2. İsmarıc

20 4 0
                                    

  ...Ümid edirəm ki, bu ismarıcımı eşidən şəxs tapılar. Kim olduğunu, hansı növ varlıq olduğunu, hətta şüurlu biri olub-olmadığını da bilmirəm. Ancaq bütün qəlbimlə arzulayıram ki, dediklərimi eşidir və başa düşürsən...

Mehrac göz qapaqlarını qaldırmadan səsin kimə aid olduğunu tapmaq istədi. Amma qulağına gələn tək səs qulaqlıqlardan eşidilən musiqi idi.

...Əgər həqiqətən də məni başa düşürsənsə, yəqin ki, ilk sualın, mənim kim olduğumdur, elə deyil? Yoxsa, məni necə eşitməyinlə maraqlanırsan? Hər bir varlıq fərqli düşüncə və maraqlara sahib olduğundan sənin nə sual vermək istəyəcəyini əvvəlcədən təxmin edə bilmərəm. Həmçinin mənə cavab verə bilməyəcəyindən, sadəcə məni dinləməli olacaqsan. Ona görə də bağışla...

Hələ də yarıyuxulu olan Mehrac səsin heç yerdən gəlmədiyini, bütün bunların zehnində baş verdiyini anlamışdı. Bir tərəfdən bütün bunların necə baş verdiyini anlamaq istəsə də, digər tərəfdən sanki hipnoz olmuşcasına yad birinin zehninə doldurduğu fikirləri dinləməyə davam edirdi.

...Bütün bunların necə baş verdiyi ilə maraqlandığını saysaq, ilk olaraq bu suala cavab verməli olduğumu hiss edirəm. Elmi dərinliklərinə tam enə bilməyəcəyəm, çünki mən sadəcə bir "Əyləncə mütəxəssisi"yəm. Anamın mənə izah etdiyi qədərilə, indi göndərdiyim dalğalar Teta tezlikli olduğundan yarıyuxulu və xəyallara dalmış şüurlu varlıqların zehinlərinə çata bilirlər.Bu dalğalar düşüncə və ideyalar daşıdığından, müxtəlif varlıqlar arasında dil problemi yaratmayacaq. Yəni düşüncə vasitəsi ilə bir-birimizə ismarıc göndərmiş olacağıq. Doğrudur, indiki vəziyyətdə sadəcə mən sənə mesaj göndərə bilirəm. Sənin zehnin burada alıcı rolundadır. Mən isə verici cihazın köməkliyi ilə sənə düşüncələrimi göndərə bilirəm. Bu cihazı təsvir etmək bir qədər mürəkkəb olacaq...Başa keçirilmiş, üzəri xırda naqillərlə örtülü bir papaq kimi düşün. Cihaz mənim düşüncələrimi 4-7 Hz tezlikli Teta dalğalarına çevirir və kainat boyunca ötürür. Ötürülən bu dalğalar zehni, Teta dalğa vəziyyətində -yəni yarıyuxulu, xəyalpərəst- olan biri tərəfindən qəbul edilir...Yəni edilməsi planlaşdırılır. Halbuki, indiki düşüncələrim bir dinləyiciyə çatıbmı, bunu bilmirəm. Ona görə də, sənin məni dinlədiyini düşünərək, danışmağa davam edəcəyəm...

Mehrac zehninə daxil olan düşüncələri öz xəyal etdiyi görüntülərlə birləşdirərək, beynində danışanın təsvir etdiklərini sanki yuxu görürmüşcəsinə canlandırırdı. Göz qapaqlarının arxasında yaranan görüntüdə insanabənzər biri başında ötürücü cihazı ilə birgə ona gülümsəyir, qulaqlarına dolan musiqi fonunda onunla danışırdı...

...İkinci sualının mənim kim olduğumla bağlı olduğunu düşünürəm. Bunu izah etmək üçün yenə də sənə ideyalarımı görüntü şəklində göndərəcəyəm.

Mehrac sanki yuxuda imiş kimi hiss edirdi, halbuki, ayıq olduğuna da tamamilə əmin idi. Yumulu gözlərinin qarşısında durmuş varlığa diqqətlə baxmağa çalışsa da, görüntü gah bulanıqlaşmağa başlayır, gah da aydınlanırdı. Gördüyü qədərilə həmin varlığın saçları uzun və qalın, baxışları dərin və iynələyici idi. Üz cizgiləri nəzərə çarpmırdı, lakin tərpənən bir cüt dodağı qəribə rəngə çalırdı. Lakin cinsiyyətinə də tam əmin olmadığı varlıq insana bənzədiyi qədərilə də, ondan tamamilə fərqlənirdi. Mehrac bu varlığa qarşı heç bir yaxınlıq, doğmalıq hiss etmirdi, hətta ondan mümkün qədər uzaq olmaq istəyirdi. Şükürlər olsun ki, onun görüntüsü bir qədər də bulanıqlaşıb yox oldu və arxasında yarışəffaf kölgə buraxdı.

...Sənə öz əksimi göndərmək istədim, ümid edirəm ki, bacardım. Mənim haqqımda başqa danışacağım xüsusi bir şey yoxdur. Sadə bir "Əyləncə mütəxəssisi"yəm, bu qədər. Musiqi biliyim var, mənlə eyni planetdə yaşayan şəxsləri öz ifamla əyləndirirəm. Digər planetlərə heç vaxt getməmişəm, çünki planetlərarası səyahət edən şəxslər xüsusi biliklərə sahib olmalıdırlar. Mənim kimi bir musiqiçinin kosmik gəmilərdə yeri yoxdur...

Mehrac qəflətən gələn kədər və təəssüf kimi mənfi emosiyalarla ürəyinin sıxıldığını hiss etdi. Bu hisslərin də ona həmin varlıq vasitəsi ilə ötürüldüyündən şübhə etmirdi. Onun zehninə yüklədiyi qüssə o qədər ağır gəlmişdi ki, Mehrac bir damla göz yaşının kirpikləri arasından süzüldüyün hiss etdi. Halbuki, hələ də gözlərini açmağı bacarmırdı.

...Bağışla, özümü saxlaya bilmədim. Yəqin ki, sən də ağladığımı hiss etdin. Hələ də hisslərimi cilovlamağı bacarmadığımdan, sənə belə qəfil duyğular göndərə bilərəm. Odur ki...Əvvəlcədən üzr istəyirəm. Gəl söhbəti dəyişək, daha fərqli mövzulardan danışaq. Daha doğrusu, mən danışım... Bilirsən, bu mesajları göndərməmişdən qabaq çox fikirləşdim. Bəlkə də doğru qərar deyildi, tanımadığım və kainatın kim bilir hansı ucunda yaşayan varlığa düşüncələrimi göndərmək...Ancaq sonradan bunun lehinə qərar verdim. Bir az xudbinlik sayıla bilər, lakin mən fikirlərimi kimləsə bölüşmək ehtiyacı hiss edirəm. Buradakı varlıqlar emosiyaları tanımadıqları ilə heç vaxt bölüşməzlər. Bunun üçün həddindən artıq yaxın olmaq gərəkdir. Mənim isə sadəcə bir "qoruyucu"dan başqa heç kəsim yoxdur. Tərslikdən, o da emosiyalarla davranmağı düzgün hərəkət hesab etmir. Mən isə bunu etməyə bilmirəm, çünki mən "Əyləncə mütəxəssisi"yəm. Nə qədər lazımsız iş sayılsa da, mənim məqsədim varlıqların emosional aclıqlarını doyuzdurmaq, onlara həzz verməkdir. Musiqi vasitəsi ilə.

Musiqini sevirsənmi? Ümid edirəm ki, hə. Sən yaşayan planetdəki varlıqlar musiqiyə necə baxır? Musiqiçilər hörmətə layiq şəxslərdirmi? Kaş bu suallara cavab ala bilsəydim...

Yenə də eyni hiss. Amma bu dəfə daha aqressiv, daha alovlu şəkildə geri qayıtmış, Mehracın ürəyinin sürətlə döyünməsinə, boğazında yandırıcı düyünün əmələ gəlməsinə səbəb olmuşdu. Zehninə yenə qəribə, naməlum görüntülər dolmağa başlamışdı: əlində uzun simli alət tutmuş balacaboy bir varlıq və yanında daha iri gövdəli başqası. Böyük olan balacaya aləti necə tutmağı və çalmağı öyrədirdi. Mehracın göz bəbəkləri sola çevrildikdə yan tərəfdə dayanmış kölgəli başqa bir fiquru gördü. Bu fiqur daha zərif, lakin hündür idi və duruş tərzi digər ikisinin məşğuliyyətini təqdir etmədiyini göstərirdi.

İlk qoruyucum mənimlə eyni növdən olduğundan, bizim eyni bacarığa malik olmağımız daha normal sayılardı. Ancaq mən digər qoruyucumun musiqi həvəsini özümdə saxlayırdım. İlk alətimi əlimdə aldığım anı hələ də xatırlayıram. Qoruyucumun indi də sağ olmasını, məni görməsini çox istəyərdim. Bəlkə onda belə yalnız hiss etməzdi özümü...

Mehrac çox güman ki, onun zehnində danışan qızdan (həmin varlığın qız olduğuna qərar vermişdi) gələn qəzəb hissi ilə bədəninin titrədiyini hiss edirdi. Nəfəs alış-verişi sürətlənmişdi və ona naməlum gələn hisslər içində boğulduğunu hiss etdiyi an qəflətən yuxudan ayılmış kimi dik atılmışdı. Alnında toplanmış tər damcılarını ovucunun arxası ilə silib səmaya doğru baxdı: meteorlar daha sürətlə səmada süzülməyə başlamışdılar. Mehrac saatına baxdı: gecə saat 00:20 idi. Bayaqdan gördüklərinin yuxu, yoxsa həqiqət olub-olmadığını düşünərkən saçlarını barmaqlarına keçirdib oturduğu yerdəcə qaldı. Həqiqət olması mümkün deyildi... Axı kim başqasının zehnində danışa bilərdi ki? Telepatiya real deyildi, ola bilməzdi. Bunun elmi əsası da yoxdur. Mehrac belə reallığa yaxın yuxuları tez-tez görürdü, odur ki, bunların da yuxu olduğundan şübhə etməməli idi. Bəli, hər şey yuxu idi...Lakin ürəyi hələ də sakitləşmək bilmirdi. Adi yuxudan qalxdıqdan bir müddət sonra ürək atışları normala geri qayıdardı. Halbuki, qəlbi hələ də qəzəb və təəssüf hissi ilə döyünürdü. 

İsmarıcOnde histórias criam vida. Descubra agora