Fəsil 1

106 4 0
                                    

2 aprel 2019. Saat 20-yə yaxınlaşırdı. Elmir dəhlizi gəzərək otaqlara nəzarət edirdi. Onun mühafizəçi olaraq zövq aldığı tək iş demək olar ki, bu idi. Bomboş dəhlizləri gəzərkən qəlbində həmişə bu universitetin bir parçası olacağı günü xəyal edirdi. Ona tapşırılan bina əslində o qədər də böyük deyildi. Burda daha çox sinif otaqları, labo­ratoriyalar, kompüter otaqları və bir böyük idman zalı var idi. Bu bina mühəndislik üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdu. Kimya laboratoriyasının işıqları saat 12-yə, hətta bəzən 2-yə kimi açıq olurdu. Burada universitetin ən yaxşı kimya mühəndisliyi təhsili alan 4-cü kurs tələbəsi Ömər Aslanov işləyirdi. Normalda uni­versitetin laboratoriyalarından istənilən vaxt istifadəyə, sadəcə, müəllimlərə icazə verilirdi. Lakin Ömərin yüksək nailiyyətləri, həmçinin beynəlxalq müsabiqələrdən qazan­dığı bütün pulları laboratoriyanın fonduna bağışlaması onu buranın sahibinə çevirmişdi. Elmir onu hər zaman maraqla izləyirdi. Ömər o qədər planlı və nizamlı işləyirdi ki, heç vaxt Elmirin onu izlədiyinin fərqinə belə varmırdı. Ömər həmişə təhlükəsizliyə önəm verirdi. Buna görə də alətləri düzgün və qaydasında işlətməyi bacarırdı. Ətrafa baxmaq, işləyən zaman telefonunun açıq olması və kiminsə içəri girib onun fikrini yayındırması onun üçün dözülməz bir hal sayılırdı. Elmir onun bu ciddiliyi barədə eşitmişdi və bacardığı qədər görünməməyə çalışırdı. Ömər qəflətən əlindəki 250 ml-lik boş beakeri yerə saldı. Deyinərək yerdəki şüşə qırıntılarını təmizləməyə başladı. Elmir üçün bu mənzərə qəribə idi, çünki Öməri heç vaxt belə gərgin və əsəbi görməmişdi. Ramez müəllimin dəhşətli ölümündən iki həftə keçməsinə baxmayaraq, sanki universitetdəkilər hələ də bu şoku ata bilməmişdilər. Gecə vaxtı sərxoş bir sürücü tərəfindən törədilən qəza nəticəsində həyatını itirən və heç kimin sevmədiyi bu müəllimin nəyə görə hələ də hər kəsi narahat etdiyi Elmirə məlum deyildi.

Elmir Öməri izləməyi dayandırıb, idman zalına doğ­ru irəlilədi. İdman zalından Çaykovskinin "Qu gölü" bale­tinin musiqi sədaları eşidilirdi. Elmir yavaş-yavaş oraya yaxınlaşdı və içəridə balet edən Mariaya tamaşa eləməyə başladı. Maria Cəfərova bu universitetin kompüter mühən­disliyi ixtisasında təhsil alan ən ağıllı tələbəsi idi. Heç bir oğlan proqramçı onun yazdığı mükəmməl proqram və oyun kodlarının dördə birini belə yaza bilmirdi. Marianın aktiv həyat tərzi, xarici görünüşü və bacarığı onu hamının heyran olduğu qıza çevirmişdi. Qısa qara saçları, açıq-qəhvəyi gözləri və özünəməxsus geyim üslubu ilə hər zaman diqqət mərkəzində olmağı bacarırdı. O, hamının ona baxmasından və məşhur olmaqdan həzz alırdı. Anası və atası Maria Kürinin həyatından bəhs edildiyi, mağazada bir ədəd qalmış kitab üstündə mübahisə apararkən tanış olmuş və bu səbəblə yeganə qızlarının adını Maria qoymuşdular. Maria öz adını çox sevirdi və ona bu qədər tam yaraşacaq bir başqa adın olmadığını fikirləşirdi.

Maria Ömərdən fərqli olaraq birinin ona tamaşa etdi­yinin tez fərqinə varırdı və bu dəfə də belə oldu. Elmirin orda olduğunu anlayan Maria baletini dayandırdı və səs ucaldıcıya qoşulmuş MP3 playerini söndürdü. Elmir bir an ordan çıxıb getmək istədi, lakin Marianın ona tərəf gülümsəyərək gəldiyini görüb fikrindən daşındı.

"Görünür, mühafizəçi olaraq vəzifəni çox yaxşı yerinə yetirirsən".

"Əlbəttə. Hər dəfə bu saatlarda otaqları nəzərdən keçir­məliyəm".

"Amma bu otağı nəyə görəsə digərlərindən daha uzun nəzərdən keçirdin".

Maria gülümsəməyə davam edirdi.

Elmir bir az qızardı və sözünə davam etdi: "Mənim yerimdə kim olsa belə gözəl rəqs edən bir xanıma saatlarca tamaşa edə bilər."

Maria Elmiri diqqətlə süzməyə başladı. Elmir də onlarla eyni yaşda, kürən saçlı, ağappaq dərisi və çox ideal bir bədəni olan gənc oğlan idi. Onlardan fərqli olaraq Polis Akademiyasında oxumuş, lakin özünü oraya aid hiss etmədiyi üçün təhsilini yarımçıq qoymuşdu. Ulduz universitetinin idarəçiləri universitetin təhlükəsizliyinə çox önəm verirdi və bu gənc yaşlı, güclü və özünü isbat etmiş cavan oğlan onların çox xoşuna gəlmişdi. Bir dəfə universitetə bıçaqla dostlarına hücum edən bir tələbəni dayandırmağı bacarmış və bütün universitetin gözündə yüksəlmişdi. Maria o gündən bu yana bildirməsə də, onda Elmirə qarşı bəzi hisslər yaranmışdı. Bu günə qədər həmişə universitetin özünü bəyənmiş oğlan tələbələri ilə vaxt keçirən və qısa çəkən münasibətlər qurmaqdan yorulan Maria, bəlkə bu dəfə fərqli bir macəranın maraqlı ola biləcəyini fikirləşirdi.

Ömər idman zalının qarşısından keçərkən qapının tamamilə açıq olduğunu və orda söhbət edən Maria ilə mühafizəçi oğlanı gördü. Əsəbi halda içəri, Marianın yanına doğru irəlilədi. Sanki Elmir orda yoxmuş kimi Mariaya baxmağa başladı. "Maria, Elina bizi gözləyir. Sən hələ hazır deyilsən?"

Ömərin səs tonu Marianın xoşuna gəlmədi. "Hələ saat 11 olmayıb. Hara tələsirsən? Elmirlə söhbət edirdik. Sən də qoşul."

Elmir Öməri ilk dəfədir bu qədər yaxından görürdü. Ömər heç vaxt aşağı təbəqə saydığı işçilərlə göz təması qurmazdı. Hətta əlindən gəldiyi qədər onları görməməyə çalışırdı. Elmir yemək fasilələrində digər işçilərin Ömər haqqında "Özünü bəyənmiş, lovğa və kibirli" dediyini eşidirdi. Lakin heç vaxt onların bu fikirləri ilə razılaşmırdı. O, Ömərin onun işinə yaramayan insanlarla əlaqə qurmağının sadəcə vaxt itkisi olaraq saymasını anlayırdı.

"Maşında gözləyirəm. Tez gəlməyə çalış". Ömər bunları dedikdən sonra ordan uzaqlaşdı.

Maria Ömərin bu kobudluğunun Elmirin xətrinə dəyə biləcəyindən narahat oldu. "Ona fikir vermə. Onun əsəbi sənə deyil, bütün dünyayadır".

Elmir anlayışlı üz ifadəsi ilə Mariaya gülümsədi. "İnan mənə həyatımda ondan daha tərs insanlar görmüşəm".

Maria əşyalarını yığışdırmağa başladı. "Ömər əsəbi­ləşmədən mən gedim. Yoxsa gün boyu başımı xarab edəcək. Özünə yaxşı bax. Yenidən mütləq söhbətimizi davam edə­rik". Maria göz vuraraq paltar dəyişmə otağına doğru getdi.

***

Elmir giriş qapısında olan stolunda əyləşdi. Maria qapıdan çölə çıxarkən ona gecən xeyrə deyib, Ömərin maşınına tərəf getdi. Maria ilə olan qısa söhbətləri Elmirin çox xoşuna gəlmişdi. O, gülümsəyərək öz notebookuna baxmağa başladı. E-poçtlarını yeniləyərkən birdən Ulduz universitetindən gələn bir mesajı gördü. Elmir bir anda ürəyinin necə bərkdən döyündüyünü hiss etdi. Onun üçün dünya sanki bir anlıq donmuşdu. Əlləri əsə-əsə, qorxu və həyəcanla gələn e-poçtu açdı. Yazılanları oxuduqca özündən asılı olmadan gözlərindən sevinc göz yaşları tökülməyə başladı...

Dörd MühəndisDonde viven las historias. Descúbrelo ahora