Gözlərini açdıqda otağın qarşı divarı dağılmışdı. Parçalanmış daşlar kənara səpələnmiş, otağı toz-duman basmışdı. Evelin yatağından qalxdıqda ayaqları keyimişdi və yerə basdıqca iti iynələr kimi sancılırdı. Amma ağrı onun vecinə deyildi: o, qarşısındakı mənzərəyə, uçulmuş divarın arxasındakı çəmənliyə baxırdı. Əlbəttə buna çəmənlik demək doğru idisə; çatlamış torpaqdakı otlar saralmış, seyrəkləşmiş, orda-burda bitmiş tək-tük balacaboy ağacların budaqları lüt, yarpaqsız idi və qəribə formada əyilmişdi. Lakin Evelini cəlb edən bu susuzluqdan pərişan olmuş çöl deyildi. Onun iriləşmiş qara gözləri böyük bir daş üzərinə qoyulmuş açıq pəncərə baxırdı. Və bu pəncərədən əks olunan görüntüyə.
Bayaqkı susuz çöl burada canlanmışdı sanki. Pəncərədən baxdıqda çölün saralmış otları açıq yaşıl, səhər şehi ilə nəmlənmiş, qurumuş əcaib ağac budaqları pəncərə tərəfdən sıx yaşıl yarpaqlarla və yazın ilk ağappaq çiçəkləri ilə örtülmüşdü. Pəncərədən görünən üfüq də daha ürəkaçıcı idi: uzaqda başını duman almış dağlar, günəşlə yenicə aydınlanan açıq mavi səma və bu səmaya yayılmış lələkvari buludlar nəzərə çarpırdı. Evelin yaxınlaşaraq bu açıq pəncərədən əlini içəri, çəmənliyə doğru uzatmağa çalışdı. Deyəsən bu dəfə məqsədinə çatmışdı: gördüyü mənzərədə heç bir qorxulu, üzücü bir şey yox idi. Əlini pəncərədən çölə uzatdığı an isə onun açıq deyil, şüşəli olduğunun fərqinə vardı. Buna baxmayaraq əli dəydikdə şüşə çilik-çilik oldu və pəncərədə görünən o gözəl mənzərə bir anda parçalanan şüşə hissəcikləri kimi yox oldu. Evelin hiss etdiyi kəskin ağrı ilə əlini özünə tərəf çəkdi: şüşə qırıntıları əlini kəsmişdi, qanlı barmaqları pəncərə kimi çilik-çilik olub tökülürdü. Evelin qışqırmaq istəyirdi, ancaq səsi boğazındaca qurumuşdu. Gözlərini yummaq istəyirdi, amma göz qapaqlarının altından belə olanları görə bilirdi. Ətrafı hündür divarlarla əhatə olunmuş, indi isə divarlar üstünə gəlirdi. Əyilərək əllərini başı üzərinə qaldırıb, uçulub-tökülən divarlardan özünü qorumağa çalışırdı. Burnuna gələn ovulmuş daş və toz-torpaq qoxusu burnunu qıcıqlandırdı.
Çiyninə dəyən əldən diksinərək ayağa qalxdı. Bayaqdan yataq otağının döşəməsində çöməlib qalmışdı. Onu bu qarabasmadan oyadan Zen idi, Evelinin köməkçisi və şagirdi. Zenin tünd-mavi, az qala qaraya çalan gözlərindən narahatlıq oxunurdu. Evelin istər-istəməz ona sığındı və onu mökəmcə qucaqladı. Bayaq hiss etdiyi qorxudan qəlbi quş kimi çırpınırdı.
-Yenə alınmadı, Zen,-Evelin ondan ayrılıb yatağında oturdu.
-Məndə də alınmadı,-Zen də eyni məğlub olmuş səs tonu ilə dedi.
-Səndə nə idi?
-Qaranlıq. Və qatar,-Zen gülərək əlavə etdi,-indicə qatar altında əzildim. Deyəsən halusunasiya şərbəti böyüklərə təsir göstərmir. Sanki qorxularımızı üzə çıxarır, kabusa döndərir.
-Belə alınmayacaq, Zen. Başqa yola əl atmaq lazımdır. Maddənin üstündə yaxşı işləmək lazımdır. Həyatımda heç bu qədər uğursuzluq yaşamamışdım,-Evelin köks ötürərək birtəhər ayağa qalxdı. Ayaqları bayaq keçirdiyi qorxudan yumşalıb jeleyə dönmüşdü.
-Bəlkə də halusunasiya şərbətinin böyüklər üçün uyğun olanını düzəltmək qeyri-mümkündür,-Zen də ayağa qalxdı,-bəlkə də sən sadəcə uşaqlar üstündə təcrübə aparmalısan.
-Qeyri-mümkün deyə bir şey yoxdur, Zen, bacarıqsızlıq vardır. Üstəlik mən uşaqlar üstündə təcrübə aparmağa cəsarət eləmirəm. Ya bizdə olanlar onlarda da baş versə? Bunu necə risk edim...
-Məcburi etməyəcəyik ki, Evelin, könüllü bir ailədən xahiş edərik, vəssalam. O qədər də çətin olmaz.
-Əmin deyiləm. Mən yenə də qorxuram.
-Sadəcə bir dəfə. Gəl Uşaq Yaradıcılıq Mərkəzinə gedək. Ordakı uşaqların ailələrindən kimsə buna razı olacaqdır.
Evelin uzun müddət qərarsız göründü, amma sonda razı oldu.
-Yaxşı, bu dəfə sən deyən olsun,- deyib dərindən nəfəs aldı.
YOU ARE READING
Halusunasiya
Science FictionGözlərini açdıqda otağın qarşı divarı dağılmışdı. Parçalanmış daşlar kənara səpələnmiş, otağı toz-duman basmışdı. Evelin yatağından qalxdıqda ayaqları keyimişdi və yerə basdıqca iti iynələr kimi sancılırdı. Amma ağrı onun vecinə deyildi: o, qarşısın...