Lizzi yenə bacarmışdı. Evelin qızın çəkdiyi şəklə baxdıqda halusunasiya həblərinin yenə işə yaradığını başa düşdü. Evelin buna çox sevinirdi, kariyerasında müsbət irəliləyişin baş verdiyinə və bundan sonra daha həvəslə və əzmlə işləyəcəyinə əmin idi. Lizzi ilə mükəmməl bir komanda olmuşdular. Bir də Zen vardı, Evelin az qala onu unutmuşdu. Zen Evelinin ən bacarıqlı və qətiyyətli şagirdi idi. Evelin Zenə bildiyi hər şeyi öyrətmiş, əvəzində onun dahiyanə fikirləri ilə dərman ixtiralarında uğur qazanmışdı. Deməli bu komandaya Zen də daxil olmalı idi. Evelin həyatında heç bu qədər xoşbəxt olmamışdı.
Beləcə Lizzi həbləri üçüncü gün də qəbul etməyə davam etdi. Bu dəfə Evelin ona detallara da diqqət yetirməsi və bacardıqca gördüklərini sözlərlə təsvir etməsini xahiş etmişdi. Lizzi bu işə həddindən artıq həvəsli idi: gördüyü halusunasiyalar onun rəsm çəkmə bacarığını inkişaf etdirirdi. Üstəlik Lizzi halusunasiyasında gəzib dolaşmağı, yeni şeylər görməyi çox sevirdi.
-Mən musiqi də eşitdim,-deyə Lizzi, Evelin qapıdan çıxarkən dilləndi.
-Musiqi?-Evelin heyrətlənmişdi. Qapını örtərək yenidən içəri girdi,-Necə musiqi? Təqlid edə bilərsən?
Lizzi mızıldanmağa başladı. Eşitdiyi o melodiyanı, qızın o ecazkar səsini bacardığı qədər zümzümə etməyə çalışdı. Musiqinin yadında qalması çox qəribə idi, lakin onu ifa edə bildiyinə sevinirdi, çünki musiqinin rəsmini çəkməyi bacarmırdı.
-Bu möhtəşəmdir!-Evelin üzündə sevinc və təəccüb qarışıq dilləndi,-bu inanılmazdır! Mən halusunasiya həblərinin sadəcə görüntü verə bildiyi sanırdım, amma deməli bu həblər sənin eşitmə orqanında da halusunasiyaya səbəb olub!-Evelin dayanmadan həyəcanla danışırdı. Zen isə sadəcə qürurla gülümsəyirdi.
-Təkcə musiqi deyil, mən küləyi də hiss etmişəm,-Lizzi gülümsəyərək əlavə etdi.
-Halusunasiyanın beş duyğu orqanında baş vermə dərəcəsi var,-Zen izah etməyə başladı,-səndə isə, Lizzi, üç orqanda baş verib. Bu böyük irəliləyişdir, üstəlik sadəcə iki gün ərzində.
-Diqqətli ol, Lizzi,-Evelin sevinclə dilləndi,-ola bilsin halusunasiyaların qoxusunu, ya da dadını da ala bilərsən,-sonra Zenə dönüb,-Bu bilirsən nə deməkdir, Zen? Biz bu həbləri təkmilləşdirərək musiqiçilərə də tətbiq edə bilərik! Zen, bu möhtəşəmdir!-dedi.
-Bilirəm,Evelin,-Zen Evelini qucaqladı,-biz bunu bacaracağıq. Söz verirəm sənə.
Beləcə Evelingil xoşbəxt bir şəkildə gülümsəyərək çıxıb getdilər. Lizzi onların sevincini görüb həyəcanlanmışdı: onlara bu işdə bacardığı qədər kömək eləmək istəyirdi. Bu gecə eşidəcəyi səslərə xüsusi fikir verəcəkdi. Nəhayət gecə olduqda Lizzi həbi dilinə qoyaraq yastığına sarıldı.
Gözlərini açdıqda birbaşa səmaya baxırdı. Lizzi sevinclə gülümsədi: ulduzlarla dolu halusunasiyası geri qayıtmışdı. Parlaq aypara şəkilli ay ulduzlar arasında yerini rahatlamış, Lizzinin otağına gümüşü rəngdə işıq saçırdı. Lizzi yatağından qalxdıqda isə halusunasiyasının təkcə ulduzlu səmadan ibarət olmadığını gördü.
Otağının divarı dağılmışdı. Sadəcə bir sıra daşlar sağlam qalmışdı, onlar isə aypara şəklində düzülmüş və ulduzlu gecədən işıqlı bir gündüzə qapı yaratmışdı. Lizzi qalaq daşların arasından başqa, tamamilə fərqli bir dünyaya qapı açıldığını görürdü. Tez adlayaraq yatağından düşdü və bu qapıya yaxın gəldi. Qapıdan görünən dünya parlaq idi, Lizzinin otağını qaplayan qaranlıq gecədən daha parlaq, hətta daha gözəl idi. Lizzinin ayaqları altındakı enli cığır düz o qapıdan keçərək Lizzinin gördüyü o işıqlı dünyaya daxil olurdu. Cığır göz yetdikcə uzanıb gedir, sanki Lizzini o dünyaya doğru çəkirdi. Lizzi daha çoxunu görmək istəyirdi. Parlaq günəş işığından qamaşan gözlərini qıyıb uzaqlara, cığırın getdiyi yerlərə baxmaq istəyirdi. Sanki orada bir-iki ağac görünürdü, daha sonra uzaqda hündür dağlar, geniş yaşıl çəmənliklər gözə dəyirdi. Lizzi bir səs də eşitdiyini sandı: dünənki musiqi kimi uzaqdan gəlirdi. Orada, o işıqlı dünyada bu gözəl melodiyanı səsləndirən qız vardı. Lizzi artıq bundan əmin idi və bütün qəlbi ilə o işıqlı dünyaya addım ataraq o qızı axtarıb tapmaq istəyirdi. Sonda bütün cəsarətini toplayaraq daş qalaqların arasından o sehirli dünyaya daxil oldu.
YOU ARE READING
Halusunasiya
Science FictionGözlərini açdıqda otağın qarşı divarı dağılmışdı. Parçalanmış daşlar kənara səpələnmiş, otağı toz-duman basmışdı. Evelin yatağından qalxdıqda ayaqları keyimişdi və yerə basdıqca iti iynələr kimi sancılırdı. Amma ağrı onun vecinə deyildi: o, qarşısın...