Uşaq Yaradıcılıq Mərkəzi şəhərin mərkəzində ikimərtəbəli, ətrafı balaca baxça ilə əhatələnmiş, şəhərin ən gözəl binalarından biri idi. Evelin Zenlə birgə günortanın istisindən qaçaraq binanın sərinliyinə daxil oldular. Binanın içərisi səliqəli və təmiz idi. Qeydiyyatdan keçdikdən sonra ikinci mərtəbəyə-əsas yaradıcılıq otaqlarına qalxdılar. Burada otaqlar müxtəlif sənət tiplərinə görə ayrılmışdı; musiqi ilə məşğul olanlar qırmızı qapılı geniş otaqda musiqi təhsili alır, onun yanındakı kiçik otaqlarda isə məşq edirdilər. Heykəltəraşlıq işləri ilə məşğul olanlar sarı qapılı otaq arxasında gillə əlləşirdilər. Gənc yazıçı və şairlər mavi qapılı otaqlarda vərəqlərin və mürəkkəbin arasına gömülmüşdülər. Evelinə lazım olan isə foyenin sağ tərəfində yerləşən yaşıl qapılı otaq idi. Qapını açıb geniş, boya qoxusu verən otağa daxil olduqda, balaca rəssamların müəllimləri ilə bərabər kağız üzərində işlədiklərini gördü. Yaradıcılıq mərkəzində məşğul olan uşaqların sayı əllini keçməzdi. Kiçik rəssamların sayı da yox deyiləcək qədər az idi: vur-tut altı nəfər. Yaşadıqları dünyanın çirkli atmosferi, kasıb təbiəti və eybəcər landşaftı ən çox rəssamlıqla məşğul olanlara təsir göstərmişdi. İndiki zamanda yaradıcılıqla daha çox uşaqlar məşğul olurdular. Bacarıqlı və uşaqlıqda yaradıcılıqla məşğul olmuş böyüklər isə ya onlara dərs verir, nadir hallarda isə özləri bu işlərə girişirdilər. Belə işlərdə pul yox idi, dövlət isə kreativliyin aradan çıxmasına icazə vermədiyindən hələ lap balaca yaşlarından uşaqları tərbiyə və yaradıcılıq mərkəzlərinə göndərir, onların hələ gənc təxəyyülünü bacardıqları qədər inkişaf etdirməyə çalışırdı.
Zen də Evelinin arxasınca içəri girdi və qapını örtdü. Otaq ensiz, uzunsov zal idi. Mərkəz boyu bir-neçə stol birləşdirilmişdi və üzəri başdan-ayağa ağ kətan parçalar və böyük vərəqlərlə örtülmüşdü. Uşaqlar müəllimlərin göstərişi və köməkliyi ilə rəssamlığın sirlərini öyrənir, kağız üzərində karandaşla qaralamalar, sulu boya ilə mənzərə rəsmləri və natürmotlar çəkirdilər. Uşaqlardan ən kiçiyinin beş, ən böyüyünün on dörd-on beş yaşı olardı. Evelin rəsm müəllimləri ilə buraya gəliş məqsədini danışdı, sonra da uşaqların çəkdiklərinə göz atmaq üçün stola yaxın yeridi. Uşaqların çoxu qabaqlarına qoyulmuş meyvələrin şəklini çəkir, bəziləri isə dünyanın künc-bucağından fotoaparatla çəkilmiş, nadir tapılan mənzərələri yamsılamağa çalışırdı.
Evelin sakitcə uşaqlar arasında gəzinərək halusunasiya şərbətini verəbiləcəyi xüsusi istedadlı uşaq axtarırdı. Elə bir uşaq ki, gördüyü heyrətamiz halusunasiyaları yadında saxlayıb səhəri gün öz beynindən kağıza köçürə bilsin. Ona yaddaşı möhkəm, təxəyyülü güclü, əli bacarıqlı biri lazım idi. Və sonda axtardığını tapdı.
Masanın lap qırağında tək oturmuşdu, yanında heç bir müəllim yox idi. Təxminən yeddi-səkkiz yaşlarında olan qızın çiyinlərinə qədər uzun sarışın saçları üzünə dağılmışdı. Başını dəftərin üstünə əyərək fırçanı vərəqdə gəzdirir, bütün rəngləri bir-birinə qataraq kağızda anlaşılmaz rəng fırtınası yaradırdı. Evelin qızın kağıza çəkdiyi rəsmin mənasını başa düşməsə də, onda qıza qarşı xüsusi maraq yaranmışdı. Gəlib yanındakı stulda oturdu və onun hərəkətlərini izləməyə başladı. Zen sakitcə otağın kənarında durmuşdu, başa düşmədiyi bu sahəyə maraq belə göstərmirdi.
Balaca qız bir qədər sonra başını qaldırıb Evelinə baxdı və əlindəki kağızı kənara tulladı. Yenidən bir ağ kağız götürdü və boya bulaşmış əlini qara karandaşlara atdı. Evelinin üzünə baxan açıq-mavi gözləri sanki onun dərisinə işləyir, üzünün hər cizgisini, qırışını yaddaşına köçürürdü. Bir dəqiqə boyunca iynələyici gözlər Evelinə zilləndi. Sonra qız başını aşağı saldı və əlinə aldığı karandaşla kağıza göz şəkli çəkməyə başladı. Evelin qızın hərəkətlətini diqqətlə və maraqla izləyirdi. Əvvəlcə gözlər hazır oldu, sonra isə burun və dodaqlar. Evelinin təəccübünə baxmayaraq qızın çəkdiyi sifət tamamailə özünü xatırladırdı; eyni böyük qara gözlər naməlum işığın təsiri ilə parlayırdı, qara karandaşla tündləşdirilmiş dolğun dodaqlar və üzünə yaraşan kiçik, enli burun onun idi. Qız rəsminə bir az daha kölgə verdi, sonra da saçların təsvirinə keçdi. Əlini uzadaraq Evelinin qara, qıvrım saçlarına toxundu, onları barmaqları arasında hiss etdi. Sonra gülümsəyərək işinə davam etdi. Yarım saata Evelinin portreti hazır onun qabağında durmuşdu.
YOU ARE READING
Halusunasiya
Science FictionGözlərini açdıqda otağın qarşı divarı dağılmışdı. Parçalanmış daşlar kənara səpələnmiş, otağı toz-duman basmışdı. Evelin yatağından qalxdıqda ayaqları keyimişdi və yerə basdıqca iti iynələr kimi sancılırdı. Amma ağrı onun vecinə deyildi: o, qarşısın...