İlk bölüm

746 51 37
                                    

-Getməlisən.

-Bu qədər şeydən sonra necə gedim? 

- Çıx da, çıx, rədd ol həyatımdan. Bir də səni görmək istəmirəm!

Sinəmi yumruqlayaraq bunları deyərkən edə biləcəyim tək şey susub, sakitcə onu izləmək idi. Dünən "Sənlə önəmli bir şey haqqında danışacam" mesajını oxuyanda ağlıma belə gəlmirdi ki, önəmli dediyi mövzu məni həyatından silməkdir . Bəlkə də susmağımla razı deyildi. İstəyirdi ki mən də onun etdiyinə eyni hisslə, eyni qəzəblə cavab verim, lakin mən on doqquz ildə özümdən başqa heç kimə zərər yetirməmişdim. Kimsə əsəbiləşdirsə belə günahı özümdə axtarırdım. Və heç bir yaxınım qarşıma çıxıb deməmişdi ki, "səni belə görmək qəlbimi parçalayır".

Bəlkə də qəlbləri ağrılarla qarşılaşıb min bir hissəyə parçalanmışdı deyə səslərini çıxarmırdılar. Eynən mənim hazırkı anda etdiyim kimi. Köksümü qoparsa belə səsimi çıxarmayacaqdım. Nə deyə bilərdim ki? Getmə? Düzələcək? Bağışla? Birdə olmayacaq? İnanmıram ki, bunlardan hansısa, ya da ümumiyyətlə hər hansısa bir söz məni həmin an haqlı çıxarsın.

Hər şey bircə baxışdan yaranmışdı. Elə ilk baxışda sevginin olmasına mən də inanmıram təbii ki. Biz sadəcə göz gözə gəlmişdik və həmin andan sonrakı hər gün gözlərim gözlərinə tərəf gedirdi. Sıradan qəhvəyi gözlər idi , lakin mən sanki ovsunlanmışdım. Uşaqlıqdan "içinə qapanıq" olaraq böyüdüyüm üçün əlbəttə yolda gördüyüm bir qıza yaxınlaşıb tanış ola bilməyəcəkdim. Həyat fəlsəfəmə tərs idi. Sən ətrafındakı hər kəsdən uzaqlaş , içinə qapan , ailənlə belə söhbət etmə və bir qız çıxsın qabağına bütün həyatını dəyişsin? Məntiqsiz görsənir, hə? Amma oldu. Necə oldu? Yaxşısı ən başdan danışım. Az əvvəl dediyim ilk baxış köhnə bir avtobusda, insanların bir birinə "mehriban" şəkildə yaxınlaşdığı zaman baş vermişdi. Uzun yolu çətin şəraitdə irəliləməyimizə baxmayaraq yol boyu baxışlarımız toqquşurdu. Mən o baxışların sahibini özümə yaxın hiss etməyə başlamışdım. Bu yanımdakı dayı ilə olan fiziki yaxınlıq deyildi, məcazi mənada yaxınlıq idi. Sadəcə ən çoxu nə ola bilərdi ki, hansısa dayanacaqda enəcəkdi və mən onu birdə uzun müddət ərzində görməyəcəkdim. Necə ki, ömür adlı avtobusumuza insanlar minir və gözləmədiyimiz bir anda öz dayanacaqlarında da enirlər. Bu proses də elə baş verməli idi. Amma elə olmadı. Mən səhər nifrət etməkdən sıxılmadığım universitetdən evə qayədarkən yenə eyni gözlərlə qarşılaşmışdım. Üzümdən zəhrimar yağsa da daxilimdə böyük bir təbəssüm yaranmışdı. Onun üzü gülmürdü, sadəcə məndən fəqli olaraq simasından məsumluğu hiss olunurdu. Önümüzdəki bir həftə boyunca bir-birimizə heç salam da verməmişdik. Bir-birimiz haqqında məlumat sahibi olmadan doğmalaşmışdıq. Həftənin Şənbə və Bazar günləri istirahət günləri hesab olunduğu üçün onu görməyəcəkdim. Bazar gününün axşamı beynimə adını belə bilmədiyim qızla bağlı fikirlər gəlirdi. Digər bir fikir dəstəsi də "onunla necə danışa bilərəm?" sualı ilə əlaqədar idi. Salam ilə başlayan söhbəti ən pis ehtimalla "harada oxuyrsuz?" sualı ilə yekunlaşdıra bilərdim. Bir az mahnı dinlədikdən sonra yuxuya getmişdim.

Xoruzları əzəvləmiş zəngli saat məni şirin yuxumdan ayırdı. Başımı qaldırdım telefonuma baxdım, saat 06:00 idi. Öz-özümə bir az daha yata biləcəyimi dedim və gözlərimi yumdum. Beş-on dəqiqə sonra anam otağa girdi və hər səhər eşitdiyim qızıl sözləri dedi: "a bala oyan da, dərsə gecikirsən." Mənim oyandığım saatdan asılı olmayaraq anamın fikirində mən mütəmadi olaraq dərsə gecikirdim. Səhər yeməyimi yedim və sonra evdən çıxdım. Həmişəki kimi tək yoldaşım qulaqlıqlarım idi. Çünki ətrafdakı insanları sevmirdim. Xalid Hüseyni demişdi ki "Əfqanıstanda uşaq var, uşaqlıq yoxdur" buradakı vəziyyət də oxşar idi. Ətrafımda çoxlu insan vardı, amma insanlıq yox idi.

Dayanacağa çatdıqda dünyamıza ən yaxın olan ulduzun işığı qaranlığı əvəz etmişdi. Gecə ilə gündüzün dəyişməsi mənə ölümü xatırladırdı. Dünyada saniyədə 4 nəfər doğularkən 4 nəfər ölür. Bir həyat hekayəsi ilə digəri əvəz olunur. Önümdəki maqistraldakı maşınlar da bir-birini əvəzləyərkən nəhayət gözlədiyim avtobus gəldi. Hər dəfə avtobusu gördükcə ağlıma O gəlirdi. Qayıdarkən qarşılaşmamıza baxmayaraq səhərlər şəhərə tərəf gedərkən heç qarşılaşmamışdıq. Həmçinin metroda da qarşılaşmırdıq. Bu çox qəribə idi.

Universtetin binasına daxil olduqdan sonra, sinif otağımıza tərəf yönəldim. Yol boyu səmimi olmadığım tanışlarla salamlaşma mərasimi davam edirdi. Həmişə əyləşdiyim partaya əyləşdikdən sonra nəhayət ki salamlaşmaq mərasimi bitmişdi. Yenə hansısa qoca müəllimin sıxıcı dərsinə məruz qalmalı idik. Dərsləri birtəhər "yola verdikdən" sonra metroya doğru sürətli addımlarla addımlayırdım. Metro əngəlini aşdıqdan sonra dayanacaqda avtobusu və həmin qızı gözləməyə başladım. Daxilimi həyacan bürüyürdü. Ürək döyüntülərimin artdığını hiss edirdim. Qəlbimin səsini eşidirdim. Sanki hər kəsin gözü mənim üstümdə idi. əllərim tərləməyə başlamışdı. Beynimdə müxtəlif ssenarilər qururdum. O gəldi və sağ tərəfimdə dayandı. Avtobus mənim solumdan gələcəkdi deyə onun üzü mənə tərəf çevrilmişdi. Gözü üzərimdə olduğu üçün əllərimi hara qoyacağımı bilmirdim. Axır ki, qəhramanım olan avtobus gəldi və məni sıxıntıdan bir müddətlik də olsa azad etdi. Digər günlərə nisbətən bu gün adam daha az idi. O, bu fürsətdən istifadə edərək əyləşməyə yer tapmışdı, amma mən ayaq üstə qalmalı oldum. Mənə görə ayaq üstə qalmaq daha yaxşı seçim idi, çünki beləcə ona daha rahat şəkildə baxa biləcəkdim. Avtobus biraz ilərlədikdən sonra O çantasından kitab çıxartdı və oxumağa başladı. Kitabın adını görmək üçün birazca önə əyildim. Adını gördüm , bir qədər əvvəl sitat gətiridiyim Xalid Hüseynini "Çərpələng uçuran" əsəri idi. Söhbət üçün çox gözəl bəhanədir, sadəcə aramızda məsafə vardı deyə danışa bilməyəcəkdik. Evimizə ən yaxın olan dayanacaqda avtobusdan könülsüzcə endim. Fikirim avtobusda, daha doğrusu avtobusda olan qısa saçlı qızda qalmışdı. Fikirli halda evimizə yollandım.

-Nə olub? Yenə gəmilərin batıb ?

Deyən böyük qardaşımın üzündə yaranmış təbəssümə, eyni səmimiyətlə gülümsəyib otağıma doğru irəlilədim. Qardaşım səssiz qalmağıma görə başını yelləyərkən, mənim ilk edəcəyim mahnı qoşmaq və özümü çarparıya tullamaq oldu.

DAYANACAQHikayelerin yaşadığı yer. Şimdi keşfedin