Maria Ömərlə olan mübahisəsindən sonra maşınını universitetdə qoyduğu üçün ora geri qayıdırdı. O, universitetin nəhəng kampusuna baxdıqca, bunların hamısının sahibi olduğunu xatırladı. Atası Azərbaycanın ən gəlirli neft şirkətinin sahibi və bu universitetin əsas qurucularından biri idi. Maria hələ uşaq olarkən anası və atası boşanmışdı. O ikisi arasında qalmaqdan həmişə nifrət edirdi. Maria böyüdükcə anasının niyə onlardan ayrıldığını anlamağa başlamışdı. Atasının ətrafında həmişə silahlı insanlar var idi. O qədər sərvəti olmasına baxmayaraq, heç vaxt gözü doymurdu və qaranlıq işlərlə məşğul olurdu. Orqan mafiyası? Narkotik alverçiliyi? Hansı biri?" bu sualları illərlə özünə verirdi. Əgər bu ehtimallardan biri doğru çıxardısa, Maria atası ilə heç vaxt əvvəlki kimi ola bilməyəcəkdi. Həmçinin bu zəngin həyatı itirmək də istəmirdi. Buna görə də heç vaxt atasının qaranlıq dünyasında nə işlə məşğul olduğunu öyrənməyə çalışmamışdı.
Maria mühəndislik fakültəsinin olduğu binaya, yəni öz binalarına çatanda Elmiri xatırladı. Bir an sadəcə onu görmək istədiyini hiss etdi. Maria maşının güzgüsündə saçını və makiyajını düzəltdikdən sonra binanın girişinə doğru irəlilədi. Qapını açdığında Elmirin yerində olmadığını gördü. Normalda mühafizəçilər universiteti belə başsız qoymamalı idilər. Əslinə qaldıqda isə bu saatlarda onsuz da kimsə buraya gələn deyildi. Gəlsə belə otaqlar hamısı kilidli olurdu. Yəni qorxulacaq hər hansısa bir təhlükə olmadığından bəzən mühafizəçilər onlara ayrılan balaca istirahət otağında dincələrdilər. Maria Elmirin orda ola biləcəyini fikirləşib, həmin otağa yaxınlaşdı. O, yavaşca qapını açdı və Elmirin orda yataqda yuxuladığını gördü. Maria otaqda bir az gəzişdi. Bura çox balaca otaq olduğundan içində o qədər də çox şey yox idi. Maria Elmirin kompüterinin açıq qaldığının fərqinə vardı və orda ona tanış gələn bir görüntü ilə qarşılaşdı. Kompüterə yaxınlaşdı və ekrana diqqətlə baxmağa başladı. Maria gözlərinə inana bilmirdi. Ekranda Ömər, Elina və Marianın birinci kursda laboratoriyada çəkdirdikləri şəkil var idi. Elmir Marianın facebook profilinə daxil olub, onun şəkillərinə baxırdı. Birdən Marianın ürəyi döyünməyə və həyəcanlanmağa başladı. "Elmir mənim şəkillərimə baxır!"
Maria ona heyran olan oğlanların çox olduğunu bilirdi, amma Elmirin də onlardan biri olma ehtimalı Marianın üzünü gülümsətməyə başladı. Onun heç vaxt Elmir kimi biri ilə münasibəti olmamışdı. Həmçinin Elmirin xarici görünüşü, danışığı və özünü aparması hər zaman onun diqqət mərkəzində idi. Maria saçı ilə oynaya-oynaya Elmirlə necə bir cütlük ola biləcəklərinin xəyallarını qurmağa başladı. Ətrafındakı saxta insanlardan bezən Maria, Elmir kimi cəsur, güclü və qorxusuz birinin ona xoşbəxtlik gətirəcəyini fikirləşirdi.
Maria bu düşüncələrdən qopub, yavaşca Elmirə yaxınlaşdı. Dizlərini yerə qoydu və yuxuda olan bu cavan oğlana tamaşa etməyə başladı. Onun kürən saçları qaranlıqda daha gözəl görünürdü. Maria ona heyran-heyran baxaraq onun saçını sığallamağa başladı. Bu mənzərə o qədər xoşuna gəlmişdi ki, onu sabaha qədər belə müşahidə edə bilərdi. Birdən bu anda Elmir gözlərini açdı və Marianın oğru olduğunu düşünüb qollarını bərk sıxaraq tutdu. Maria bir an çox qorxdu, amma Elmirin onun gözlərinə baxdığını görəndə bu qorxu yox olub getdi. Elmir də başındakı insanın Maria olduğunu anlayanda onun qollarını yavaş-yavaş buraxmağa başladı. Həmin sükut anında Maria bir anlıq hər şeyi unutmaq və xoşbəxt olmaq istədiyini hiss etdi. O, heç düşünmədən Elmirin dodaqlarından yapışdı...
***
3 aprel. Səhər saat 8:00. Maria gözlərini açdığında Elmirin paltarlarını geyindiyini və hansısa sənədləri hazırladığını gördü. Elmir Marianın oyandığını görəndə ona yaxınlaşdı və onun yanağından öpdü. Maria Elmirin üzündə sevinc və təlaşlı bir ifadə hiss etdi. "Sabahın xeyir! Bilirəm ilk gündən belə hazırlaşıb getməyim sənə qəribə gələ bilər, amma bu gün mənim üçün çox önəmli gündür. Sənə hər şeyi danışacam, amma səndən, daha doğrusu, atandan kiçik bir xahişim var. Bunu mənim üçün edə bilərsən?"
Maria nə baş verdiyini anlamırdı, lakin Elmirin üzündəki bu şirin ifadə onun qəlbini isidirdi. "Təbii ki, nə istəyirsənsə, xahiş edə bilərəm". Maria bu sözü dedikdən sonra atasından son dəfə etdiyi xahişi xatırladı. O, iki həftə əvvəl atasından, onun üçün qeydiyyat nömrəsi olmayan, qanunsuz bir maşın tapmağını xahiş etmişdi...
YOU ARE READING
Dörd Mühəndis
Mystery / ThrillerUlduz Universiteti Azərbaycanın öndə gedən universitetlərindən biridir. Burada ölkənin ən yüksək nailiyyətlərinə sahib tələbələr təhsil alırlar. Maria, Ömər və Elina da onlardan biridir. Bir-birlərinə çox bağlı olan bu üç dost zəngin həyatı, geyim...