Fəsil 2

57 3 0
                                    

Elinanı yuxudan atasının uzaqdan gələn səsi oyatdı. Atası həmişə olduğu kimi uca səslə telefonla danışırdı. Elinaya uşaqlıqdan bəri onun niyə sırf telefonda belə danışdığı maraqlı gəlmişdi. Bəlkə də atası bu səs tonunun telefonun digər tərəfindəki insanlarda ona qarşı qorxu yaradacağını fikirləşirdi. Elinanın ailəsinin böyük bir biznesi vardı. Onlar Azərbaycanın ən böyük sitrus bağlarına sahib idilər. Ən bahalı restoranlarda sadəcə onların xüsusi üsullarla yetişdirdiyi limonlardan istifadə olunurdu. Bu da onların işlərinə daha məsuliyyətli yanaşmalarına səbəb olurdu. Onlar demək olar ki, vaxtlarını şəhərdən kənarda keçirirdilər.

Elina yorğun halda ayağa qalxdı. O, üzünü bacısının yatağına doğru çevirdi və yatağın üzərindəki qəhvəyi, yumşaq ayı oyuncağına baxmağa başladı. Elina o ayını gördükcə göz yaşlarını saxlaya bilmirdi. Kədər və göz yaşı yenə onu həmin günə qaytardı.

Yanvar ayının ilk həftələrində universitetdə ənənəvi olaraq final imtahanları keçirilirdi. Bütün tələbələr GPA-larının yüksək olması üçün var güclə çalışırdılar. Elina Ömər qədər güclü və bacarıqlı kimya mühəndisi olmasa da, çox çalışqan idi. Ömərin onun imtahana hazırlaşmasında çox köməyi dəyirdi. Elina həmin anları Ömərlə birlikdə keçirə bildikləri az saylı gözəl vaxtlardan hesab edirdi.

Elinanın başı o qədər qarışmışdı ki, birinci kurs tələbəsi olan bacısının imtahanlarının onunkulardan tez bitdiyini və evdə tək qaldığını unutmuşdu. Çox yaxşı keçən bir imtahandan sonra Elina evinə gəlmişdi. Gözləri sevinclə dolu idi. "Nigar, evdəsən? İmtahanların bitmə şərəfinə o çox istədiyin ~Əjdahanı necə əhilləşdirməli 3~ filminə bilet almışam. Heyy, məni eşitmirsən?" Elina bacısının otağının qapısını açdı. İlk dəfə idi onun xəbərdarlığı olmadan Nigar otağı səliqəyə salmışdı, amma otaqda heç kim yox idi. Onun mətbəxdə ola biləcəyini fikirləşib, oraya doğru irəliləyərkən, birdən qarajın yanında xüsusi anbar kimi düzəldikləri yerin qapısının açıq olduğunu gördü. Bu yerdə valideynləri özəl müştərilərə göndəriləcək limonları saxlayırdılar. Uşaq vaxtı iki bacı oraya girib "Kim üzü turşumadan daha çox limon yeyə bilər?" deyərək oyun oynamağa başlayardılar. Nigarın sitrus meyvələrinə olan allergiyası üzə çıxdıqdan sonra valideynləri həmin anbarı kilidlədilər. O qədər uzun illərdən sonra buranı açıq görmək Elinaya qəribə gəldi. Ürəyində anasının onlar böyüdüyü üçün artıq buranı kilidləməyə ehtiyac duymadığını fikirləşirdi. Yəni, Nigar artıq onu anafilaktik şoka sala biləcək meyvəni yeməməli olduğunu anlayacaq yaşa gəlmişdi. Elina oraya yaxınlaşdıqca anlamadığı səbəbdən ürəyi döyünməyə başladı. "Nigar, ordasan? Nigar..." Elina içəriyə baxanda yerində donub qaldı. Bacısı sevimli ağ donu ilə qutularla dolu yerdə uzanıb qalmışdı. Qutuların bəziləri açılmışdı, hətta bəzi limonlar yerə tökülmüşdü. Elina nə baş verdiyini anladı və o an dizləri üstü çökərək yıxılıb qaldı. Var gücü ilə qışqırmaq istəyirdi, səsinin çata biləcəyi ən yüksək həddə qədər qışqırmaq. Amma gözləri bacısının allergiyasının əmələ gətirdiyi qırmızı səpgilərdən ibarət cansız bədənindən başqa bir şey görmürdü...

Elina balaca ayını qucaqlayarkən çiynində bir əl hiss elədi. Atasının baxışlarından hələ də qızının intiharında özünü günahlandırdığı hiss olunurdu. O, dərin bir nəfəs aldı "Biz ananla bir qərar verdik. Bu ev də daxil olmaqla bizə məxsus olan hər şeyi satdıq. İkimizin də burdan uzaqlaşmağa ehtiyacımız var. Sənin üçünsə Maria ilə danışdım. Təhsilini bitirənə qədər universitetin yataqxanasında onunla birlikdə qalacaqsan. Bank hesabında ehtiyacını qarşılayacaq qədər məbləğ olacaq."

Bütün bu hadisələrdən sonra Elina bu qərarın hər kəs üçün ən doğru qərar olduğunu anlayırdı. Buna görə də razılaşmaqdan başqa çarəsi yox idi. Bəlkə də valideynlərinin uzaqda olması onların heç vaxt Elinanın etdiklərindən xəbər tutmamağına kömək edəcəkdi...

Dörd MühəndisWhere stories live. Discover now