Evelin rəsmə heyran olmuşdu. Qızın əl bacarığı və cəldliyi yarım saata çəkdiyi bu rəsmdən bilinirdi. Amma Evelini daha çox təəccübləndirən şey onun qeyri-adi yaddaşı idi; ona cəmi bir dəqiqə boyunca baxdımışdı və budur, portreti qarşısında dururdu. Qızda axtardığı bütün keyfiyyətləri tapmışdı və səbirsizliklə qızın valideynləri ilə danışacağı vaxtı gözləyirdi.
Sonrakı iki saat boyunca qız onunla bir kəlmə də kəsməmişdi. Əvəzində isə Evelin Zenlə birgə qızın müəllimlərindən onun haqqında bacardığı qədər çox şey öyrənmişdi.
-Lizzi çox da danışqan biri deyil,-rəsm müəlliməsi deyirdi,-ancaq çox bacarıqlı əlləri var. Özü də yaxşı yaddaşa və geniş təxəyyülə malikdir. Burada gördüyün bütün əcaib şəkillər onun əlindən çıxıb. Çox vaxt nə çəkmək istədiyini anlamırıq, amma ona bacardığımız qədər çox şərait yaradırıq. Görürsünüz, onun kimi bir incini tapmaq elə də asan deyil.
-Bəli, özü də çox yaxşı görürəm,-Evelin cavab verdi,-bəs, onun valideynləri necə insanlardır?
-Anasını görmüşəm. Çox mehriban qadındır, qızından fərqli olaraq söhbətcil biridir. Qızı üçün hər şeyi edər. Onun bacarıqları ilə daim fəxr edir.
-Başa düşürəm,-Evelin fikrə getdi. Sonra yenidən dilləndi,-bəs sizcə, o bizə təcrübəmizdə kömək etməyə razı olar?
-Bunu dəqiq deyə bilmərəm,-qadın cavab verdi,-çox valideyn uşaqlarına qarşı həddindən artıq qoruyucu davranır. Amma sizin nüfuzunuz var, sizə görə təklifi rədd eləməz.
-Ümid edək, belə olsun,-Zen köks ötürdü. Aydındır ki, burada qalmaqdan sıxılmışdı.
Nəhayət Uşaq Yaradıcılıq Mərkəzində məşğələlər sonlandı və valideynlər bir-bir uşaqlarını oradan götürməyə gəldilər. Müəllimə valideynlərin arasında Lizzinin anasını Evelinə işarə etdi. Evelin dərindən nəfəs alıb ayağa qalxdı və qızın anasına doğru yeridi.
-Salam, xanım...
-Arina. Mənə Arina deyin, professor Evelin,-qızın anası gülümsədi,-sizi çox yaxşı tanıyıram.
-Ah, çox gözəl,-Evelin bir az rahatlaşmışdı. Arina həqiqətən mehriban qadına oxşayırdı, onunla danışmaq gözlədiyindən asan olacaqdı.
-Buyurun, mənim sizə nə köməyim dəyə bilər?
-Əslində sizin deyil də, qızınınz Lizzinin köməyinə ehtiyacımız var. Baxın biz bir formul üzərində işləyirik...
-Buyurun əyləşək,-Zen araya girdi. Evelin gülümsəyərək balaca uşaq stullarında əyləşdi. Arina da oturduqdan sonra Zen onlara kofe təklif etdi.
-Üçümüzə də gətir, Zen,-Evelin Zeni başından elədi, dərhal məsələyə keçmək istəyirdi,-baxın Arina xanım, bu formula yalnız uşaqlarda işə yarayır. Buna görə də biz böyüklər üzərindəki təcrübələri sonlandırdıq. Bu dəfə uşaqlarda bu formulu sınamaq istəyirik, xüsusilə də Lizzi kimi istedadlı və təxəyyülü geniş uşaqlarda.
-Başa düşmədim, bu nə formuludu ki?
-Bu formul Halusunasiya şərbətidir. Sirop kimi, sulu bir şərbətdir,-Evelin bacardığı qədər cəld vəə açıq şəkildə izah etməyə girişdi,-bu şərbəti içdikdən sonra insanlar illuziyalar görməyə başlayır. Müxtəlif şeylər, bəlkə də gedə bilməyəcəyi bir yer, təbiətin gözəl bir guşəsi, arzuladıqları hər cür şey, görüntü, mənzərə. Halusunasiyanın müsbət cəhəti insanların təxəyyülünə təkan verməkdir, onları görüş bucağının genişlənməsidir. Burada, şəhərin mərkəzində, səhra kimi bir yerdə halusunasiya sayəsində dəniz kənarı, yaşıl meşələr, hündür dağlar və başqa ağıla gətirə bilməyəcəyimiz hər cür yerlər görə bilərik. Bu formul insanlarda yaradıcılıq potensialını artıracaqdır.
-Bəs bu formul böyüklərdə işə yaramır?-Arina qaşlarını çataraq soruşdu.
Evelin tərəddüd elədi. Zenin üzünə qısa bir nəzər salaraq ondan bir fikir bildirməsini istədi. Zen sadəcə onun görə biləcəyi şəkildə çiyinlərini çəkdi. Evelin gördüyü halusunasiyaların kabusa çevrildiyini qızın anasına söyləyib-söyləməməli olduğunu götür-qoy etdi. Sonda bunun lehinə qərar verdi:
-Halusunasiyalar böyüklərdə də baş verir, sadəcə böyüklərin təxəyyülü ilə uşaqlarınkında olan fərq burada aydın nəzərə çarpır. Bizdə bu halusunasiyalar öz rəngarəngliyini itirir, sonda isə kabusa çevrilir.
-Başa düşdüyüm qədər ilə, qızıma bu Halusunasiya Şərbətindən vermək istəyirsiniz. Qızımda belə şeyin baş verməyəcəyinə əminsiniz?-Arina açıq-aydın şübhə ilə soruşdu.
-Bundan tam əmin deyilik, amma,-Arinanın üz ifadəsini görüb tez əlavə etdi-nəzəri olaraq belə şeyin baş verməyəcəyini isbat edə bilərəm. Əgər qızınızın zehni pis fikirlərdən və qorxu yarada biləcək təsvirlərdən təmizdirsə, bunun olmayacağına əmin ola bilərsiniz.
-Mən qızımı daim ətrafdakı pisliklərdən mühafizə etməyə çalışmışam. Həyat yoldaşım tez-tez burada olmur və mən onu tək böyütməyə məcbur olmuşam. Başa düşürsünüz də, qızım çox həssasdır. Ətrafındakı uşaqlarla sosiallaşmır, lazım olmadıqca danışmır, daim düşüncəli görünür. Mən onun zehni sağlamlığından şübhə etmirəm, ancaq onu risqə də ata bilmərəm.
-Sadəcə bir dəfə. Siropu lazımi ölçüdə ona içirdərik və gözləyərik. Səhəri gün də ondan baş verənləri soruşarıq. Əgər bir problem və ya kabus görünməzsə...
-Yəni cəmi bircə dəfə ilə təcrübənin effektivliyini yoxlayacağıq. Təbii ki, əgər istəməsəniz, təcrübəni dayandıracağıq,-Zen söhbətə qarışdı. Zen sözlərlə çox ehtiyyatla davranırdı və Evelinin fikrincə, düzgün istifadə edilmiş sözlərlə hamını yola gətirə bilərdi.
Arina Evelinin təklifini bir qədər fikirləşdi. Sonra köks ötürüb dilləndi:
-Belə, professor Evelin, sizə hörmətim böyükdür və niyyətinizin pis olmadığına güvənirəm. Təklifinizi qəbul edirəm.
-Çox sağ olun,-Evelin sevincək şəkildə qadının əlini sıxdı.
YOU ARE READING
Halusunasiya
Science FictionGözlərini açdıqda otağın qarşı divarı dağılmışdı. Parçalanmış daşlar kənara səpələnmiş, otağı toz-duman basmışdı. Evelin yatağından qalxdıqda ayaqları keyimişdi və yerə basdıqca iti iynələr kimi sancılırdı. Amma ağrı onun vecinə deyildi: o, qarşısın...