Maria Ömərin maşın sürən zaman radionun açıq qalmasına qarşı olduğunu yaxşı bildiyi üçün qulaqlığını taxmış, başını şüşəyə söykəyərək musiqi sədaları altında yol qırağındakı insanlara tamaşa edirdi. Ömər isə hər zamankı kimi bütün diqqətini yola vermiş, heç yanındakı insanın nə etdiyinə fikir belə vermirdi. Birdən bütün diqqəti Marianın qışqırması ilə yayındı və özünü itirmədən maşını saxlamağı bacardı. Maria dərhal maşından düşdü və nəfəs alıb-verərək özünü sakitləşdirməyə çalışdı. Ömər maşından suyu götürüb, özünü Marianın yanına çatdırdı. "Nə olub? Niyə bu qədər həyəcanlandın?" Maria əli əsə-əsə suyu içib bitirdikdən sonra bir müddət dayandı və qorxu dolu səslə "Onu gördüm!" dedi.
Ömər hələ də anlaya bilmirdi. "Kimi gördün? Nə danışırsan?"
Maria özünü topladı. "Ramez! Ramez orada idi. İnsanların arasında. Üzündəki o iyrənc gülüşü ilə mənə baxırdı".
Ömər özünü saxlaya bilməyib gülməyə başladı. Amma bu gülüşün daha çox əsəbdən irəli gəldiyi hiss olunurdu. "Bəs sən deyildin, mən hamınızdan güclüyəm, deyən? Qorxmaz, soyuqqanlı Maria... Nə oldu? İki həftə hələ keçməmiş hallüsinasiya görməyə başlamısan?" Ömər gülməyi dayandırıb daha ciddi səs tonu ilə davam etdi. "Amma görünür hələ də ağıllanmamısan. Sonradan başını ağrıdacaq problemlər yaratmağa davam edirsən."
Maria Ömərin nə demək istədiyini başa düşmürdü. "Sən nə deməyə çalışırsan?"
Ömər kinayə ilə əllərini yavaş-yavaş bir-birinə vuraraq onu alqışlamağa başladı. "Bravo! Heç bir dəfə də olsun elədiyin hərəkətin gələcəkdə nə kimi problemlərə səbəb olacağını fikirləşmirsən də, elə deyil? Səndə olan bu rahatlıq məni dəli edir! O mühafizəçi oğlanla, mən gəlməsəydim, neçə saat, hətta neçə sutka danışmaq fikrin var idi? Danışmağa mövzularınız qurtarsa, çəkinmə, o gecə olanları da danış. Təki Maria xanım yeni oyuncağının diqqətini çəkə bilsin."
Maria şəhadət barmağını burnunun üzərinə gətirərək Ömərin sakit olmasını istədi. "Ağlını itirmisən? Hələ universitetdən o qədər də uzaqlaşmamışıq. Ətrafda piyadalar var. Durduğun yerdə şübhə çəkmək istəyirsən?"
Ömər əsəbi halda o yan-bu yana gedib gəlirdi. "Şübhə çəkməkdən bu qədər qorxursan? Onda nəyə görə polislə bağlantısı olan bir insanla deyib-gülürsən? Nəyə görə bizi təhlükəyə atırsan?"
Maria Ömərin nə deməyə çalışdığını artıq anladı. "Mənəm qorxaq? Adi bir mühafizəçidən qorxan sənsən. Sən mənim nə etməyimi istəyirsən? Həyatımı dondurum? Ölü bir ruha görə atacağım hər addımımı əvvəlcədən ölçüb-biçim? Yox! Mən həyatımın məhv olmasına icazə verməyəcəm!"
Ömər və Maria arasında bir müddət sakitlik çökdü. Sonra Maria üzündə yaranan şeytani gülüş ilə Ömərin üzünə baxdı. "Sənin dərdin heç o gecə deyil. Sən sadəcə həmişə olduğu kimi ətrafını idarə etməyə çalışırsan. Mühafizəçi olduğu üçün öz səviyyənə, öz mükəmməlliyinə yaraşdırmadığın o oğlanın üzünə belə baxmırsan sən! Bəyənmədiyin o insanın mənim ətrafımda da olmasın istəmirsən. Özünü o qədər yüksəkdə görürsən ki, cəhd edib aşağı belə baxmırsan. Amma sənə bir şeyi xatırladım. Bu mükəmməl görünüşlü insanı mən yaratmışam!"
"Bu mükəmməl görünüşlü insanı mən yaratmışam!" Bu cümlə Ömərin beynini güllə kimi deşdi, çünki həqiqətlər həmişə insanı yaralayırdı. Maria haqlı idi. Ömər dörd il əvvəl universitetə təzə gələndə assosial, sakit və özünə inamsız biri idi. Dərslərə belə diqqətini cəmləyə bilmirdi. Laboratoriyada qırmadığı qab qalmamışdı. Balaca qorxaq uşaqdan fərqi yox idi. Maria isə Ömərin həyatına girmiş, ona necə özünə inamlı olmağı öyrətmişdi. Maria dörd il boyunca Öməri başdan yaratmışdı. O sakit, inamsız və zəif uşaqdan geriyə sadəcə özünə inamlı, hər daim dik yeriyən və minlərlə uğura imza atmış bir gənc qalmışdı. Amma dəyişməyən tək şey Ömərin hələ də yalnız olması idi. Ətrafında Maria və Elinadan başqa heç kim yox idi. Heç kimin həyatına girməsinə icazə vermirdi. Versə belə insanlar onun qəribə xasiyyətinə görə ondan uzaq gəzməyə çalışırdılar. Və bu təklik Öməri günbəgün daha da qəddar birinə çevirirdi.
Ömər Marianın dediklərindən sonra maşına tərəf getdi. Qapını açdı və Marianın çantasını götürüb ona yaxınlaşdı. Çantanı onun üstünə çırpdı və qəzəbli baxışlarla düz onun gözlərinin içinə baxaraq dedi:
"Sənə nifrət edirəm!"
YOU ARE READING
Dörd Mühəndis
Mystery / ThrillerUlduz Universiteti Azərbaycanın öndə gedən universitetlərindən biridir. Burada ölkənin ən yüksək nailiyyətlərinə sahib tələbələr təhsil alırlar. Maria, Ömər və Elina da onlardan biridir. Bir-birlərinə çox bağlı olan bu üç dost zəngin həyatı, geyim...