Çox güman ki, maraqlandığın mövzulardan biri də niyə ancaq ölümdən danışdığımdır. İndi bunu izah etmək istərdim. Sənə göstərdiyim planet sizdən uzaq bir qalaktikada yerləşən qoşa ulduz sisteminin ətrafında dövr edən yeddi planetdən ikincisidir. İki günəşimizdən biri batarkən, digəri doğur, lakin bəzi vaxtlar onların ikisini də eyni anda səmada görmək mümkün olur. Bu nadir hallardan biridir və xüsusi bir şənliklə qeyd edilir. Günəşlərin ikisinin də səmada görünmədiyi vaxtları biz evdə ailə arasında, dualar və gözəl söhbətlərlə keçiririk. Bizim planetdə olan müxtəlif ölkələr arasında şükürlər olsun ki, müharibələrə son verərək sülh yaratmışıq. Lakin son vaxtlarda alimlər hər kəsi narahat edən xəbərlər verməyə başlamışdılar:günəşlərdən biri supernovaya çevrilmə mərhələsini tamamlamaq üzərədir. Bu isə onun tezliklə partlayacağı mənasına gəlir...
Alimlər hesablamalara görə bu partlayışın bizim planeti məhv edəcəyini söyləyirlər. Bu xəbərlərin nəticəsində bütün ölkələr birləşərək qoşa ulduz sistemimizin dördüncü planetində məskən salmağı və yeni həyat qurmağı planlayırlar. Bu planlar müvəffəqiyyətlə davam edir, lakin hazırlanmış kosmik gəmiyə yerləşdiriləcək insanların sayı məhdud olduğundan, sadəcə ən lazımlı insanları digər planetə aparmaq qərarına gəlirlər.Və təxmin etdiyin kimi də, mən bu insanlar arasında yoxam. Heç mənim ailəm və ən yaxın dostlarım da yoxdurlar. Bizə qalan isə günəşimizin son anlarına şahid olmaqdır.
Sənə ismarıc göndərə bildiyim cihazı ixtira edən mənim yaxınlarımdan biridir, odur ki, onun sayəsində kosmik fəzaya ismarıclar göndərmək lütfünü əldə edən nadir insanlardan olmuşam.Əgər maraqlanırsansa, onu da deyim ki, həmin yaxınım bu planeti kosmik gəmidə tərk edə bilməyəcək. Səyahət üçün həddindən artıq yaşlıdır və onsuz da səyahəti sonlandıracaq gücdə deyil.
Əziz dinləyici, ümid edirəm ki, bu qədər məlumat yetərlidir. Mənə kömək edə biləcək vəziyyətdə olmasan da, məni dinləməyin kifayət edər. Çünki bu ismarıcları göndərməkdə məqsədim yardım istəmək deyil də, kədərimi bölüşə biləcəyim birini tapmaqdır. Ümid edirəm ki, düşüncələrim kiməsə çata bilmişdir. Məni dinlədiyin üçün minnətdaram, əziz dinləyici. İnsan həyatı nə qədərdir bilmirəm, amma sənə arzuladığın qədər ömür nəsib etmək üçün tanrıya dua edəcəm. Ölüm qəfildir ancaq onu da qınamaq olmaz. Bəziləri üçün əslində ölüm tanrı tərəfindən göndərilmiş mərhəmətdir. Mən ölümlə barışmışam, lakin həyatım boyu yaşamadığım üçün peşman olacağım şeyləri arxada qoymaq istəmirəm. Elə buna görə də, əziz dinləyici, mən ona öz hisslərimi açıb deyəcəyəm. Kosmik gəmi yola düşməmişdən qabaq son fürsətdən istifadə edəcəyəm. Sonra isə...Ulduzun intiharına şahidlik edəcəyəm.
Təxmin etdiyin kimi, bu ismarıcım sənə gəlib çatanda artıq həyatda olmayacağam. Neyləmək olar, düşüncə dalğaları işıq sürəti ilə yayılır. Bu ismarıc sənə çatdıqda bəlkə də mənim ölümümdən çox uzun bir zaman keçmiş olacaq. Lakin ümid edirəm ki, intihar etmiş ulduzun qırıntıları sizin planetin səmasında meteor axınlarına səbəb olar. Və əgər o meteor axınlarını görmək fürsəti əldə etsən, məni xatırla. Çünki mən sonsuza qədər məhv olmaq istəmirəm.
Zehnindəki səs susduqda Mehrac qeyri-ixtiyari olaraq gözlərindən süzülən yaşları silmək üçün əlini qaldırmağa çalışdı, lakin bütün bədəni sanki öyrəndiklərinin təsiri ilə hissizləşmişdi. Hələ də bağlı göz qapaqlarının arxasında nəhəng bir işıq tamaşası ilə partlayan ulduzun həzin intiharını gördü. Ətrafa saçılan sarı-qırmızı alovlar irəliləyərkən qabağına çıxan hər şeyi süpürüb uzaqlara saçırdı. Yadplanetlinin yaşadığı planet partlayış dalğasının təsiri ilə parçalara ayrılır və ətrafa səpələnən alovlu qaya hissələri sürü ilə hərəkət edən meteor axınlarına çevrilirdi. Halbuki, Mehrac bütün bunların sadəcə öz zehnində başan verən xəyal olduğunu bilirdi. Bəs niyə bütün bu görüntülər ona həqiqət kimi gəlirdi? Niyə kabus qədər qorxunc bu hadisə onun xülyalarında ecazkar gözəllikdə bir kosmik təzahür idi?
Nə qədər çəkdiyi bilinməyən kabusdan ayılmağa çalışan beyni Mehraca gözlərini açmaq əmrini verdi. Arxası üstə uzanılı olan oğlan gözlərini qarşısındakı sonsuz boşluğa zillədi. Sanki ulduzlar içərisində məhz o yadplanetlinin yaşadığı qoşa ulduzlu sistemi tapacaqmış kimi. Təəssüflər olsun ki, qızın ismarıcları artıq keçmişdən gələn bir xatirə, əks-sədadan başqa bir şey deyildi. O planet, o qız artıq yaşamır. Mehrac isə sağdır. Və Mehrac onu da bilir ki, ikiəlli yapışdığı bu həyatının bir saniyəsini belə mənasız şeylərə xərcləyəcək vəziyyətdə deyil. Ölçüsü bilinməyən kainatda yerləşən kiçicik həyatını məhz dilədiyi şəkildə yaşamaq məcburiyyətindədir.
Bir gün intihar etməyə hazırlaşan və bəlkə də çoxdan etmiş ulduzları seyr edərkən buna daha da əmin olurdu.
ESTÁS LEYENDO
İsmarıc
Ciencia Ficción2017-ci il avqustun 12-dən 13-nə keçən gecə Perseid meteor yağışı özünün pik nöqtəsinə çatacaq. İzləmək arzusunda olanlar gözlərini səmadan ayırmasınlar...
