On doqquzuncu fəsil

44 4 4
                                    

Keçmiş bölümlərdən xatırlatma

- Bildiyim bir şey var ki, Güneldən ayrılmaq Ruhana dərindən təsir etdi. Anlayışsızlıq və mentalitet bir dahinin bütün rəngli hisslərini məhv etdi. Üstəlik, sevə-sevə ayrılmaq və bu qərarın Ruhan tərəfindən verilməsi onu dərindən yaralamışdı.
***
Səbəbini özü də anlamasa da və özü özü ilə razılaşmasa da, hələ uşaq ikən ailəsi tərəfindən atılması və aşağı səviyyəli bir uşaq evinin qapısında bir mələfəyə bükülmüş şəkildə peyda olması, Ruhan üçün utandırıcı hal idi. Burda da məsələ o deyildi ki, üzünü heç vaxt görmədiyi valideynlərinin yoxluğu ürəyini deşmiş, uşaqlıqdan böyüklüyə keçid ərəfəsində onu narahat edən şeyləri heç kimlə bölüşə bilməmiş və həyatın çətinlikləri ilə uşaq yaşlarından etibarən savaşmağa başlamışdı. Məsələ burasında idi ki, onu bir ədyala bükərək uşaq evinin qapısına buraxanlar onu istəməmişdi. Ruhan sevilməmiş və tərk edilmişdi.
***
- Ruhan Muradsoy gah Londonda kraliyyət ailəsi ilə yemək yeyir, gah da Amerikada Pentaqondan çıxarkən görünürdü. Sən niyə ölmüş bir adamın tarixi ilə maraqlanırsan?
- Ölmüş bir adam dediyin mənim dostumdur - Amilin səsi titrəyirdi.
- Sənin dostun hələ Almaniyada olarkən maddə və zamanın anasını ağlar qoyacaq tədqiqatlar aparırdı. Sonra nə etdi bilirsən? Fəlakəti krizə, krizi fürsətə çevirdi.
***
Bir zamanlar bütün dünya nüvə bombasının atılacağı qorxusu ilə yaşayarkən Ruhan gülərək Amilə demişdi ki, elə bir şey olsa səninlə metroda görüşüb, təşkilat yaradarıq.
- Hamımız öləcəyik, sən hələ zarafat edirsən - deyən Amil siqaretini yandırmışdı.
- Doğrudur, öləcəyik, amma bəlkə ölmədik. Bu da bizim B planımızdı. Saat 2-də Nərimanov metrosunda görüşərik.
***
Aida balaca, ağ zərfi elə uzatdı ki, Amil müəllimin kağızı alıb, yazılanları oxumaqdan başqa çarəsi qalmadı.
" Fəlakətdə və görüş yerindəki kəşfimi kəşf edin
İmza: R. M"
***
Ruhan bilirdi. Artıq, heç nəyi və heç kimi ciddiyə almayacağına dair özünə söz verəndə qarşısına Günel çıxmışdı.
- Əgər hər - hansısa səbəbdən dolayı biz ayrılsaq - deyə bir dəfə Ruhan qıza demişdi - mən tamamilə qaranlığa düşərəm.

İNDİ YA DA İLLƏR ÖNCƏ

İllər əvvəl Ruhan Muradsoy bu dünyanın rəngləri və rahatlığı illuziyası kimi hər psixoterapiya otağına qoyulan rahat kresloda əyləşərək ayağını ayağının üstünə aşırdı. Hər şey necə də yalandır. Psixoloqa müraciət edən insanlar bu dünyanın ən çarəsiz və tənha insanları ola bilər. Amma psixoloqlar onlara bu riyakar və miskin dünyaya uyğunlaşmağı öyrədirlər. Bəlkə də edilməsi lazım olan bu dünyanın ədəbaz cığallığı ilə başqa yoldaşı olmayan uşaq çarəsizliyi ilə barışmaq yox, nəhayət ki, ona qarşı diş və buynuz çıxarmaqdır. 1945-ci ildə SSRİ və müttəfiq qoşunlar Almaniyanın bakirəliyini pozanda Hitler sevdiyi hər şeyi məhv etmək naminə də olsa, hər yeri bombalamaq əmrini vermişdi. İnsanın keçilməyə bir sərhədi qalmayanda içində sevdiyi hər şeyi məhv etmək və bundan hiyləgərcəsinə həzz almaq instinkti formalaşır. Ona görə də, güc və azadlıq insanın ölümsüzlükdən sıxılmaq meyli kimi onu qaranlığa və vəhşiliyə sürükləyir. Heç bir şeydən asılı olmamaq, azadlığın zirvəsində dayanmaq və özü özünün Tanrısı olmaq o qədər təhlükəlidir ki, sonunda səfeh bir dünya yaranır. Tanrı olmaq sıxıcıdı. Varlığın özü mütləq bir yoxluqdan ibarət deyil?
- Nə düşünürsünüz, Ruhan bəy? - psixoloq soruşdu. Bu cavan qız sarı saçlarını arxaya ataraq aydınlanmış insan çöhrəsinə qondurduğu "hər şey yaxşı olacaq" gülümsəməsi ilə ona baxsa da, Ruhan onun saçlarının və dişlərinin arasından tökülən kədəri görə bilirdi.
- Bilmirəm, amma mən heç yaxşı deyiləm. Hərdən ağlımı itirmək üzrə oluram sanki. İçimdə heç cür həll edə bilmədiyim tənhalıq və bu zəlil insanlarla dolu zəlilə qalmış dünya ruhumu parçalayır. Bu dünya yalan və oyundu.
- Bəlkə bu oyunu oynasanız özünüzü daha yaxşı hiss edərsiniz?
- Buna məcbur deyiləm.
Heç nəyə məcbur olmamaq insanın ən uca bədbəxtliklərindən biri olmaqla yanaşı insanı kainatın ən böyük və həyasız entropiya tərəfdarına çevirir. Nizamdan xaos yaratmaq həm kainatın, həm də insanın ən təməl arzusudur. Bəlkə də hürufilik təlimində özünə yer etmiş insanın təbiətin ən böyük təcəssümü olması fikrinin də ən böyük dəlili budur. Hər insan təbiəti etibarilə anarxistdir.
- Sınamaq olmaz? - psixoloq soruşdu.
- Baxın - deyən Ruhan şeytanın məqsədinə çatarkən üzünə yayılan istehzalı təbəssümünü üzünə yaydı - sizi incitmək istəmirəm, amma böyük ehtimalla sizin və sizin müəllimlərin İQ dərəcələrinin cəminə bərabər İQ dərəcəm var. Bütün yolları sınamışam. İçimdəki tənhalığı məndən qoparacaq bir yol yoxdur. Qarşınızda tam bir ümidsizlik abidəsi görürsünüz.
- Elə isə niyə psixoterapiyaya müraciət etmisiniz? - psixoloq professional tərzini pozmadan sual verdi.
Ruhan dərindən nəfəs alaraq, gözlərini məchul və hətta bəlkə də heç mövcud olmayan bir nöqtəyə doğru qaçırdı.
- Rahatlamaq üçün. Mən belə olmasını istəməzdim. Çox kədərliyəm, çox. Mən bunları edəcək insan deyildim. Amma illər öncə sevdiyim qızı itirmək, ondan ayrılmaq məni əbədi qaranlığa məhkum etdi.
- Nə etmisiniz ki?
- Hələki, heç nə. Amma edəcəm.
- Nə edəcəksiniz ki?
- Ümid edirəm öyrənərsiniz bir gün.
- Riskli bir davranış sərgiləyəcəyiniz mənasına gələ bilərəm - psixoloq ehtiyatla soruşdu.
- Təsəvvür belə edə bilməzsiniz - Ruhan gülümsədi.
- Bu halda anonimliyi pozmaq haqqımın olduğunu bilirsiniz də...
- Bilirəm, amma kiminlə danışdığınıza baxın. Mənə heç nə edə bilməzsiniz. Məni dünyanın heç bir polisi və heç bir həkimi durdura bilməz.
Psixoloq nə deyəcəyini bilmədən, bir müddət susdu və sonra əlavə etdi.
- Günel haqqında danışmaq istəyərdiniz, bəlkə.
- Artıq Günel haqqında susmaq istəyirəm. Onun haqqında illərdir ki, içimdə çox danışıram.
Addımlar onu çölə dartdıqca sanki göbəyindən çıxan görünməz bir bağ da geriyə, keçmişə, hətta anasının bətninə çəkirdi. Yenə də bədənindən çıxan və mövcudluğu sual altında olan, elə onun özünün də heç vaxt inanmadığı ruhu kabus cildində nəfəsindən sıyrılaraq anasını bərk bərk qucaqlayır və doğulması ilə tərk edilməsi arasında keçən qısa zaman diliminin heç bitməsini istəmirdi. Çünki, ondan sonra məktəb dövrünün anlaşılmazlığı, gənclik dövrünün təkliyi və yarımçıq qalmış sevgisi, yetişkinliyin zirvədəki tənhalığı gəlirdi. Qara dünya, vəhşi kapitalizm, can sıxıcı bürokratiya, insanlıqdan çıxmış mafiya, böhtan və insanların cahilliyi. Belə bir dünya əslində var olmağa layiq olmayaraq öz küllərindən yenidən doğulan Simurq quşunun əzəmətini yaşamayacaq qədər də çirkab deyil. Bu, dünyanın varoluşçu krizidi.
O gün Amerikanın hərbi güc simvolu olan Pentaqonun binasında sözün həqiqi mənasında çaxnaşma və hətta ən soyuqqanlı adama da dırnaqlarını yedirdəcək bir gərginlik hökm sürürdü. Hər şey hazır idi və ən böyük ümid üçüncü dünya ölkəsindən ortaya çıxan bir gənc idi. Qısa zamanda bütün dünyanı heyrətə gətirən kəşfi ilə Amerika hökumətinin diqqətini çəkmiş və Ruhan Muradsoy Mərkəzi Kəşfiyyat İdarəsinə cəlb edilmiş, daha sonra prezidentlə görüşdürülmüşdü.
- Zəkası, ideyaları və manipulyasiya qabiliyyəti ilə hal-hazırda ən böyük ümidimiz cənab Muradsoydu - deyə prezident qeyri-rəsmi iclasda hər kəsə bəyan etmişdi - onun dediklərinə içində olduğumuz bu demoqrafik böhran və öz imperialist diktatorluğu ilə dünyanı təhdid edən dövlətlərin yaratdığı müharibə şəraitində sorğu sualsız əməl etməliyik.
Beləcə, Ruhan Muradsoy sözün həqiqi mənasında Birləşmiş Ştatları idarə edən bir insana çevrilmişdi. Hal-hazırda dünyada sülhün bu dərəcədə pozulduğu və insan artımı, su çatışmazlığı, qida əskikliyi yaşanılan bir dövrdə son dəhşətli addımı atmaq üçün Ruhanın kəşfinə güvənilmək məcburiyyəti yaranırdı. Siyasətlə əlaqəsi olmayan bir gəncin Amerika dövlətinin başına gətirilməsi bəzi müxalifət çevrələrində çalxalantılara səbəb olsa da, Ruhan bir qaya kimi hər kəsin qarşısında dayana bilmişdi. İndi də Pentaqonda idi və ağzından bu cümlələr çıxırdı:
- Edə bilərsiniz. 16 saat sonra Azərbaycanda olacam. 20 saat sonra nüvə müharibəsini başlada bilərsiniz.
- Cənab Muradsoy, sizi bu barədə yenidən düşünməyə dəvət edirəm. Milyonlarla insan öləcək.
- Bilirəm, hislərimiz və empatik romantikliyimiz rasional təfəkkürümüzə mane olmamalıdır - Ruhan qətiyyətlə dedi - nə etdiyimizi bilirik, bu, ən sonuncu yoldur. Mən Azərbaycana gedəcəm, orda enerji qalxanları ilə qorunan təhlükəsiz bunkerim var.
- Niyə Azərbaycan? Sizə ehtiyacımız ola bilər? Burda qalsanız olmaz?
- Yox, fəlakətdəki görüş yeri ordadır. İllərdir Nərimanov metrosunu bağlatdırıb, içində bu yeri inşa etmişəm. Siz dediyimi edin və plana sadiq qalın - Ruhan son əmrlərini verib arxasını təkcə otaqda olanda insanlara yox, həm də bütün insanlığa dönərək qapıya tərəf addımladı.
- Deməli, dünyanı dağıdırıq, hə? - arxadan gələn səs onu durdurdu.
- Bəzən xilas etmək üçün məhv etmək lazımdır - Ruhan öz dediyinin doğruluğundan o qədər əmin olmasa da ona bunu məcbur edən həyatın üzünə son dəfə baxıb, qapıdan çıxdı.
Belə məqamlarda filmlərdə olduğu kimi kurtkasının sinə cibindən sevdiyi qızın şəklini çıxara bilmədiyi üçün nə hikmətsə heç cürə əzilməyən və itirilməyən bu şəkilləri daşıyan film personajlarına da əsəbləşirdi. O, Güneli itirmiş və əzilmişdi. Və təəssüf ki, sadəcə şəkillərdə deyil, reallıqda da öz əcaib qaranlığında əzilir və yolunu itirirdi. Dünya dağılırmış. Şəklinə baxa bilməsə də, xəyalında qaranlıq bir otaqda Günellə üzbəüz oturdu. Günel əvvəlcə həssas gülümsəməsi ilə onun üzünə baxdı, sonra üzü sanki Ruhanın beynindən keçənləri oxuyur və içindəki qaranlığı görürmüş kimi ciddiləşdi. Uzun əlcək geyinmiş əlləri ilə gözlərinin yaşını silərək kədərinin düz-əməlli çölə axmasına belə icazə vermədi.
- Sən neynədin, Ruhan?
- Sənə demişdim, sən olmasan mən qaranlığa qərq olaram.
- Sən belə insansan? Milyonlarla insanı öldürəcən. Milyonlarla...
- Ruhumuz qaranlığa düşəndə günahlar işləməyə başlayırıq. Günahkar günahları işləyən deyil, qaranlığı gətirəndir.
- Etmə...
- Nə etdiyimi bilirəm...
- Sən hər zaman nə etdiyini bilirsən. Hər şeyə riyaziyyat məsələsi kimi baxırsan. Sənin üçün sadəcə rəqəmlər və ikili kod sistemi var. 1 və 0. Yaxşı və pis. Hə və yox. Birlikdə xoşbəxtlik, ya da ayrılıq, hə?
- Günel, mən dayana bilmirdim...- Ruhanın da gözlərində yaş görünməyə başlayırdı.
- Niyə ayrıldın məndən? Niyə birlikdə olmadıq? Niyə səni dəli kimi sevən bir qızı tərk etdin?
- Biz birlikdə xoşbəxt deyildik.
- Səninlə bədbəxt olmağa da hazır idim mən - Günel dedi - amma sən qorxdun.
- Mən xoşbəxt olmaq istəyirdim. Həyatım boyu heç görmədiyim dəstəkçi və həmdəm axtarırdım. O ölkədən, adətlərdən və sənlə dalaşmaqdan nifrət edirdim. Mən sadəcə səni sevmək istəyirdim.
- Xoşbəxt oldunmu? Həmdəmini tapdınmı?
- Tapmadım, TAPMADIM - deyə qışqıran Ruhan yerə çöküb, hönkürtü ilə ağlamağa başladı. Onun hönkürtü dolu hıçqırtıları bu dünyanın xəyallarında olan hər kəs tərəfindən eşidildi. Ruhan elə ağlayır və içini elə çəkirdi ki, o anda bütün insanların xoşbəxtlikləri yox oldu. İnsanlıq bir daha heç vaxt xoşbəxt olmayacaqdı. Ruhandan yayılan kədər, çarəsizlik, üsyan və tənhalıq yer üzərində xoş nə varsa, hamısını silip süpürdü. Apardı, yox oldu - mən dünyamı məhv etdim - onun xəyal dünyasında ağzından çıxan son pıçıltı bu oldu.
Sonra yenidən geriyə - göydən yağan qarın fonunda ağ-qara filmə çevrilən, özü-öz ölüm fərmanına qol çəkmiş monoton dünyanın reallığına qayıtdı. Bir dəfə də burda pıçıldadı.
- Mən sənsiz bu dünyanı neynirəm ki, Günel?

Plan bütün xəbis və öncədən təyin edilmiş şeytani yazılar kimi əvvəlcədən hazırlanmışdı. Təxminən bir il idi ki, Bakıda Nərimanov metrosu yenidən təmir adı ilə bağlanmış və sərnişinlər bu stansiyada dayanmayan qatarların pəncərəsindən stansiyanın boz sakitliyinə bürünmüş tənhalığını pozan tikintini görürdülər. Tikilən isə qiyamət günü planının son sığınacağı idi. Ruhanın fəlakətdəki və görüş yerindəki kəşfi. İllər öncə Amilə demişdi. Hər şey bitdikdən sonra onu burda gözləyəcəkdi. Dünyanın yeni miladı və yeni qurucusunun Olimpus dağı bu dəfə yerin altında idi.
Ruhan Muradsoy stansiyanın düz mərkəzində yerləşən bunkerin içinə girdi. Əslində, bura bunker demək haqsızlıq olardı. Bura bitkilərlə zəngin, böyük kitabxanası, nəhəng ərzaq anbarı, musiqi alətləri, kompyuter oyun diskləri, iri tibbi yardım bazası, hər növ içkiləri və gözəllikləri olan bir saray idi. Sarayın divarları içərini xarici dünyanın bütün təhlükələrindən qoruya bilirdi. Bu bunker-sarayın xüsusi bir otağı böyük data baza cihazları, serverlər və nəhəng sistem prosessorları ilə zəngin idi. Yeni dünya küllərindən burda yaranacaqdı. Bu otağın təməli illər əvvəl Ruhanın beynində maddə və zamanı bir-birindən ayıraraq hər birinə ayrılıqda hökm etməyi istəyərkən qoyulmuşdu. Zaman isə insanların zehnində günəşin dünyayı nura qərq etməsi və qaranlığa təslim olması periodundan yaranan bir illuziyadı. Və günəş kainatın ən böyük yalançısıdır.
Ruhan Muradsoy kresloda oturaraq, arxaya söykənib gözlərini yumdu. Səssizlik və qaranlıq. Hüzur.
O anda atom bombaları dünyanın dörd bir tərəfinə yağış kimi yağmağa başladı. İlk saniyələrdə milyonlarla insan öldü. Bəzi insanlar yerlərindəcə buxarlanmışdılar. Bu insanlar bəxti gətirən insanlar idi. Milyonlarla insan isə həftələrlə və aylarla güclü yanıqların təsiri ilə dünyanın ən şiddətli əzabını yaşayaraq can verdilər. Gözləri kor edən işıq partlamaları, insanı saniyələr içində alovlara qərq edən radiasiya, külə dönmüş insanlar, dünyanın iqlimini dəyişdirərək planeti yaşanmayacaq hala salan zəhərli buludlar və yağışlar. Bütün insanlıq eyni anda qışqırırdı.

Gözün bərələcəyi; Ayın tutulacağı; Günəşlə ayın birləşəcəyi zaman, Məhz o gün insan: "Qaçıb can qurtarmağa yer haradadır?" -deyəcəkdir. Xeyr, o gün heç bir sığınacaq olmayacaqdır. (Qurani-Kərim, Qiyamət surəsi, 7-11)

Vüsal Qurbanovun yatdığı xəstəxana içindəki bütün sirləri ilə birlikdə torpağın altına çökərək məhv oldu. Yasəmən adlı bir qız Türkiyədə üstünə aşan binanın altında qaldı. Coşqunun son gördüyü şey isə Venesiyanın San Marko meydanının ona tərəf gələrək səmasını bağlayan qülləsi oldu. Polkovnik Mehmanov isə yaşadığı dörd divarın pəncərələrindən sızan radiasiyanın təsiri ilə öskürəklər içində ölərkən yüz illik halüsinasiyası ona baxaraq gülürdü. Orxan pəncərədən göylərə göbələk kimi yüksələn tüstünü görərkən bir azdan nə olacağını anladığı üçün son etdiyi şey ailəsini qucaqlamaq oldu. Fərqan isə alovlar içində yanarkən həyat yoldaşının da eynən bu cür - alovların ağuşunda can verdiyini xatırladı.
Beləcə, bəşəriyyət illər öncə yer üzündən silindi.

Ölüm sonrası düşüncələr Where stories live. Discover now