, bu cinayətlər haqqında hər kəsdən çox şeyi başa düşmüşdü. Fincanın dibindəki qəhvəni də başına çəkib fincanı qırağa qoyduqdan sonra yan tərəfdəki masanın üstündəki ev telefonuna baxaraq gülümsədi və başını yellədi:

Qan rəngində almaHikayelerin yaşadığı yer. Şimdi keşfedin