On üçüncü fəsil

35 5 6
                                    


- Nə oldu?
- Ruhanın şeytan üzünü gördüm - deyən Nilay düz Amil müəllimin gözlərinin içinə baxdı.
- Necə yəni? - Amil Nəzərovun ürəyi qəribə bir şəkildə sürətlə döyünməyə başladı. Dostu haqqında pis xəbər eşitmək fobiyası Aidanın kitab yazmağa başladığı gündən etibarən qarın üstündə diyirlənən qar topu kimi böyüyürdü.
- Bunları danışmaq mənim üçün də çətindir - Nilay başını aşağı salıb, üzündəki kədəri gizlətmək istəyirdi - dediyim kimi biz Ruhanla çox yaxın idik. Bir-birimizlə vaxt keçirir və bir-birimizdən ötrü darıxırdıq. Mənə çox şeyi danışmışdı. Uşaqlığı və təkliyini. Onun yaşadığı şeylər həqiqətən də çətin idi.
- Bunların heç birindən mənim xəbərim olmayıb - Amil Nəzərov gözlərini qaçıraraq dedi.
- Ruhan sizə çox dəyər verirdi - dedi Nilay - həmişə deyərdi ki, Amilə bir rol-model lazımdır. Öz problemlərimlə onu yükləsəm, Amilin ümumiyyətlə həyata qarşı həvəsi öləcək.
- Amma Ruhanın həyata həvəsi çoxdan ölübmüş.
- Bilmirəm. Ruhan çox güclü idi. Yadımdadır ki, bir dəfə bir problem yaşayırdım və Ruhan mənə dedi ki, qorxma, mən sənin yanındayam. Bir anda çox rahatlamışdım. Çünki, Ruhan həqiqətən... yəni, necə deyim.... hər şeyi həll edirdi. Dostları üçün mələk idi, amma düşmənləri üçün də əsl şeytan idi.
- Bunu deyərkən nəyi nəzərdə tutursunuz?- Amil müəllimin içinə növbəti dəfə fobiya qarı yağmağa başladı.
- Bir nöqtədə diqqətimi çəkmişdi. Ruhanla düşmənçilik edən hər kəs qısa müddət sonra işdən çıxırdı. Dost olduqdan sonra Ruhanın sirrini öyrənmişdim. Onun qarşısında duran insanları çox incə və nəzakətli bir şəkildə elə alçaldırdı ki.... bu əsl incəsənət idi. İnsanları elə incə bir nəzakətlə tənqid edir, alçaldır və hətta sətiraltı təhqir edirdi ki, həmin insan buna etiraz belə edə bilmirdi. Edəndə də Ruhan elə reaksiya verirdi ki, həmin insan özünü isterik dəli kimi hiss edirdi. Beləcə, Ruhan onunla düşmənçilik edən hər kəsi sözün həqiqi mənasında həyatdan soyudurdu. Nəticədə, bu insanlar ərizələrini yazıb, işdən çıxırdılar.
- Şeytan olmaq buna deyirsiniz?- Amil müəllim rahatlamanın verdiyi gülümsəmə ilə arxaya söykəndi.
- Anlamırsınız. Ruhanla birlikdə işlədiyimiz üçün gün ərzində onu görürdüm. Normalda mədəni, sakit bir oğlan idi. Amma, baxışlarını hirsləndə görsəydiniz... Adama elə baxırdı ki, sanki onu parçalamaq istəyir.
- Bilirəm o baxışları - Amil müəllim dedi - bəzən insana çox soyuq baxırdı. Sanki, ürəyində həmin insana pislik planı qurur.
- Eynən. Bir dəfə mənə də hirslənmişdi. Yadımdadır ki, onda qarşımdakı Ruhanı tanıya bilmirdim. Sanki, başqa bir adama çevrilmişdi. Mənə bilirsiniz nə demişdi? Heç yadımdan çıxmaz. Dedi ki, mənimlə oyun oynamaq istəsən, səni yaşamağına peşman edərəm. Bu sözlərin onun ağzından çıxdığına inana bilməmişdim. Sonra, bir gün öyrəndim ki, Ruhan bir insanı qaçırıb və döydürüb.
- Elə bir şey olsaydı, mənim xəbərim olardı - Amil müdaxilə etdi.
- Elə bir şey olmuşdu. Sizin digər dostunuz Naaa...
- Nail.
- Hə, Nail bəy. Bir dəfə akademiyaya gəlmişdi. Ruhanın otağında oturmuşdular. Ruhan necə olmuşdusa, otağının qapısını bir az aralı qoymuşdu. Bu barədə onda eşitdim. Bir dəfə də birlikdə yol gedirdik. Kənarda dayanan bir oğlan mənə söz atmağa başladı. Ruhan sözün həqiqi mənasında həmin adamın üstünə şığımış və onda ağız, burun qalmamışdı.
- Amma bu çox da şeytanca satılmaz.
- Amma bir insanla nəyinsə xatirinə münasibət qurub, iş həll olduqdan sonra həmin insanı kənara atmaq şeytanca sayılır - Nilay gözündən düşməyə çalışan yaşlara azadlıq vermişdi.
- Nə? - Amil Nəzərovun ürəyi üçüncü dalğanı yaşayırdı.
- Almaniyada doktorantura qazandıqdan sonra bəzi detalları danışmaq üçün Berlinə getmişdi. Almaniyaya köçəcəyi dəqiqləşdikdən sonra Bakıya qayıdanda tamamilə başqa bir insana çevrilmişdi. Heç birimizi saymır və durmadan alçaldırdı. Hətta bir dəfə mənə bilirsiniz nə dedi?- deyən Nilay gözünün yaşını silərək səsi titrəyə-titrəyə davam etdi - dedi ki, gör mən nə gündəyəm ki, səninlə dostluq edirəm. Onda anladıq ki, vəssalam, Ruhan Muradsoyun bizlə işi bitib və bizi bir kənara atır.
- Elə deyildi - deyə Amil müəllim sözə başladı - mənə danışmışdı. Ruhan ilk Almaniya səfərində bir qız görübmüş. Ona tənhalığın simvolu deyərdi. Dediyinə görə.... Bir dəqiqə - Amil Nəzərov qəfil ayağa qalxdı - O nə idi?
Həqiqətən səssizlikdə mətbəxin qapısından bir qaraltı keçmişdi. Amil Nəzərov irəliyə doğru bircə addım da atmağa macal tapmamış ikinci bir qaraltı mətbəxin qapısının qarşısında dayandı. Pəncərədən içəri doğru süzülən zəif işığın köməkliyi ilə aydınca görmək olurdu ki, mətbəxin qarşısında duran adam əlində tapança tutub.
- Tərpənməyin - qalın kişi səsi əmr verici bir tonla səslənərkən Nilay iç çəkdi.
- Siz kimsiniz? - Amil müəllim hər an hücum etməyə hazır vəziyyətdə dayanarkən soruşdu.
- Amil Nəzərov, görüş yerini unutdun və fəlakətdəki kəşfi kəşf etmədin.
*************************************************
Artıq Ruhan Muradsoy Almaniyada yaşayır və demək olar ki, laboratoriyadan çıxmırdı. Mikroskopun üstünə əyildiyi günlərin birində elmi rəhbəri qapıdan içəri girdi.
- Muradsoy, niyə sənin işlərin hər gün uzanır?- deyə salamsız-kəlamsız danışmağa başladı.
- Professor Weber, tədqiqatımız üçün lazım olan hər şeyi edirəm. Amma eyni zamanda da...
- Eyni zamanda da nə?- Professor çənəsinin altındakı ağ tükləri qaşıyaraq soruşdu.
- Başqa bir şey də məni maraqlandırır. Daha böyük bir şey. Burda tədqiqat aparıb, məqalə dərc etdirməkdən daha artığını edə bilərik. Dünyanı dəyişə bilərik. Bir gəlin, bunlara baxın - deyərək əli ilə mikroskopu işarə etdi - əgər kifayət qədər data toplasaq böyük bir elektrik axımı ilə...
- Muradsoy - professor səsini qaldırdı - bunun üçün burda deyilsən. Və mənim laboratoriyamdan öz maraq dairən üçün istifadə edə bilməzsən. Sənə xəyalpərəstlik üçün pul vermirəm.
- Bu xəyalpərəstlik deyil - Ruhan Muradsoy yenidən sözə başladı - bəşəriyyət yaranandan etibarən maddənin sirrini açmağa çalışıb. Artıq maddə ilə bağlı hər şeyi bilirik. Amma maddənin zaman içindəki daşınmasını...
- Muradsoy - deyə Professor yenidən səsini qaldırdı. Laboratoriyadakı hər kəs başını qaldırıb Ruhanın reaksiyasını izləməyə başladı. Professor Weber hər kəsə xitabən danışmağa başladı.
- Bu günlük iş bitdi. Hər kəs getsin.

Ruhan və yoldaşları qapıdan çıxan kimi geyindikləri ağ xalatı çıxarıb, yan otağa keçdilər. Burda hər kəs öz xalatını siyirməsinə qoya bilərdi. Ruhan da bununla məşğul ikən arxadan səs etdi.
- Ən böyük bəla eyni düşünən zehinlərin fərqli düşünənlərdən üstün görülməsidi.
Ruhan gülümsədi:
- Sən fəlsəfə oxumalıydın Marcus. Nitşsenin daha çox sözünü bilərdin.
- Sən də daha böyük işlərlə məşğul olmalıydın -  deyə Ruhanın laboratoriya yoldaşı dilləndi - əgər istəsən səni ən dərin və gücü hər şeyə çatan insanlarla tanış edə bilərəm.
*************************************************
Aida gecənin bir yarısı özünün də anlamadığı qəribə bir hissin təsiri ilə yuxudan oyandı. Əvvəlcə harda olduğunu anlamadı. Bura haradır və yanında yatan qadın kimdir? Sonra birdən-birə xatırlamağa başladı. Bura Amil Nəzərovun evində onlar üçün ayırdığı otaqdır və yanında yatan qadın da ən yaxın dostu Nuraydı. Hər şeyin qaydasında olmasına baxmayaraq içindəki qəribə narahatlıq hissi onu tərk etmirdi. Sonra burnuna zərif siqaret qoxusu gəlməyə başladı. Başını sağa çevirdikdə masanın yanındakı kresloda bir nəfərin oturub, siqaret çəkdiyini gördü.
- Amil müəllim?- deyə səslənsə də siqaretin közərtisinin işığı ilə aydınlanan üz Amil Nəzərova heç bənzəmirdi.
Aidanın gözləri yavaş-yavaş qaranlığa alışdıqca qarşısındakı şəxsin qara kostyum geyinmiş Nail Məhərrəmovun köməkçisi olduğunu anladı. Qışqırmaq istədi, amma adam ondan daha əvvəl danışmağa başladı.
- Sizi gecənin bu vaxtı narahat etdiyim üçün üzr istəyirəm, Aida xanım. Sizi qorxutmaq istəmirəm. Bilirəm ki, bir az neqativ şərtlər daxilində tanış olmuşuq. Kaş ki, belə olmazdı. Amma bunu düzəltmək bizim əlimizdədir. Əgər ağıllıca davransanız, mən də sizi öldürmərəm.
Aidanın baxışları adamın dizi üstündə saxladığı tapançaya doğru getdi və səsini çıxarmamaq qərarına gəldi.
- Nə istəyirsiniz?- Aida xırıltılı səslə soruşdu.
- Mən istəyirəm ki, siz bizim istəmədiyimiz heç bir şeyi istəməyəsiniz.
- Siz kimsiniz?
- Ruhan Muradsoy - silueti görünən insan qətiyyətlə cavab verdi.
- Nə?
- Ağlınız qarışmasın. Belə bir sual verim sizə. Sizcə Ruhan Muradsoy neçə nəfərdir? - qaraltıdan ibarət olan bu adam siqaretindən bir tüstü dartaraq Aidanın çaşqınlıq abidəsinə çevrilmiş simasına baxdı - Aida xanım, anlamalı olduğunuz şey budur ki, Ruhan Muradsoy kimi adamlar əsla tək olmurlar. Onların arxasında onları onlar edən böyük bir insan kütləsi var. Bizə görə, Ruhan Muradsoy bizik. Sizin Ruhan Muradsoy dediyiniz şəxs isə sadəcə bizim layihəmizdi.
- Onu tanıyan insanlar var. Hər kəs onun necə bir insan olduğu haqqında danışır - Aida sanki içində böyüdüyünü hiss etdiyi qorxunun altında əzilməmək üçün qarşısındakı insana qarşı istifadə edə biləcəyi bu kiçik arqumentdən yapışmışdı.
- Doğrudur. Amma hər kəs fərqli şeylər danışır, elə deyil? Sizə sizin tanıdığınız və adı Ruhan Muradsoy olan bir insan haqqında danışım eləysə. O, bizim diqqətimizi hələ məktəbdə oxuduğu dövrdən çəkmişdi. Elmə olan sevgisi, zəkası, üsyankarlığı, yenilikçi olması və cəsarəti. Məktəbdə oxuduğu illərdə insan kimi söhbət edən və süni intellekt alqoritması ilə işləyən assistant proqramı yaratmışdı. Onu yaxından izləmək üçün məktəb rəhbərliyinə adamımızı yerləşdirdik. Amma, bilirsiniz nə oldu? Bizim adamımız belə 15 yaşlı bu uşağın iplərini əlinə ala bilmədi. Onda anladıq ki, bu uşağı idarə edə bilmərik.
- Nə etdiniz bəs?- bir silahlı insanın qarşısında yarı çılpaq və müdafiəsiz halda durarkən belə Aida içindəki jurnalistin səsini kəsə bilmirdi.
- Onun dostu olduq. Universitet illərində qarşısına çıxdıq və ona rədd edə bilməyəcəyi bir təklif etdik.
- Ruhan Muradsoy haqqında bir az bilirəmsə, əminliklə deyə bilərəm ki, onu heç nəylə satın almaq olmazdı.
- Hər kəsi almaq mümkündür, Aida xanım - adam siqaretini əli ilə əzərək masaya qoyarkən Aida da gözünün ucu ilə Nuraya baxdı. Nuray ayılmışdı, gözlərindən birini açaraq arada bir ətrafa baxsa da, səsini çıxarmırdı. Silahlı adam isə danışmağa davam edirdi - ona istədiyi kimi elmlə məşğul olmaq imkanı yaratmışdıq. Ona hər zaman dəstək olur və bütün problemlərini həll edirdik. Beləcə, illərlə içində bizə qarşı böyük bir sevgi ilə istədiyi kimi elmlə məşğul olmağa başladı. Amma, biz çox ağıllıyıq, Aida xanım. Onu yönləndirdik və o, bir müddət sonra tamamilə bizim istədiyimiz elmi tədqiqatları aparmağa başladı. Son kəşfi isə bizə o qədər xidmət etdi ki, ona Nobel mükafatı verdik.
- Siz verdiniz?
- Biz bu dünyanın Tanrılarıyıq, Aida xanım. Biz hər şey edə bilərik. Məsələn, siz Ruhan Muradsoy mövzusunu araşdırmağa davam etsəniz, eynilə generala etdiyimiz kimi sizi də yoxa çıxardarıq. Siz onun qədər həddinizi aşmamısınız hələ ki. Ona görə də, gedirəm və sizə sakit, Ruhansız və bəlasız həyat arzu edirəm. Ümid edirəm, day görüşmərik. Yoxsa, sizin kədərinizə göz yuman ananızın kədərlənəcəyi xatirəsi belə qalmaz.

Ölüm sonrası düşüncələr Where stories live. Discover now