Mehrac əllərini saçından çəkib ayağa qalxdı və çadırlara tərəf getdi. Fizika müəllimini hələ də oyaq tapmağı ümid edirdi, çünki ondan soruşacağı çox şey vardı. Xoşbəxtlikdən, müəllim əlində bir fincan çayla ulduzları seyrə dalmışdı.
-Elmin müəllim,-Mehrac müəllimə yaxınlaşıb, hələ də həyəcandan əsən əllərini ciblərində gizlətdi.
-Nə olub, Mehrac?
-Sizdən bir-iki şey soruşmağa gəlmişəm.
-Buyur, dinləyirəm,-müəllim çayından bir qurtum içib Mehraca döndü.
-Sizcə, telepatiya mümkün ola bilər?
-Aha, bu çox qəliz məsələdir. Çox elm adamı bunun mümkünlüyünə qətiyyən razı deyil. Lakin bəziləri buna inanır, hətta bir-neçə uğurlu təcrübə də keçirdiklərini iddia edirlər.
-Bəs, o necə işləyir? Telepatiya yəni,-Mehrac müəllimə yaxınlaşıb yanında yerə oturdu və dizlərini qucaqladı.
-İnsanlar normalda ideyalar və görüntülərlə fikirləşirlər. Məsələn, sən bu gün dolma yemək istədiyini düşünərkən, bunu sözlərlə öz-özünə demək əvəzinə, zehnində bişmiş dolmanı xəyal edirsən.
-Düz deyirsiz,-Mehrac başını tərpətdi.
-İndi isə düşün: evə gələrkən ağlına birdən-birə dolma yemək gəlir. Və evə çatanda görürsən ki, anan dolma bişirib. Səncə bunun təsadüf olma ehtimalı necədir?
-Yəni deyirsiz ki, anam dolma bişirdiyi zaman bu düşüncələri mənə göndərmiş ola bilər? Onda mən də dolma yemək istədiyimi anama düşücə vasitəsi ilə göndərə bilərəm?
-Bu o qədər də asan deyil, lakin bəli, ümumi ideya belədir,-müəllim gülümsədi,-Başqa bir misal çəkim: qapı döyülür və ya telefon çalır və sən onları açmadan, kimin gəldiyini və ya zəng etdiyini bilirsən. Və ya yaxın dostunu düşündüyün yerdə ondan zəng gəlir. Səncə bunlar da təsadüf ola bilər, yoxsa insan beyni kiçik də olsa, telepatiya gücünə malikdir?
-Maraqlı fikirdir...Deməli telepatiya mümkün olsa, insan düşündüyü, hiss etdiyi və beynində canlandırdığı şeyləri başqa insana ötürə bilər?
-Əksini heç kəs sübut etməyib, odur ki, inanmaq olar.
-Müəllim, bəs beynin teta dalğalarında olması nə deməkdir?
-Aha, deməli bunu belə izah edə bilərik: İnsanın bütün davranış, fikir və emosiyaları onun beynindəki neyronların bir-biri ilə əlaqə qurması ilə baş verir. Bir-biri ilə əlaqə qurmağa çalışan neyronlar elektrik impulsları ötürür və bu impulsları da biz beyin dalğaları adlandırırıq. Bu dalğalar fizikadan da bildiyin kimi herslərlə ölçülür və altı cür olur: İnfra-yavaş, delta, teta, alfa, beta və qamma. Delta dalğalar, məsələn, dərin yuxuda olarkən beynimizin yaratdığı dalğa növüdür. Teta dalğaları yuxu gördüyümüz və xəyal qurduğumuz anlarda yaranır. Alfa beynimizin normal halı, beta isə yüksək diqqət halında ikən yaranan dalğa növüdür.
-Bunları bir dəfə hardasa oxumuşdum, amma deyəsən unutmuşam,-Mehrac öz-özünə dilləndi.
-Bəlkə də anatomiyadan keçmisiniz,-müəllim artıq soyumuş çayını yerə qoydu.
-Müəllim, son bir sualımı da verim: sizcə yerdənkənar həyat mümkündürmü? Mən uşaq vaxtı buna inanırdım, amma indi bilmirəm.
-İndicə burada uşaqlarla yadplanetlilərdən danışırdıq,-müəllim arxaya dönüb çadırlarda uzanmış-bəzisi dərin yuxuda, bəziləri isə səmanı izləyən uşaqları göstərdi,-Bilirsən, kainatın bu qədər böyük olduğunu nəzərə alsaq, yadplanetlilərin mövcud olmaması üçün bir səbəb tapa bilmirəm.
-Mən də,-Mehrac fikirli halda başı ilə təsdiqlədi. Bayaqkının artıq yuxu olmadığını düşünməyə başlamışdı.
-Durduq yerdə niyə belə suallar verməyə başladın?-müəllimin ona tərəf çevrilmiş üzü lampa işığında Mehracın yuxuda gördüyü varlıqları xatırlatmışdı. Mehracı qəfil bir titrəmə tutdu və cəld ayağa qalxdı.
-Sadəcə maraqlandım,-geri dönüb əvvəlki uzandığı yerə doğru getməyə başladı,-məlumata görə çox sağ olun.
-Dəyməz, amma artıq çadıra qayıtsan yaxşı olar,-müəllim arxasınca dilləndi.
Mehrac cavab vermədən yerdə uzatdığı döşəyinə tərəf getdi və arxası üstə oturub nazik adyalı çiyinlərinə atdı. Artıq gördükləri ona yuxu kimi gəlməməyə başlamışdı. Bəlkə də əslində bu günə kimi gördükləri yuxular da başqa planetdə yaşayanlar tərəfindən göndərilmiş telepatik siqnallar idi?Mehrac başını bulayıb düşüncələri zehnindən atmaq istədi, lakin bu fikirlər bumeranq kimi yenidən onun ağlına qayıtmağı bacardı. Beynini yeyən düşüncələr sonda onu bu qərarı verməyə məcbur etdi: Yenidən yuxuya gedib qızın göndərdiyi mesajları dinləyəcəkdi.
Uzanıb yerini rahatladı və gecənin sakintliyinə gözlərini yumdu: hələ də həyəcandan döyünən ürəyini sakitləşdirməli idi, yoxsa yuxuya getməsi mümkün olmayacaqdı. Dərindən nəfəs alıb gözlərini göydə uçuşan meteorlara zilləyib bir müddət eləcə tərpənməz uzandı. Ürəyində yenidən yuxuya getməsi üçün dua edirdi. Qızın ona niyə mesaj göndərmək istədiyini öyrənmək və əgər mümkün olarsa, özü də ona cavab göndərmək istəyirdi. Bəlkə həqiqətən də bunu bacara bilərdi...Kaş bacara bilsəydi...Yuxuya gedənə qədər dua etməyi davam etdirirdi...

ESTÁS LEYENDO
İsmarıc
Ciencia Ficción2017-ci il avqustun 12-dən 13-nə keçən gecə Perseid meteor yağışı özünün pik nöqtəsinə çatacaq. İzləmək arzusunda olanlar gözlərini səmadan ayırmasınlar...