Ölümdən sonrakı həyata inanırsan?Səncə belə bir həyat necə var ola bilər? Məqsədi nə olar? Bunu son vaxtlar çox tez-tez düşünürəm...Bəs doğulmamışdan qabaqkı həyatını xatırlayırsan? Müəllimimiz vaxtı ilə deyərdi ki, doğulmamışdan qabaq biz var olmamışdıq, ona görə də ölməyimiz də eyni cür olacaq. Mən isə, əslində, buna inanmaq istəmirəm. Çünki buna inanmağa çalışsam, onda indiki həyatım çox qısa və mənasız gəlməyə başlayar. Kiçik bir zaman aralığında mövcud olmağın kosmik bir səviyyədə baxıldıqda, dəyəri yoxdur. Səncə də elə deyil?
Mehrac yarı-yuxulu vəziyyətdə eşitdiyi fikirlərə rəy bildirmək istədi. Elmin müəllimin də dediyi kimi fikirlərini telepatiya yolu ilə çatdırmaq üçün ideyaları görüntü kimi canlandırıb, onunla danışmağa çalışan yadplanetliyə göndərməyə başladı. Qısa yaşam. Bir göz qırpımında gələn ölüm. Əlində olan vaxtdan səmərəli istifadə. Kiçik şeylərə dəyər vermək. Həyatın mənasız olmaması. Mehrac bütün xəyal gücü ilə ideyaları öz həyatından çəkilmiş sadə fotoşəkillər kimi gözünün qabağından keçirdi. Bu fotoların çoxunu zəbt edən görüntülər isə onun sevimli atası ilə keçirdiyi anlar idi. Mehrac sanki sinəsində çoxdan iz salmış o yaranın göynəməsindən aldığı əzabla onsuz da bağlı olan göz qapaqlarını daha da bərkdən sıxdı.
Mən sonsuza qədər yox olmaq istəmirəm! Mən ölümdən qorxuram...Yaşayacaq olan şəxsləri bütün qəlbimlə qısqanıram. Axı niyə Tanrı onları seçib? Niyə mənim yaşamaq haqqımın onlardan daha az olduğuna qərar verib? Tanrı niyə belə ədalətsizlik edir? Mən bunu qəbul edə bilmirəm!
Mehrac boğazında yaranan naməlum düyünü nə qədər udmağa çalışsa da, beyninə dolan qarışıq emosiyalardan və ürəyini sıxan kədərdən xilas ola bilmirdi. Adyaldan kənara çıxmış əli qeyri-ixtiyari olaraq torpağın üstündəki otları ovuclamağa və barmaqları arasında sıxmağa başladı. Hələ də yarı-yuxulu vəziyyətdə dərindən nəfəs almağa çalışdı.
Kimsə məni xilas etsin... Mən bunu etməkdə acizəm. Hətta Tanrı belə məni tərk edib. Məni dinləyən şəxs, bəs sən məni xilas edə bilərsən? Yoxsa sən də hamının etdiyi kimi məni və mənim kimi olanları tərk edəcəksən? AXI NİYƏ HƏR ŞEY BELƏ OLMALIDIR?
Mehrac kəllə qutusunu döyəcləyən kəskin ağrı ilə yerində qıvrılmağa başladı.
MƏHVƏ LAYİQ GÖRÜLMƏK ÜÇÜN HANSI GÜNAHI İŞLƏMİŞƏM?
Yadplanetlinin ismarıcları daha intensiv hal almış, əvvəlkindən daha nüfuzedici güclə Mehracın zehninə işləyirdi. Oğlan özünü bu kabusdan ayıltmaq, beynini qızın fikirlərinin sərt təmasından xilas etmək istəyirdi. Kirpiklərindən sanki daş sallanırmış kimi hiss etdirən göz qapaqları göstərdiyi ağır cəhdlərdən sonra yavaş-yavaş açıldıqda, hələ də qızın sözlərinin zehnində əks-sədasını duyduğuna and içə bilərdi.
Uzandığı yerdən dik atılıb qalxdıqda sanki ürəyinin üstündən böyük bir yük qaldırmışdılar. Mehrac bütün bunların real olmadığının verdiyi rahatlıqla iç çəkib, nəhayət göz yaşlarının sərbəst axmasına izn vermişdi. Bir müddət transdan təzə ayılmış şəkildə ətrafında olanlara fikir verməyərək qarşısında uzanan qaranlıq gecəyə baxmağa davam etdi. Sonradan isə axır ki, ətrafında yığılan dostlarının fənər işığında parıldayan narahat üzlərinin fərqinə vardı.
-Qorxulu yuxu gördün?-yaxın dostu Yusif onu qolundan tutaraq silkələdi,-bərkdən qışqırırdın. Elə bildim ki, səni ayı parçalayır.
-Hə, elə bil ki, ağır bir ayı sinəmin üstündə oturub nəfəs almağıma mane olurdu.
Uşaqlar bu sözlərə gülüşdülər və üzlərindəki narahat ifadə yoxa çıxdı. "Çadırdan kənarda yatanda belə olacaqdı da" deyən uşaqların səsi, "bəlkə də üstündə oturan elə Yusifin özü idi" deyənlərin səsinə qarışdı və hər kəs dağılışaraq öz çadırlarına qayıtdı.
-Yaxşısan artıq?-Yusif bir daha əmin olmaq üçün soruşdu.
-Narahat olma, o qədər də ağır deyildin,-Mehrac gülərək cavab verdi və Yusifi də çadıra göndərdi. Uşaqlar onu tək qoyduqdan sonra bayaq baş verənlərin yuxu deyil də, zehninə göndərilən siqnallar olduğunu özünə etiraf etməli oldu. Bu fikir yenidən onun qanını qaraltmasına bəs eləmişdi.
Axı nə baş verir? Niyə o yadplanetli ölümə məhkumdur? Ondan niyə kömək istəsin ki? Mehrac heç də ona kömək edəcək bir vəziyyətdə deyildi axı... Bütün bunlara baxmayaraq Mehrac hələ də maraq içində qalmışdı: naməlum suallara cavab tapmaq istəyirdi. Aldığı siqnallar onun beyninə dözülməz ağrı versə də, maraq duyğusu hiss etdiyi hər cür qorxunu üstələmişdi.
İsmarıcın qalanını dinləməli idi.
Nə qədər bayaq beyninə göstərilən dözülməz təzyiqin sədaları damağında qalmış acı tam kimi hiss edilsə də, o yadplanetlinin başına nə gəldiyi ilə bağlı marağı Mehracı ömürlük rahat buraxmayacaqdı. Yenidən adyal üstünə uzandıqda gözlərini ulduzlara dikərək, qolundakı saatına sığal çəkərkən, atasının işlətdiyi o fəlsəfi cümlələrdən birini də xatırladı: "Zaman pul kimidir. Ağıllıca xərcləməyi bilməlisən." Mehrac atasının zaman cəhətdən niyə kasıb olduğunu anlaya bilməsə də, 42 illik həyatını boşuna xərcləmədiyindən də şühbə etmirdi. Atasının xəyalı ilə gözlərini yuman Mehrac özünü ona asanca gələn yuxuya və qeyri-adi məxluqla paylaşdığı sirli rabitəyə təslim etdi.

YOU ARE READING
İsmarıc
Science Fiction2017-ci il avqustun 12-dən 13-nə keçən gecə Perseid meteor yağışı özünün pik nöqtəsinə çatacaq. İzləmək arzusunda olanlar gözlərini səmadan ayırmasınlar...