Kainat

72 20 3
                                    

Bir gün sonra Evelin şagirdi və köməkçisi Zenlə birgə Arinanın evində idilər. Arina varlı qadın idi: dövlət qulluğunda işləyirdi, özü və tək övladı Lizzi üçün bacardığı qədər gözəl və rahat şəraitə malik idi. Üç otaqlı mənzilin divarları parlaq mavi və yaşıl rənglərdə boyanmış, böyük pəncərələri tünd qırmızı pərdələrlə örtülmüşdü. Evelin bir anlığa otağın al-əlvan görüntüsünü Lizzinin çəkdii rəsmlə əlaqələndirdi və otağa dizayının məhz Lizzi tərəfindən verildiyini düşündü. Qonaq otağında, yumşaq tünd-qəhvəyi divanda əyləşdilər. Arina onlara çay süzdü.

-Siropun dəqiq ölçüdə götürülməsi bir qədər çətin olduğundan, biz onu balaca həblər şəklinə saldıq,-Zen çay süfrəsində onlara izahat verdi,-və beləcə dəqiqlik cəhətdən bir problem yaşamayacağıq. Hər ehtimala qarşı bir həftəlik həb hazırladıq. Həbin birini axşam yatmamışdan qabaq dilinin üzərinə qoyub yavaş-yavaş sümürməlidir. Bax, birdən-birə udmaq deyil, yavaşca sümürmək. Bunun sayəsində həb əriyərək ağız suyuna qarışacaq və birbaşa beyinə yönələcəkdir. Bu, beyində yuxugörmə mərkəzində normaldan artıq oyanmaya səbəb olacaqdır. Sonda yuxularla gerçəklik arasında bir bağ qurulacaq və beyin bu oyanmanı qeyri-adi görüntülərə çevirəcək. Bu görüntülər-halusinasiyalar bir neçə dəqiqə davam etsə də, həqiqət qədər inandırıcı və güclü olur.

-Qızınız Lizzinin qeyri-adi görüntü yaddaşı var. Bu yaddaşın sayəsində o, gördüklərini asanlıqla və dəqiqliklə ağlında tutub sonra da kağıza köçürə bilər. Hər şey bu qədər sadədir,-Evelin gülümsəyərək izahı yekunlaşdırdı və Lizzinin çənəsini ovucuna alıb sığalladı. Tünd dərisi Lizzinin ağappaq üzü ilə təzad təşkil edirdi.

Lizzi açıq mavi gözləri ilə ona baxdı. Baxışlarında heç bir fərq görünmürdü: nə qorxu, nə də həyəcan. Sadəcə Zenin izahını anlamış kimi görünürdü, bundan əlavə üzünün heç bir cizgisi dəyişməmiş, ona hisslərindən bir xəbər vermirdi. Lizzi sanki bu dünyada deyildi, onun fikri və təxəyyülü sonsuzluğa doğru uzanır, gözləri Evelindən uzaqlara baxırdı.

-Yaxşı, biz daha gedək,-Evelin oturduğu divandan qalxdı,- Dediklərimizi unutmayın: sadəcə bir həb, yatmamışdan qabaq. Ondan sonra isə yatsın. Tez yuxu fazasında ayılacaq və halusunasiyalar görəcək,-Evelin Lizzinin başına sığal çəkdi,-Onlardan qorxma, yaxşı? Sadəcə bacardığın qədər çox şey görməyə çalış. Sonra da gördüklərini çək.

Lizzi başı ilə onun dediklərini təsdiqlədi. Zen Arinaya nömrəsini verdi:

-Səhər Lizzi hazır olanda bizə zəng edərsiniz. Əgər başqa bir şey olsa, məsələn, Lizzidə yuxusuzluq halı və ya qarabasma yaranarsa, biz dərhal gələrək ona kömək edəcəyik. Sualınız olsa, çəkinməyin.

-Həblərin qarabama verməyəcəyindən əmin ola bilərsiniz,-Evelin qadını rahatlaşdırmaq üçün dilləndi,-biz maddənin miqdarını çox az götürmüşük. Sadəcə bir həblə kifayətlənin.

Qadınla sağollaşaraq getdilər. Evelin bütün gecəni yata bilməyəcəyinə əmin idi: fikri Lizzinin yanında qalmışdı. Balaca qızın da özü kimi qarabasmalar görəcəyindən ehtiyat etsə də, Zen daim onu rahatlaşdırır, hər şeyin yaxşı olacağını deyirdi. Beləcə onlar bütün gecəni laboratoriyada narahatlıqla telefon zəngi gözləyərək keçirdilər.

Digər tərəfdən Lizzi yatmağa hazırlaşırdı. Anası ona həbi verərkən həyəcanlı görünsə də, Lizzi tamamilə sakit idi, hətta görəcəyi halusunasiyalar barədə maraqlanırdı. Həbi ağzında soraraq yumşaq yatağına uzandı və bir müddət ətrafını izləməklə məşğul oldu. Yatağından sol tərəfdə geniş pəncərə olsa da, ordan görünən mənzərə ürəkaçan deyildi: qarşıda sadəcə boş sarı çöllük və irəlidə də hündür binalar vardı. Pəncərə kənarına iri dibçəkdə gül qoyulmuşdu, otağın küncündə isə şkaf və şkafın üst rəflərində qızın oyuncaqları, yumşaq ayısı, pişiyi, dovşanı, topu və daha üst rəflərdə nağıl kitabları vardı. Yatağının digər tərəfində isə masası və dayaqda qoyulmuş geniş ağappaq rəsm vərəqi fırçaları ilə birgə dururdu. Lizzinin gözləri otağı tənbəl-tənbəl gəzərək, yavaşca qapandı.

Birdən yuxudan ayıldı. Otaq qaranlıq olduğundan hələ də gecə olduğunu bilirdi, ancaq onu oyadanın nə olduğunu başa düşməmişdi. Sonra anladı: halusunasiya həbləri. Yataqda qalxıb oturdu və gözlərini ovdu. Gərnəşib bonunu yuxarı qaldıranda gördüyü şeydən diksindi və yatağında geriyə çəkildi: otağının tavanı tamamilə açıq idi. Tavansız otağından səma görünürdü, amma bu səmada nə isə fərqlilik vardı. Lizzi belə bir şeyi ömründə görməmişdi. Səma həmişəki kimi qaranlıq deyildi: orada balaca parlaq işıqlar vardı. Lizzi məktəbdə keçdiyi dərsdən bu xırda işıqların ulduzlar olduğunu xatırladı. Bəziləri topa-topa, bəziləri səpələnmiş müxtəlif parlaqlıqda minlərcə ulduz bütün səmanı qaplamışdı. Lizzi ehtiyyatla yatağından qalxdı. Sanki indicə yerdən ayrılacaq və səmaya doğru düşəcəkmiş kimi başgicəllənməsi hiss edirdi. Pəncərəyə doğru yaxınlaşdı: əvvəlki çöllük mənzərə tamamilə qeyb olmuş, əvəzində isə yaşılımtıl duman ilə dolmuşdu. Dumanlar yuxarı-səmaya doğru yüksəlirdi. Ay bütöv idi, dumanlar arasında güclə görünürdü. Lizzi başını bir daha qaldırıb yuxarıya baxdı: ulduzlar arasında yumru, aya bənzər lakin aydan daha qaranlıq bir şey gördü və bunun planet olduğuna qərar verdi. Adi vaxtda səmada bircə ulduza da rast gəlmək olmurdu, ay isə hündür binalar arasında zorla görünürdü. Burada isə Lizzini tamamilə fəza əhatə edirdi: ulduzlarla döşənmiş, nəfəs kəsici gözəllikdə geniş fəza. Birdən ulduzlar arasından bir işıltı keçdi. Yumru parlaq işıq arxasınca uzun bir işıqlı quyruq qoyaraq səmanın bir tərəfindən digərinə doğru sürüşdü. Lizzi heyrətdən içini çəkdi: gördüyü meteor idi, lakin Lizzinin onlar haqqında bilgisi yox idi. Gördüyünü sadəcə sürüşən quyruqlu ulduz olaraq anladı və yavaş-yavaş yoxa çıxan işıqlı cığırı izlədi. Sonra isə pəncərəni açdı, bu an otağa sərin hava doldu. Lizzi üzünə dəyən sərinliyi hiss etmək üçün gözlərini yumdu. Uzun saçları və gecəliyinin ətəyi havanın təsiri ilə dalğalandı. Lizzi səmaya qalxmaq istəyirdi, ulduzlara səyahət etmək, meteorla birgə fəzanın bir ucundan digərinə qayğısızca sürüşmək istəyirdi. Ayağını açıq pəncərənin plastik çərçivəsinə qoyaraq pəncərəyə qalxdı və kənar çərçivələrdən tutaraq bir müddət orada dayandı. Aşağı yaşılımtıl dumandan görünmürdü, yuxarı tərəf isə kainatın əsrarəngiz gözəlliyi ilə qarşısında durmuşdu. Lizzi pəncərədən tullanarsa, aşağı düşməyəcəyini və hətta yuxarı-ulduzlara doğru uçacağını sanırdı. O, hətta bunu etməyə hazırlaşırdı ki, qəflətən qarşısından qrmızımtıl kürə keçdi. Qırmızı planet o qədər yaxından keçmişdi ki, Lizzi qorxudan diksinərək geriyə-otağın döşəməsinə doğru sıçradı. Gözlərini qırpdıqda planet yoxa çıxmışdı. Planetlə bərabər ulduzlar, meteorlar da qeyb olmuş, kaint tamamilə gözdən itmişdi. Lizzi başını qaldırdı: otağın bəmbəyaz tavanı yerində dururdu və sap-sağlam idi. Xəyal qırıqlığı ilə Lizzi, halusunasiyaların sonlandığını başa düşdü. O sonsuz geniş kainat, ecazkar görünüşlü ulduzlar, qeyri-adi planetlər-bir sözlə hər şey halusunasiyalarla bərabər yox olub getmişdi.

HalusunasiyaWhere stories live. Discover now