20 mart gecəsi. Universitetdə və küçələrdə heç kimin olmadığı, insanların evində ailəsilə birgə keçirdikləri Novruz bayramı günü. Bu bayram Azərbaycan xalqı üçün barış, sevgi və xoşbəxtlik gətirən, həmçinin yazın gəlişinin təntənə ilə qarşılandığı gün sayılır. Buna görə hər kəs bu bayrama xüsusi hazırlaşar, süfrədə və ya tonqal başında sevdikləri ilə birgə olardı. Xarici ölkə vətəndaşı olan Ulduz universitetinin müəllimləri də bütün işlərini atıb, bu bayramın necə keçirildiyini maraqla izləyirdilər. Ramezdən başqa...
Ramez bu universitetin ən ciddi və qəddar müəllimlərindən biri idi. Ona nə Novruz, nə də yazın gəlişi maraqlı idi. Qəlbi kin və sevgisizliklə dolu olan Ramez həmin gün də gecəyə qədər ofisində oturub uşaqlar üçün ən çətin sualları hazırlayırdı. O, imtahan ərəfəsində bütün diqqətini suallara yönəldirdi. Xırda bir səhv belə onun üçün dözülməz bir hal sayılırdı. Onun yazdığı sualların hamısı mükəmməl olmalı idi. Heç bir müəllim və şagird onda qüsur tapa bilməzdi. Ramez buna imkan verə bilməzdi.
Ramez ömrü boyu öz ayaqları üzərində duran və tək yaşayan biri olub. Bu günə qədər də heç kimin həyatına girməsinə icazə verməyib. O, Əfqanıstan müharibəsində öz ailəsini itirmişdi. Bu hadisədən sonra həyatın çətinliklərini uşaqlıqdan dərk etmiş, öz gələcəyini qurmaq üçün var gücü ilə çalışmışdı. Ramez kəskin zəkası ilə məktəb illərindən bəri öz yaşıdlarından seçilirdi. Onda olan güclü riyazi bacarığın fərqinə varan müəllimləri, Ramezin uğurlu bir gələcək qurmasına kömək etmişdilər. Ramez 18 yaşında Amerikanın Pensilvaniya Universitetində tam təqaüdlü təhsil almaq şansı qazanmışdı. Həmin dövrlərdə o, özünü daha da inkişaf etdirmiş və universitetdən ən yüksək nəticələrlə məzun olmuşdu. Ramez bəzi səbəblərdən ötrü Azərbaycana köçmüş, buranın ən prestijli universiteti olan Ulduzda kompüter elmləri müəllimi olaraq işə başlamışdı. Şəxsi həyatı isə iş həyatından tamamilə fərqlənirdi. Onun ətrafında heç bir dostu yox idi. Nə müəllimlər, nə də şagirdlər onunla yaxınlıq qurmağa cəhd edirdilər. Üzündəki nifrət dolu baxışlar insanları ondan uzaqlaşdırırdı.
Saat 12-yə yaxınlaşırdı. Ramez bir az dincəlmək üçün qəhvəsini götürüb, pəncərəyə yaxınlaşdı. Həmin an onun diqqətini aşağıda gördüyü insanlar çəkdi. Bu sifətlər təbii ki, ona tanış idi. Əlindəki plastik stəkanı nifrətlə sıxıb onları müşahidə etməyə başladı. Hər saniyə əsəblərinin daha da gərginləşdiyini hiss edən Ramez sonda dayana bilməyib nazik, tünd boz paltosunu əyninə keçirib, aşağı düşdü. Onun üçün keçmişi ilə üzləşmək vaxtı çoxdan gəlib çatmışdı.
20 dəqiqə sonra. Ramez qəzəblə universitetə geri qayıdırdı. Bir az əvvəl yaşadıqları üzündən əlinin əsməyini saxlaya bilmirdi. O, təklik və nifrətlə dolu həyatından bezdiyini hiss edirdi. Burdan çıxıb getməli olduğunu fikirləşməyə başladı. Artıq onu buraya bağlayan heç bir səbəbin olmadığını düşünən Ramez, həyatında yeni bir səhifə açmalı olduğunu anladı. Ramez özünün 2018 model qara Nissan Sentra maşınından bəzi sənədləri götürüb, yolun digər tərəfinə, universitetin giriş tərəfinə doğru irəlilədi. Novruz bayramı olduğundan həmin birtərəfli dar yol boş idi. Ona görə yolu keçərkən sol tərəfə baxmağa ehtiyac duymurdu. Ağlında bundan sonra nələr edəcəyinin planını qurarkən birdən-birə xəyal dünyasından qopdu. Daha doğrusu, dayanan beyni deyil, ayaqları idi. Ayaqları tərpənmirdi. Olduğu yerdə dayanıb qalmışdı. Ramez əvvəl nə baş verdiyini anlamadı. Sanki bataqlığa düşmüş kimi yolun ortasında dayanıb qalmışdı. Nə qədər təzyiq göstərsə də ayağını tərpədə bilmirdi. Yapışqan tələyə düşmüş bir milçəkdən fərqi yox idi. Telefonunu çıxarıb kömək üçün zəng vurmağa hazırlaşan anda birdən uzaqdan üzünə doğru açılan maşın farasının işıqlarını gördü. İşıqlar o qədər kəskin idi ki, Ramezin az qala gözləri kor olacaqdı. Bir müddət sonra həmin işıqların ona doğru gəldiyini hiss etdi və o an bunun nə demək olduğunu anladı. Bu onu öldürmək üçün hazırlanmış bir plan idi... Ramez gözlərini yumdu və canının çox ağrımamağı üçün Tanrıya yalvarmağa başladı. Lakin bir xeyri olmadı. Maşın o qədər böyük sürətlə onu vurdu ki, bədəni göydə ən az üç dəfə dövr etdi. Beli üstə yerə dəyən anda son gördüyü tək şey göydəki ulduzlar idi...
BINABASA MO ANG
Dörd Mühəndis
Mystery / ThrillerUlduz Universiteti Azərbaycanın öndə gedən universitetlərindən biridir. Burada ölkənin ən yüksək nailiyyətlərinə sahib tələbələr təhsil alırlar. Maria, Ömər və Elina da onlardan biridir. Bir-birlərinə çox bağlı olan bu üç dost zəngin həyatı, geyim...