...bilirəm. Onu da bilirəm ki, zehnini öz kədərimdə boğmaq düşüncəsi ağlımdan da keçmirdi. İstəmədən olurdu. Odur ki, bağışla məni. Artıq yaxşıyam. Daha ağlamayacam. Başa düşürəm artıq. Qəbul edirəm. Ölüm qədər təbii bir şey yoxdur bu kainatda. Çünki doğulan, yaradılan hər şey ölümə məhkumdur. Bu termodinamikanın bir qanunudur. Entropiyanın əsas məğzidir. Hər şey xaosa doğru gedir. Lakin çox güman ki, heç nəyin tamamilə yox olmadığını da bilirsən. Enerji heç vaxt itə bilməz, sadəcə bir formadan başqasına çevrilər. Mənə təskinlik verən də məhz bu məlumatdır. İnanclı biri olub-olmadığını bilmirəm,əziz dinləyici, ancaq mən bizim ruhumuzun da yox olmayacağına və hansısa bir formada varlığını davam etdirəcəyinə bütün qəlbimlə inanıram.
Mehrac daxilinə çökən rahatlıq duyğusu ilə dərindən nəfəs aldı. Hüzura gedən yol olanları qəbullanmaq və olacaqlara qarşı olan inancdan keçirdi. Mehrac yuxulu bir şəkildə çox güman ki, bu fikrin sahibinin də atası olduğunu düşündü. Lakin hələ də əsas suallarına cavab tapa bilməmişdi.
Sənə hər şeyi danışmadığımı indi xatırladım. Yəqin ki, bir çox şeylə maraqlanırsan. Halbuki, mənə ismarıc göndərmək hələ də sənin üçün mümkün deyil. Odur ki,özümü sənin yerinə qoyaraq, mənə vermək istəyəcəyin sualları təxmin edəcəyəm.
Mehracın zehninə yeni görüntülər dolmağa başladı. Göz işlədikcə al-əlvan çəmənlik görürdü, bu rənglərin otlara yoxsa çiçəklərə aid olduğunu isə dərk edə bilmirdi. Yuxu kimi bir az dumanlı, bir az anlaşılmaz görüntülərdən baş çıxara bilməyəcəyini anlayaraq beynini sərbəst buraxmağı qərara aldı. Görüntü səmaya doğru çevrildikdə Mehrac iki günəşin mövcud olduğunu gördü. Biri iri, bəyaz parıltılarla təpədə durmuşdu, digəri isə bir qədər balaca idi və üfüqə doğru çəkilərkən qırmızımtıl işığı ilə buludları çəhrayı rəngə boyayırdı. Qulaqlarını qıdıqlayan vızıltı səsinə dönərkən, sürü ilə uçan xırda cücü-quş qarışımı heyvanların düz yanından keçdiyinin şahidi oldu. Gördüyü ən möhtəşəm lusid yuxulardan da inandırıcı olan bu görüntü qəlbini yeni həyəcanla doldururdu. Ayaqlarını tərpədib əlvan otlar üstündə yeridikcə, barmaqlarını sığallayan otların sərin toxunuşları ona həqiqət kimi gəlirdi. Bir-iki addımdan sonra düz qarşısında peyda olan yadplanetlini gördükdə isə bir qədər diksinmişdi. Əlindəki qabdan açıq mavi rəngli mayeni içən bu nəmalum oğlan ( cinsiyyətini necə anladığını özü də bilmirdi) gülümsəyərək içkini ona təklif etdi. Üzünü rahat görməkdə çətinlik çəkdiyi bu oğlanın təbəssümü Mehracın qəlbini ilıq bir içkinin mədəsinə verdiyi həzz ilə doldurdu. Əlini atıb bəzəkli qabı oğlandan aldıqda barmaqları onunkularla təmas etdi və Mehrac kürəyindən keçən soyuq cərəyanla titrədi. Qabı düşünmədən dodaqlarına yaxınlaşdırıb mayedən bir qurtum aldıqda, tropik meyvə dadı verən içkini acgözlüklə boğazından aşağı boşaltmaq arzusunu yatışdırmaq məcburiyyətində qalmışdı. İndicə eyni qabdan içən oğlanın ağız suyunun onunkuna qarışdığını xatırladıqda, dolayı yolla öpüşdüklərini dərk etdi. Boğazından aşağı sürüşən mayenin temperaturu soyuq olsa da, Mehrac yanaqlarının utancdan qızardığını duyurdu.
Bu hisslər ona aid deyildi. Bu yuxu ona telepatik görüntülər göndərən yadplanetlinin xatirələri idi. Mehrac sanki birinin gündəliyini oxuyurmuş kimi xəcalət və vicdan əzabı ilə yuxunu zehnindən qovmağa çalışdı. Amma birdən-birə kəsilən görüntü səbəbilə buna cəhd etməsinə ehtiyac qalmamışdı.
Bağışla,sənə planetimizin ən gözəl mənzərəsini göstərməyə çalışırdım. Əslində bacarmadım sayılmaz. Bəzən mənzərəni gözəlləşdirən əslində dəyər verdiyimiz insanlardır, elə deyil?Bizdə soyuq ayın son gecəsi, ilıq ayın ilk günəşi ilə bərabər yerinə yetirdiyimiz bir adətimiz var: həyatımızda baş vermiş ən gözəl xatirəni yada salaraq bundan sonra həyatımıza müsbət əhval-ruhiyyə ilə başlayarıq.Əgər soyuq ayı bitirənə qədər sağ qalsaydım, bu dəfəki gözəl xatirəm məhz sənə səhvən göndərdiyim görüntülər olacaqdı. Bəlkə də onun sağ qalacağını düşünərək təsəlli tapmalıyam. Bəli, məhz bunu etməliyəm...
Mehrac ürəyini isidən görüntünün kədərli aurasını zehninə hopmasının qarşısını ala bilməzdi. Özü də istəmədən yadplanetli qız ilə bölüşdüyü zehninin kiçik bir hissəsi artıq yaşadığı ögey hisslərə öyrəşmişdi. Artıq bu hisslər əvvəlki kimi ögey də deyildi sanki.
Çox güman ki, maraqlandığın mövzulardan biri də niyə ancaq ölümdən danışdığımdır. İndi bunu izah etmək istərdim. Sənə göstərdiyim planet sizdən uzaq bir qalaktikada yerləşən qoşa ulduz sisteminin ətrafında dövr edən yeddi planetdən ikincisidir. İki günəşimizdən biri batarkən, digəri doğur, lakin bəzi vaxtlar onların ikisini də eyni anda səmada görmək mümkün olur. Bu nadir hallardan biridir və xüsusi bir şənliklə qeyd edilir. Günəşlərin ikisinin də səmada görünmədiyi vaxtları biz evdə ailə arasında, dualar və gözəl söhbətlərlə keçiririk. Bizim planetdə olan müxtəlif ölkələr arasında şükürlər olsun ki, müharibələrə son verərək sülh yaratmışıq. Lakin son vaxtlarda alimlər hər kəsi narahat edən xəbərlər verməyə başlamışdılar:günəşlərdən biri supernovaya çevrilmə mərhələsini tamamlamaq üzərədir. Bu isə onun tezliklə partlayacağı mənasına gəlir...
VOCÊ ESTÁ LENDO
İsmarıc
Ficção Científica2017-ci il avqustun 12-dən 13-nə keçən gecə Perseid meteor yağışı özünün pik nöqtəsinə çatacaq. İzləmək arzusunda olanlar gözlərini səmadan ayırmasınlar...
