Qapını açma.- Qapını açma - Nuray qışqırdı - demişdim sənə...
- Sakit ol - deyə Aida pıçıldasa da qapının arxasında dayanan adam hər şeyi eşidirdi.
- Nə olub? - səsə Amil Nəzərov da çıxdı.
- Nail Məhərrəmovun köməkçisi gəlib - Aida təkrar gözlükdən baxaraq cavab verdi. Amma elə o an gözlüyün digər ucu qapandı. Adam qara əlcəkli əli ilə qapını tutmuşdu.
- Gözlüyü tutub, heç nə görə bilmirəm.
- Qapıdan çəkil - deyə Amil müəllim qışqırdı.
Demək olar ki, Aidanın aşağı əyilməsi ilə qulaq batırıcı bir gurultunun səslənməsi və qapı qırıntıları ilə birlikdə içəri keçən güllənin sürətlə yol qət edərək qarşıdakı divarda deşik açması eyni anda baş verdi.
- Qaçın - Nuray qışqırdı.
Nilay reflektiv olaraq ayağa qalxıb dəhlizə çıxdı. Amil müəllim qızı əlindən tutub ən yaxındakı soldakı otağa tərəf itələdi. Hər kəs panika içərisində soldakı otağa dolaşarkən Amil Nəzərov qışqırdı:
- Silahımız var. İçəri girdiyin an səni alnının ortasından vuracam.
Nuray hələ də dəhlizin ortasında duran Amil müəllimi qolundan tutub otağa dartdı. Aida cəld tərpənib, qapını bağladı.
- Hamımızı öldürəcək - deyən Nuray masanın yanında dizləri üstə çökdü.
- Silahınızı hazır vəziyyətdə saxlayın, Amil müəllim - Aida bir anda tələbkar tərzdə danışmağa başladı - heç olmasa bir şansımız olar.
- Nə silah - Amil müəllim pıçıldadı - onu qorxutmaq üçün dedim.
- Öldük o zaman - Nilay donuq üz ifadəsi ilə rəy bildirdi.
Amma, səssizlik hökm sürürdü. İkinci atəş açılmamış, qapı sındırılmamış və içəri heç kim girməmişdi.
- Getdi görəsən? - Nurayın gözlərindən artıq yaş damlaları azadlığa çıxmışdı.
Aida pəncərəyə tərəf qaçaraq pərdəni araladı.
- Heç nə görmürəm.
Amil Nəzərov cibindən açarlarını çıxararaq yumruğunu əmələ gətirən barmaqlarının arasında tutdu. Bu cür yaxşı vurulmuş zərbə bir insanı zərərsizləşdirməyə yetirdi.
- Mən bilirdim, Ruhanın bu cür işlərinin olduğunu bilirdim - Nilay bu dəqiqə bu məlumat çox vacibmiş kimi dilləndi. Hər kəs ona baxarkən o danışmağa davam etdi - Ruhanın dərinliklərini sadəcə mən görə bilmişdim. Hələ o vaxt...
- Odur, gedir.... - Aida qışqırdı.
Hər kəs pəncərəyə tərəf hərəkət edib, pəncərədən aşağı baxdı. Qara mersedes döngəni dönərək onların görmə sahəsindən çıxarkən Nuray dərin nəfəs aldı.
- Taktikam işə yaradı - Amil müəllim gülümsədi.
- Polisə gedək tez - Aida hələ də təlaşlı idi.
- Nə polisi - Nuray qarşı çıxdı - ortada bir general yoxa çıxıb və köməkçisi bizi öldürməyə gəlib. Səncə, gedəcəyimiz polisə güvənə bilərik? Allah bilir, hansı terror təşkilatı var işin içində.
- Terror deyil - Amil müəllim fikirli halda dilləndi - bu Ruhanla bağlı bir şeydir.
- Ruhanla bağlı nə ola bilər ki?
- Bilmirəm, amma söhbət Ruhandan gedərkən artıq heç nəyə əmin olmaq olmur. Onun hansı işlərə qarışdığını bilmirəm. Amma deyəsən o bilir.
Amil Nəzərovun son sözü ilə hər kəs üzünü çevirib, Nilaya baxdı.
- İndi söhbət yeri deyil, qalmalıyıq - Nuray həyəcan içində bildirdi.
- Elə isə bizə gedək, mənim evim böyükdür. Hər birimiz orda gizlənə bilərik - Amil müəllim qapıya tərəf gedərək danışırdı - Dostunuz düz deyir, Aida xanım. Nə baş verdiyini anlamamış polisə getmək təhlükəlidir.Beş dəqiqə sonra hər kəs Amil Nəzərovun maşınına doluşdu. Nilay ön kresloda, Aida və Nuray isə arxada özlərinə yer etdilər. Amil maşını hərəkətə keçirərkən, içəridəki hər kəs çox gərgin idi.
- Bu yoxa çıxmış general sizin də dostunuz idi, Amil müəllim - Nuray deyəsən bir çox şeyi aydınlaşdırmamış sakit durmaq fikrindən belə uzaq idi - sizcə, nə olmuş ola bilər?
- Bu barədə heç bir fikrim yoxdu - Amil Nəzərovun gözünün önündən kadrlar keçməyə başlamışdı artıq - biz üç nəfər çox yaxın dost idik. Hətta, dostdan daha yaxın - qardaş idik. Amma, bir gün bərk dava elədik. Mən Ruhanı vurdum və yerə yıxdım. Həmin gün Ruhanı sonuncu dəfə gördüm. Sonra necəsə oldu Nail də məndən soyumağa başladı. Sanki aramızdan birinin getməsi digərlərimiz arasında da bağı qoparmışdı. Beləcə, Naillə də uzaqlaşdıq. Onu illərdir ki, görmürdüm. Həyatında nələr olduğunu bilmirəm.
YOU ARE READING
Ölüm sonrası düşüncələr
Mystery / ThrillerKeçmişdən gələn səslər özü ilə nələr gətirər?