İyirmi üçüncü fəsil

27 2 0
                                    


İllər əvvəl metroların girişlərində yaranan izdihamın arasında Günelə qarşısındakı monitordan baxarkən Ruhan nə edəcəyinə qərar verməkdə çətinlik çəkmişdi. Nə etməli idi? Əsl sevən ürək sevgisi ilə birlikdə cəhənnəmə getməyi seçərdi, yoxsa özünü alışdığı tənhalığa məhkum edərək sevdiyini cənnətə göndərərdi? Görəsən, bəs deyildi? Bu qədər tənhalıqdan sonra özünü əbədi tənhalığın qaranlığında yaşatmaq və işığın gözlərindən uzaqlaşmasına göz yummaq...Göz yuma bilərdi. Korlar qaranlıqdan qorxmurlar. Ruhan da anadangəlmə sevgi koru idi. Heç vaxt heç kim onu hislərinin şəriki olmamış və heyran olmaq xaricində heç kim ona qarşı sevgi hiss etməmişdi. Dünyanı məhv edəcək insanı uşaqlıqdan sevgidən məhrum etmək ilahi tarazlıq idi bəlkə də. Bəlkə də, Ruhan bu qədər tənha qalmasaydı heç vaxt dərin düşüncələrə dalıb, etdiklərini etməyəcəkdi. Səbəb və nəticə əlaqəsinin bir-birinə qarışdığı bir zaman Ruhan Muradsoy heç vaxt etmədiyi bir şeyi edərək qərar vermək yükünü öz çiynindən atmış və bu məsuliyyətdən yaranan qanlı köynəyi başqasının üstünə atmışdı.
- Günel özü qərar verəcək.
Ruhan əlini uzadıb ratsiyalı telefonu qaldırdı.
- Şəklini göndərdiyim xanımı mənim yanıma gətirin.
Seçimi Günel özü etməli idi. Ümumiyyətlə, artıq hər kəs öz həyatının məsuliyyətini öz əllərində hiss etməli idi. Amma bunu düşünərkən belə Ruhan bilirdi ki, azad iradə illuziyası da determinizmlə şərtlənən dünyanın ən böyük yalanlarından biridir. Şərtlərin sadəcə bir nəticəyə çıxardığı yolun ayrıclarında seçim etmək bu ayrıcların eyni yerə çıxdığı yolda mənasız olmaqla yanaşı, insanda saxta bir kontrol hissiyatı yaradır. Seçim bir illuziyadır. İnsanlar iki fərqli seçim arasında deyil, eyni nəticəni verən iki fərqli üsul arasında qalırlar. Başlarına nə gəlirsə-gəlsin Günel və Ruhanın bir araya gəlməsi və sevgi ağaclarının bütün meşənin küllərindən gübrələnərək cücərməsi qaçınılmaz idi. Nə də olmasa, bu ağac bu vəhşi təbiətin mənasız qanunlarına görə qurumuşdu. Amma artıq bütün ağaclar məhv olmuş və indiyədək digər ağacların kölgəsindən işıq üzü görməyən bu körpə bitkiyə günəş işıqları çatmağa başlamışdı. Bu şərtlər daxilində bu ağacın çiçək açması qaçınılmaz idi. Necə ki, illər sonra Amilin buraya gələrək elə yaşadığı kimi yıxılarkən Ruhanın qollarında və Nailin gözləri önündə hüzur taparaq ölməsi əvvəlcədən bəlli idi. Ruhanın olmadığı bir dünyada Amil yaşayarkən, Amilin öldüyü dünyada da Ruhan yaşayacaqdı. Amma ayrılmaz dostların dünyalarının heç bir zaman kəsişməməsi uzun illər sonra olacaq bir məsələ olduğu üçün hələlik sadəcə bütün diqqəti Günelə vermək olardı.
Günel qarşısında Ruhanı görəndə heç təəccüblənməmişdi. Çünki, bütün bu işlərin arxasında Ruhan Muradsoyun olduğunu bilməyən yox idi və metro tunelində bir neçə hərbi geyimli insan Günelə yaxınlaşıb onlarla gəlməli olduğunu deyəndə, qız artıq anlamışdı ki, onu kimin yanına aparırlar. Hətta Günel bilirdi ki, Ruhan onu nə üçün çağırır. Çünki, Günel Ruhanı o qədər yaxşı tanıyırdı ki, onu kitab kimi oxumaq nəinki asan idi Günel üçün, hətta onlar ayrılanda belə Günel bilirdi ki, Ruhan onu heç vaxt unuda bilməyəcək. Hətta Günel ara-sıra düşünürdü ki, onun başına gələnlər Ruhanın elmi yolla canlandırdığı mifik lənətin təsirindəndir. Həyat onun üzünə də gülümsəməmişdi. Ruhandan ayrılarkən o düşünürdü ki, bəlkə də sevgi Ruhanın da dediyi kimi böyüdüləcək bir hiss deyil və bu həyatı yenidən qurub xoşbəxt olmaq hər halükarda mümkündür. Amma Günelin evləndiyi insan iki il sonra onu uşağının olmamasına görə boşayanda və atası qızının boşanmasına görə hiss etdiyi utanca dözməyərək öləndə o anlamışdı ki, ayrılıqdan sonra qaranlığa düşən tək insan Ruhan olmayacaq. Beləcə, anası tərəfindən işləməsinə də icazə verilməyən Günel illərlə böyüdüyü evdə sözün həqiqi mənasında həbs həyatı sürməyə başladı. Sanki, anası qızını kənar gözlərdən qoruyarkən onun boşanmışlığını da hər kəsin unudacağını gözləyirdi. Amma artıq Günelin nəyi gözlədiyi və nə hiss etdiyi heç kimin vecinə deyildi. O, yaşadığı cəmiyyətin mentaliteti tərəfindən istifadə edilməyə cəhd ediləndən sonra yararsız təyin edilmiş və üç otaqlı bir mənzildə konservləşdirilmiş bir ət parçasına çevrilmişdi. Beləcə, Günel Ruhansız illərini tək yaşayarkən öz dünyasının qaranlığında bəlkə də "Ruhan" adını qoymağa cəsarət etmədiyi içsəsi ilə dərdləşməyə başlamışdı. Onun qaranlığı atom bombasının işığı ilə aydınlanarkən belə Günel tək idi. Üstəlik, bu dəfə onun tənhalığı fiziki bir ölçüyə malik olmuşdu. Belə ki, anası evdə yox idi. Günel yenə də dağıntıların altında tək qalmışdı. Xoşbəxtlikdən yanında olan masa tavandan düşən beton parçasının kənarını yuxarıda saxladığı üçün yaranan boşluqda Günel heç bir zədə almadan iki gün yaşaya bilmişdi. Bəlkə də, üstünə tökülən dağıntıların altında zədə almadan, tək qalmaq artıq Günelin vərdişinə çevrilmişdi. Sonra xüsusi geyimli xilasedicilər gəldi və uzun illər sonra həyatında ilk dəfə Günelə işıqdan bir əl uzanaraq onu yuxarı qaldırdı. Uzun illər sonra Günelin qorunması məhv olmuş bir dünyada baş vermişdi. Bunun fərqinə varmaq sadəcə bir saniyə çəkmiş və sonra Günel huşunu itirmişdi. Bəlkə də, Günel gözlərini əbədi yummaq istəyərdi. Amma o gözlərini açanda buludların arasında yox, ən yaxın metroya gedən təcili yardım maşınının içində idi.
Günel anasından bir də heç vaxt xəbər ala bilmədi. Hətta ilk günlərdə Ruhan da onu narahat etmir və Günel onun üçün ayrılmış xüsusi otaqda dincəlir, dərman qəbul edir və qidalanırdı. Bu günlər ərzində Günel Ruhanı bir neçə dəfə görmüşdü. Əksəriyyətində isə Ruhan onun necə hiss etdiyi ilə maraqlanır və görüş bir dəqiqə sürürdü. Sadəcə illər sonrakı ilk görüş deyilənə görə bir gün sürmüşdü. Günel Ruhanın bunkerinə daxil olanda qarşısında gözlədiyi kimi keçmiş sevgilisini görərkən içində qəribə bir ümid hissi oyanmış və sanki dodaq altı pıçıldamışdı:
- Qurtuldum.
Ruhanın baxışları və üz cizgiləri yorulmuş, saçlarına yavaş-yavaş dən düşməyə başlamışdı. Amma Günel bu qaranlığa qərq olmuş simada belə ümid işığı görə bilmişdi. Bəlkə də bu ümid içinə ağırlıq etdiyi üçün Günel növbəti dəfə də huşunu itirmiş və Ruhanın qolları arasına yıxılmışdı. Deyilənə görə Günel ayılana qədər bir gün boyunca Ruhan çarpayıda onun yanında oturmuş və keçmiş sevgilisinin əlini heç buraxmamışdı.
Günlər sonra Ruhan Günelin otağına girəndə, o, güzgünün qarşısında dayanıb dağılmış saçlarını daramağa çalışırdı. Güzgüdə Ruhanın əksini görərkən ayağa qalxdı və geri çevrildi.
- Deyəsən daha yaxşısan, hə? - Ruhan soruşdu.
- Nisbətən, hə.
Ruhan nə deyəcəyini bilmədən susur, Günelsə başqa bir şəraitdə güləcəyi sükutu pozmayaraq Ruhanın özünü toplamasına icazə verirdi.
- Hər şey daha yaxşı olacaq - Ruhan təsəlli vermək üçün üzünə heç içindən gəlmədiyi bir gülümsəməni yaydı.
- Yenə etdin, əsl sənə yaraşanı - Günel də içindən gəlməsə də bu təbəssümü qarşılıqsız qoymadı - nələr edirsən bu günlərdə?
- Heç, dünyanı falan qurtarıram, günlük sıxıcı işlər.
Bu dəfə ikisi də həqiqətən gülmüşdü. Bir-birindən ayrı düşən iki qəlbin qovuşarkən gülmək üçün bəhanəsi idi bu zarafat.
- İstədiyin kimi təklik və səssizlik yarandı dünyada.
- Artıq səssizliyi o qədər də sevmirəm - Ruhan cümləsini bitirməmişdən əvvəl keçib çarpayıda oturdu - səssizlik məni dəli edir. Xüsusilə də, gecələr təkbaşına otaqda qalarkən beynim bir səs ehtiyacını səhrada susuz qalan insanın dodaqlarının su ehtiyacı qədər şiddətli arzulayır.
- Niyə səssiz? - Günel də onun qarşısındakı kresloya çökərkən soruşdu - ailən?
- Evlənməmişəm.
- Niyə?
Ruhanın üzünə yayılan gülümsəmək bu dəfə tam fərqli idi. Bu həyatın əzabını qəbul edib, anlayan insanın elə əzabla dolu olan bir gülüşü idi.
- Aşiq olmadım.
Yenə bir sükut və səssizlik çökdü araya. Bu səssizlik hər iki tərəfin arzuladığı, amma dodaqları arasından çıxara bilmədiyi sözlərlə dolu idi.
- Biz ayrılmamalıydıq, Günel - Ruhan danışmaq məsuliyyətini öz üstünə götürmüşdü - bu həyatı birlikdə yaşamalıydıq.
- Sən ayrıldın, Ruhan - Günelin dediklərində qəddar bir üsyan intonasiya çırpınırdı - qorxdun, bezdin, davam etdirə bilmədin. Mübarizəyə atıla bilmədin və təslim oldun. Mən hər zaman birlikdə bütün çətinliklərin öhdəsindən gələ biləcəyimizə inanırdım. Amma bu sənə xəyalpərəstlik kimi gəldi. Edəcək daha önəmli işlərin vardı və adi məişət sıxıntıları ilə özünü məşğul etmək istəmədin. Bizim üçün aparılacaq mübarizə sənin dahi beyninin layiq olduğu şey deyildi, hə?
- Belə olacağını bilmirdim. Düşünürdüm ki, asanlıqla səni unudacam və başqasına aşiq olacam. Amma olmadı. Səndən sonra elə tənhalıq basdı ki, heç vaxt yaxşı ola bilmədim. Bu kədər məni elə boğurdu ki...
- Bir də aşiq ola bilmədin - Günel onun cümləsini tamamladı.
- Bilmədim. Heç kim sənin kimi deyildi. İnsanlarla danışarkən məni anlamadıqlarını hiss edirdim. Sən heç bilirsən, həyatında baş verən yaxşı və pis hadisələri heç kimlə bölüşə bilməmək necə böyük işgəncədir?
- Bilirəm - göz bəbəklər aşağı enir və Günelin gözləri qarşısında döşəmə yox olaraq illərlə ona zindan olan ata evini yaradırdı - o, yəni evləndiyim adam məni boşadıqdan sonra ailəm adıma söz çıxmasın deyə məni ev məhbusu etdi. Bununla anam hər kəsə sübut etmək istəyirdi ki, bizim qızda heç bir günah yoxdur, o, təmiz, ev qızıdır. İndi anam hardadı, heç bilmirəm.
Qarşı-qarşıya oturmuş bu iki aşiqin üzünün gülməsinin yeganə yolunun birlikdə olmaq olduğunu tale artıq çoxdan sübut etmişdi. Onlar fərqli yollara getdikcə sanki kainatın nizamını pozurmuşlar kimi hər şey tərs getmiş, hər ikisi bədbəxt və tənha qalmışdı. İçlərindən birinin bədbəxtliyi nəhayət ki, dünyanın məhv olmasına səbəb olmuş və bu iki çarəsizcə çırpınan ürək yenidən qovuşmuşdu.
- Niyə hər kəs məni tərk edir? - Günel ağlamsınaraq soruşdu - mən o qədər sevgiyə layiq olmayan bir insanam? Niyə məni tərk etdin Ruhan?
- Mən dözə bilmirdim - Ruhan sevdiyinin qızaran yanaqlarına bir daha aşiq olarkən cavab verdi - artıq bütün tarazlığımı itirmək üzrə idim. Diqqətim yayınırdı. Bilirsən, sənin ailən...məni heç vaxt özlərinə layiq görmədi.
- Bəlkə də, sən heç vaxt özünü sübut edə bilmədin. Bircə dəfə də olsun məni düşünmədin. Ailəmlə sənin aranda qalan mənə necə çətin idi, bilirsən?
- Mənə də çətin idi. İkimiz üçün də ayrılmağın yaxşı olacağını düşünürdüm - Ruhan əlini sinəsinə aparıb yaşaran gözlərini gizlətmək üçün başını aşağı saldı - bura sanki minlərlə bıçaq sancılır. Beynim davamlı olaraq uyuşdurulmaq və məşğul olunmaq istəyirdi. Hər şey çox çətin idi, çox. Çox böyük adamlarla çox ciddi problemlər yaşayırdım. Eyni zamanda çox böyük uğurlar qazanırdım. Amma bunları bölüşməyə adam yox idi. Sən yox idin, Günel. Yoxluğunu hər gün hiss etdim, hər gün. Çətin idi. Sən olmayanda yaxşı günlər belə zəhər olur və məni öldürürdü.  Bilirsən, mənim ailəm heç vaxt olmayıb.
- Necə yəni?
- Hələ mən uşaqkən ailəm məni bir mələfəyə büküb, uşaq evinin qarşısına qoyub.
- Nə? Niyə?
- Bilmirəm, bəlkə də kasıb olublar, bəlkə də təsadüfi cinsi əlaqənin məhsuluyam mən. Bəlkə də, heç doğulmamalıymışam.
- Bunu bilmirdim.
- Heç kim bilmir. Çünki.... utanıram.
- Bu sənin günahın deyil - Günelin içində heç vaxt övladına göstərə bilməyəcəyi bir analıq şəfqəti yaranaraq, dodaqları arasından Ruhana doğru axmağa başlamışdı. 
- Amma cəzasını mən çəkdim. Günahım olmayan şeylərin cəzasını çəkmək həmişə mənim üstümdə qaldı. Valideynlərimin məni atması, insanların axmaqlığı, səfeh mentalitet. Sevgisiz böyüyən uşaqlar hər zaman özlərinin ən dəhşətli kabusuna çevrilirlər. Bir insanın tənhalıqla vahid bir vücud halına gəlməsi özbaşına olmur, Günel. Bu yaşadıqlarım...tənhalığım, insanların anlamadıqları şeyləri anlamaq lənətim...bax, bunlar insanı dəli edər. Ona ən pis şeyləri də etdirər.
- Ruhan - Günel ayağa qalxaraq bir addım irəli gəldi - nə etdiyini bilmirəm. Böyük ehtimalla bilmək də istəmirəm. Amma, sən yaxşı insansan. Bunu bilirəm.

Ruhan aşağıdan yuxarıya baxarkən onun içimdəki yaxşılığı ilk dəfə görən, ona "sən ağıllısan" yox, "sən yaxşı insansan" deyən insanın böyüklüyünü anlayırdı. İlk dəfə bir insan ona yuxarıdan aşağı baxmaq haqqı qazanmışdı. Bəli, Ruhan yaxşı insan idi. Amma, hər şeydən əvvəl o insan idi. Bunu isə həyatı boyunca hər kəs müxtəlif bəhanələrlə unutmuşdu.
- Bu işi həll edə bilərik, Ruhan. Birlikdə. Bir yol var. Xoşbəxt olmaq üçün gec deyil. Bir yol var və sən onu tapacan. Sən dahisən.
Ruhan ayağa qalxaraq Günelin gözlərinin içinə baxdı.
- Tapmışam - dedi - sənin də dediyin kimi birlikdə olmalıyıq. Hər şeydən sonra, dünyanın sonunda bizim xoşbəxt sonluğumuz bu ola bilər. Bəlkə də bizim xoşbəxtliyimiz heç kimin olmadığı bir dünyada, fəlakət küllərinin üzərində qurulmalıdır.
- Bəzi sevgilərin xoşbəxt sonluğu fəlakətdir, elə deyil?
- Sənsiz olmur, çünki. Yaşamaq, sevmək və heç bir şey.
- Sənsiz də. Biz də bu sevgiyə möhtacıq.

Bəli, bu, ən başından bəri bir sevgi hekayəsi idi. Amma, bu, elə bir ilahi sevgi idi ki, yoxluğunda yeni bir dünya və o dünyanın Tanrı ilə Tanriçasını yaratdı. Ruhanla Günelin qucaqlaşdıqları an bədənlərindən yayılan həyat enerjisi bütün kainatı dolaşır və onların bütün günahları bağışlanılırdı. Ruhanın qolları sevgisinin bədəninə dolanır və sıxaraq onun ruhunu sinəsinə yerləşdirirdi. Beyni heç vaxt bu qədər sakit, ürəyi heç vaxt bu qədər hüzurlu olmamışdı. Hər iki aşiqin bədənlərindən yayılan tər buxarları başlarının üzərində birləşir, bir müddət sevişir, sonra daha yuxarı qalxıb, beton tavanın məsamələri arasından keçib havaya çıxırdı. Burda havadakı zəhər onu saf enerjiyə çevirir və bu saf sevginin enerjisi yuxarı qalxır, atmosferdən çıxır və ulduzlararası səyahətə başlayırdı. Bu enerji hələ milyonlarla il bütün qalaktikaları, planetləri və günəşləri gəzəcək, hər kəsə, gördüyü hər şeyə bir zamanlar şahid olduğu, ölməz sevgidən danışacaqdı. Beləliklə, bütün kainat bizim iki aşiqin şahidinə çevrilirdi.
Yeni dünyada isə açıq və mavi səmada sarı Günəş optimistik gülümsəməsini bütün insanlara yayır və hər şeyin daha gözəl olacağını vəd edirdi. Bu dəfə Günəş kainatın ən böyük dürüstlüyünü nümayiş etdirirdi.

Yeni dünyada isə hicablı bir qadın günəşə baxaraq illər əvvəl kimsəsiz bir halda küçəyə atılanda yaşaması üçün bir uşaq evinin qapısına buraxdığı övladının bu günləri gördüyünə ümid edirdi. Bu fikirlərini bu yeni dünyada tanış olduğu rəfiqəsinə danışanda rəfiqəsi ona deyirdi:
- Sadəcə inanmalıyıq ki, elədi. Mən inanıram. İnanıram ki, qızım indi bu dünyada xoşbəxtdir. İllərlə onu ev məhbusu eləmişəm. Amma indi içimdə bir hiss var ki, o xoşbəxtdir

SON

Ölüm sonrası düşüncələr Where stories live. Discover now