"2017-ci il avqustun 12-dən 13-nə keçən gecə Perseid meteor yağışı özünün pik nöqtəsinə çatacaq."
-Mehrac, harada veyillənirsən? Gəl, çadırı qurmağa kömək et!
"İzləmək arzusunda olanlar gözlərini səmadan ayırmasınlar."
-Gəlirəm! Özümə rahat yer seçirdim,-Mehrac dişlərini ağardaraq dostuna tərəf qaçdı. Yusifin çadır qurmaqda qətiyyən bacarığının olmaması əsas işi onun çiyinlərinə yüklənməsi ilə nəticələnmişdi. Lakin Mehrac bunu özünə dərd etmirdi-Yusifə iş buyurmaqdan, əmrlər yağdırmaqdan da xüsusi həzz alırdı. Digər sinif yoldaşlarına nəzərən onlar ikilikdə çadırı daha qısa vaxta qurub bitirmişdilər.
-Özünə nə yeri seçirdin ki?-Yusif çadırın içini döşəyərkən soruşdu,-bizim çadırda uzanmağı düşünmürsən?
-Ona görə yox, sadəcə meteor yağışını təkbaşıma izləmək istəyirəm. Yatmaq üçün yenə çadıra qayıdacağam.
-Ulduzları məndən çox sevirsən?-Yusif qolunu zarafatyana Mehracın boynuna salıb gözlərini döydü.
-Təəssüf ki,hə,-Mehrac dirsəyi ilə dostunu itələdi,-həm də meteorlar ulduz deyillər. Onlar sadəcə qaya parçalarıdır.
-Qaya parçalarını sevmək alov topalarını sevməkdən daha kədərli vəziyyətdir.
-Çadırlarınızı bitirmisiz deyəsən,-fizika müəllimləri oğlanların başı üzərində qəflətən peyda oldu,-onda gedin süfrə hazırlamağa kömək edin.
-Oldu, Elmin müəllim,-Yusif Mehracın qolundan yapışıb onu dizləri üstündən qaldırdı və ərzaqlar qoyulan masaya doğru çəkdi.
Axşam yeməyindən sonra uşaqlar bir yerə toplaşıb bir-birilərinə qorxulu hekayələr danışmağa başlamışdılar. Mehrac isə öz döşəyini çadırdan çıxarıb bayaq tapdığı tənha yerə-təpənin cənub tərəfinə doğru apardı. Bura kənd işıqlarından əks tərəfdə olduğu üçün səma daha aydın, ulduzlar isə daha parlaq görünürdü.
-Bizimlə birgə oturmayacaqsan, Mehrac?-Yusif ağzında alma çeynəyə-çeynəyə qışqırdı.
-Düz deyir də, Mehrac, hara gedirsən?-sinif nümayəndəsi Asif də dostuna dəstək oldu.
-Siz işinizdə olun, məndən ötrü nigaran qalmayın.
-Nigaran qalmaq söhbəti deyil e..Nəysə, özün bilərsən.
-Mehrac, çox uzaqlaşma,-Elmin müəllim də digər tərəfdən dilləndi.
Ona "Yaxşı!"-deyə səsləndikdən sonra Mehrac başını buladı:
-Bir əl çəkmədilər də.
Avqust ayının ortası olmasına baxmayaraq sərin hava onu üşütməyə başlamışdı, odur ki, idman formasını üzərində ulduzlar əks olunmuş qolsuz ağ köynəyinin üstündən keçirib, qabağını sərin küləyə qarşı ilgəklədi. Daha sonra gətirdiyi döşəyin üstündə uzanıb üstünü örtdü və qollarını boynunun arxasında dəstəkləyib göy üzünü izləməyə daldı.
Atasının ona hədiyyə verdiyi qol saatının soyuq toxunuşunu biləyində hiss edirdi, bu isə onun keçmiş xatirələrini yada salmasına səbəb olmuşdu. Özü artıq həyatda olmasa da, arxasında buraxdığı astronomiya sevgisinə ilk beşiyi Mehrac yiyələnmiş, gələcəkdə məşhur, atasının da qürur duyacağı bir astrofizik olmağı özünə amal seçmişdi. Hər ay ən azı bir dəfə atası ilə birgə kainatın gözlə görünən hissəsini seyrə daldığı günləri üzündə həsrətli bir gülümsəmə ilə xatırlayan Mehrac, bu dəfə də keçmişi yada salaraq köks ötürmüşdü. "Biz ulduzlardan yaranmışıq"-deyərdi atası. Uşaq vaxtı bu sözlərin nə isə fantastik, sehirli bir mənası olduğunu düşünərdi Mehrac, halbuki, indi bunun elmi mənasını da dərk edərək, atasının söyləməyi sevdiyi sözlərə ikiqat dərin məna yükləmişdi. Qəribə idi, bu sözləri öz-özünə təkrarlamaq ona təskinlik, hüzur gətirir, problem və çətinliklərini kiçildərək qarışqa boyuna salırdı. Bəlkə də həqiqətən bu sözlər özündə sehirli bir qüvvə daşıyırdı.
-Oydaaa, gördünüz ulduzu, necə uçdu?-çadırlar tərəfdən böyük bir səs-küy qopmuşdu.
-Ulduz yox, meteor,-müəllim uşağın səhvini düzəltdi.
Mehrac öz-özünə gülümsədi: meteor yağışını ilk dəfə görmürdü, lakin yenə də hər görüşü ona sevinc gətirirdi. Maviyə çalan işıq topası səmanın bir üzündən digərinə doğru yarış maşınları kimi elə sürətlə axıb keçmişdi ki, diqqətlə göyü izləməyən şəxs asanlıqla onu gözdən qaçıra bilərdi. Bu meteorla bərabər günün meteor yağışına da start verilmişdi.
Meteor yağışını izləmək xüsusi səbir və diqqət tələb edir. Gözlərini göyə zilləməkdən yorulan şagirdlər isə ikinci meteorun axışını gözləyərkən ağızlarını da boş saxlamırdılar. Mehrac səs-küydən təcrid olunmaq üçün qulaqlıqlarını çıxarıb telefonuna keçirdi və sırf bu gecə üçün düzəltdiyi musiqi listini oynatdı. Asta başlayan piano və simli alətlərin səsi Mehracı məmnuniyyətlə öz ağuşuna alaraq gözlərinin qarşısındakı füsunkar görüntünü, eyni dərəcədə möhtəşəm olan musiqi ilə tamamladı. Bu gün Mehrac yalnızlıq və düşüncələrə üstünlük verirdi və məhz bu an da arzusuna çatmışdı.
İkinci və üçüncü meteor axını ardıcıl baş verdi, lakin dördüncü bir qədər gecikirdi. Təbii ki, saat hələ gecəyarısı olmamışdı, ona görə də bir qədər də səbirli olmaq gərək idi. Mehrac özü də bilmədən musiqinin təsiri ilə mürgüləməyə başlamışdı; ağır göz qapaqları yarıyumulu vəziyyətdə, xəyalları isə uzaq qalaktikaları səyahətdə...
...Ümid edirəm ki, bu ismarıcımı eşidən şəxs tapılar. Kim olduğunu, hansı növ varlıq olduğunu, hətta şüurlu biri olub-olmadığını da bilmirəm. Ancaq bütün qəlbimlə arzulayıram ki, dediklərimi eşidir və başa düşürsən...

YOU ARE READING
İsmarıc
Science Fiction2017-ci il avqustun 12-dən 13-nə keçən gecə Perseid meteor yağışı özünün pik nöqtəsinə çatacaq. İzləmək arzusunda olanlar gözlərini səmadan ayırmasınlar...