Fəsil 6

41 2 0
                                    

Ömər səhər saatlarında, universitetin kampusu ətrafında hər zaman nizamla yerinə yetirdiyi səhər yeriyişini edirdi. O, Ipodunda "Jonsi-Together from Afar" mahnısına qulaq asa-asa universitetin kapmusundan kənarda yerləşən, lakin, universitetə aid olan üçmərtəbə binaya yaxınlaşdı. Bura müəllimlərin və universitetin işçi heyətinin ofisləri, tələbələrin sənəd qəbulu və qeydiyyatı şöbəsinin olduğu bina idi. Bu bina universitetin giriş darvazasından kənarda olduğundan oranın qarşısında ümumi maşın yoluna çıxan təktərəfli bir yol var idi. Hələ iki həftə əvvəl universitetin ən qəddar müəlliminin cəsədi bu yolda yerə sərilmişdi. Hələ də onun xatirəsinə yolun qırağında güllər və qərənfillər qoyulmuşdu. "Görəsən, bu gülləri qoyan adamlar həqiqətən də onu çox istəyirdi? Yəni həqiqətənmi Ramezə dəyər verən bir insan övladı bu dünyada mövcud idi?" deyə Ömər fikirləşirdi. Sonradan isə iki qızın orda video çəkdiyini gördü. Ömər bu an həmin qızların məqsədinin gülləri sadəcə öz sosial şəbəkələrində paylaşıb, onları izləyən adamlara yalandan necə də kədərli olduqlarını göstərmək olduğunu başa düşdü. Ömər bu saxta insanları gördükcə üzündə əmələ gələn istehzalı gülümsəməyi gizlədə bilmirdi.

Binaya baxarkən, Ömər özünün dörd il əvvəlki halını xatırladı. Əlində sənədləri ilə binanın qarşısında dayanan o kədərli uşaq Ömərin gözünə göründü. Hər kəs sevinclə içəri daxil olarkən, 18 yaşlı Ömər sadəcə yerində durub baxırdı. Bir zamanlar ən böyük xəyalı olan bu universiteti qazanmaq, o an ona heç nə hiss elətdirmirdi. Qəlbindəki kədər ona sevinməyə icazə vermirdi. Sadəcə hissiyyatsız bir şəkildə ən böyük xəyalına tamaşa edirdi. Bu anda keçi saçlı bir qız onun qarşısını kəsdi.

"Çox möhtəşəm bir universitetdir, elə deyil?"

Ömər həmin qızı süzməyə başladı. O, sport geyimli, qaraşın və gülərüz biri idi. Ömərə elə gəldi ki, nə vaxtsa bu qızı görüb.

"Hey, sənə deyirəm. Fikrin hardadı?"

"Səni tanıyıram?" – deyə Ömər soruşdu.

"Sən Cəfərovlar ailəsini tanımırsan?" Qız bir müddət dodağının altında güldü. Daha sonra əlini Ömərə tərəf uzatdı. "Bəlkə də, məni soyadıma görə dəyərləndirməyən insanların olması daha yaxşıdı. Mən kompüter mühəndisliyi ixtisasından Maria Cəfərova".

Ömər onun məşhur mühəndis və sahibkar Əli Cəfərovun qızı olduğunu anladı. "Üzr istəyirəm, amma səninlə əl-ələ görüşə bilməyəcəm".

Maria əlini qəflətən geriyə çəkdi. "Niyə? Yoluxucu xəstəliyin var?" – deyə həyəcanla soruşdu.

"Yox! Xəstəlik-filan yoxdu. Sadəcə bəzi səbəblərdən insanlara toxunmağı xoşlamıram".

Maria gülümsədi. "Anladım. Bu universitetdə təhsil alan hər tələbənin qəribə xasiyyəti var. Təəssüf ki, çox oxumağın bəzi mənfi təsirləri zamanla özünü göstərir".

Ömər başı ilə təsdiq elədi.

"Sən hələ də özünü təqdim eləmədin".

"Mən Ömər Aslanov. Kimya mühəndisliyi".

"Aslanov? Bir dəqiqə. Sən tanınmış alim Malik Asla­novun oğlusan? Atam mənə onun oğlunun bura qəbul olduğunu demişdi".

"Elədir". Ömər söhbətin uzanmasından narahat olmağa başladı. "Əslində, mən içəri girib sənədlərimi verməliyəm".

"Yaxşı. Tanış olduğumuza görə şad oldum. Güman edirəm, bundan sonra bir-birimizi daha çox görəcəyik".

Ömər özünü silkələdi və xəyal dünyasından qopdu. O, suyunu içdikdən sonra ordan uzaqlaşıb yataqxanaya doğru getdi. Yataqxanaya çatdığında əllərində çamadan olan, sarı donlu, qıvrım saçlı bir qızın ona tərəf baxdığını gördü. Bu, Elina idi. Üzündəki kədərli gülümsəmə ilə ona əl edirdi.

***

Maria son model qırmızı, üstü açıq Porsche-sini qəbul şöbəsinin olduğu binanın qarşısında saxladı. Elmir və Maria maşından endilər. Elmirin əllərində sənədlər, ümidlə binanın girişində dayanıb, həyəcanla oraya baxırdı. Elmir bu anın xəyalını dəfələrlə qurmuşdu. O, məqsədinə çatmaq üçün çox əziyyətlər çəkmişdi. Elmir sevinclə arxaya çevrildi. Maria maşınına söykənərək, qürurla ona baxırdı. Daha sonra Maria ona yaxınlaşdı və yanağından öpdü. Sonra dodaqları onun qulağına tərəf gətirib pıçıldamağa başladı. "Səninlə qürur duyuram! Artıq sən də bizim kimi bu universitetin bir tələbəsisən".

Dörd MühəndisWhere stories live. Discover now