1. Bir az artıq qəribə.

372 25 39
                                    

Dünya ilə dalaşmaq asandır ,çətin olan onunla barışmaqdır.

Ave Marianın sədaları qulağımda cingildəyərkən mən bütün fikrimi qarşıdakı skamyada əyləşmiş, təxminən 4-5 yaşlarındakı qıza yönəltmişdim. Qız əlindəki barbie -sini göstərərək anasına maraqla nəsə danışırdı. Qızın üzündə uşaqlara xas olan primitiv maraq hissi və sevinc sezilirdi .Uşağın tam olaraq nə hiss etdiyini anlamaq istəyi məni fövqəl bir güclə cəzb edirdi. Gözümü yumub , dərin bir nəfəs aldım və 4 -5 yaşında ,əlində barbisi olan bir qıza çevrilmək üçün gözlədim. Alınmır. Zibil!
İnsanlarla empatiya qurmaq məndə həmişə alınardı. Onların düşdükləri vəziyyət və onlar haqqında bir az məlumatla özümü onların yerinə qoyaraq, rahatca onları başa düşə bilirdim . Bu qabiliyyətim ya da əksikliyim sayəsində heç kim haqqında ürəkdolusu həqarətlər yağdırıb , onları qınaya bilməmişəm .
Son vaxtlar isə bu qabiliyyətim məndən üz döndərmişdi bayaqkı uğursuz cəhdim də ,bunun bariz nümunəsidir.Daha hər kəsin yerinə qoya biləcəyim bir mən yoxuydum! O çoxdan əllərini yuxarı qaldırıb , təslim olmuşdu. Azərbaycanı tərk etməyimdə uğursuz empatiya cəhdlərimin də, təsiri çox böyük idi. Heç kimi anlamırdım, dava edir onları ələ salırdım. Onlar isə mənim havalandığımı düşünməyə başlamışdılar "Nikita sən yaxşısan? " "Problem nədir , sənə nə olub? " kimi mənasız sulları ilə məni təngə gətirmişdilər lap.
Sarsaqlar! Biz homosapienslər beləyik. Öyrəşilməmiş hər hansı bir davranış, kiçik bir hərəkət o dəqiqə qaşlarımızın ortasında düyüm yaradaraq, bizi həmin "qəribə"-likləri dərhal aradan qaldırmağa məcbur edir. Rədd olsun qəribəliklər! Əgər heç nəyi dəyişə bilmiriksə və ya heç cəhd də etmiriksə onda "Cəhənnəm olsun qəribəliklər və qəribə insanlar" deyərək həyatımıza davam edirik.
"Nəzakətlilik mücəssəməsi olan Nikita necə birdən -birə ağzından kin və nifrət alovu püskürən dişi əjdaya çevrilə bilər. Yox o ağlını itirib. O qəribədir" mənim haqqımda düşündükləri tamda bu idi. Əslində baş verən isə sadəcə mənim empatiya qabiliyyətimi itirməyimiydi. Sadəce bu və bir azda artığı. Məni saatlarca ağlamağa, beynimin divarlarını arsızca yumruqlayan o ağrılara səbəb olan "artıq ".
Bu artıq nə idisə onun axırına çıxmalıydım.

Qızla empatiya qurmağım alınmasa da , onun gülüş səslərindən necə xoşbəxt olduğunu anlayırdım .
"Uşaq xöşbəxtliyi, dünyanın bütün iyrəncliklərinə inad atılmış o sevinc qəhqəhələri " bunu yaşamaq fövqəladə gözəl hiss olmalıdır. Mən bunu yaşamamışam. Uşaqlığım deyəndə ağlıma arasından qara zolaqlar keçən ağ paltar qarderobumuz gəlir. Mən ora girib saatlarca ağlayırdım.
Tanrıya qardaşımın məni tapmaması üçün dua edirdim. O isə məni tapırdı və başıma yumruqla zərbələr endirirdi. Həmin zərbələri indi də hiss edirəm. Uşaqlığımı düşünərkən beynimin mərkəzinin yumruqlayırlar.
Mən ona nifrət edirdim və indi də edirəm . Bütün uşaqlığımı , yeniyetməliyimi , gəncliyimi əlimdən aldı. İyrənc biri idi qardaşım. Ona iliklərimə qədər nifrət edirəm. Bir insan fikirləşin ki, hissləri göz yaşları, zorakılıqla bəslənir, ağrı -acı ilə qəlbi sakitlik tapır .Bu mənim qardaşım idi. .. Uşaqlığımdan mənə qara zolaqlı qarderob, yeniyetməliyimdən isə intihar xatirəsi hədiyyə edən əclaf. Qardaşıma qarşı ürəyimdə bir qumdənəciyi boyda -iynənin ucu qədər mərhəmət, sevgi hissi oyanması üçün dəfələrlə cəhd etmişəm , lakin boşuna. O səhnələr gözümün önündən silinənədək mən o murdara nifrət etməyə davam edəcəm. Onun adının çəkilməsi kifayətdir ki, bütün bədənimi qəzəb təri bürüsün , gözlərim dolsun. İndi olduğu kimi.
Ax Nikita. Hamısı o sarışın qızın günahıdır. Axmaq uşaq.
O qıza qarşı qəzəbliyəm və bu an ağlımdan ayağa qalxıb qızın gəlinciyini hissələre ayıraraq onu ağlatmaq, hətta bir azda qabağa gedərək, gəlinciklə onun başına -başına vurub, sənin anan *"Kerri bacı"-dır deyə çığırmaq hissi keçir. Bu düşüncələr necə də əclafca idi. Fərqindəyəm. Fikrimi ayrı yerə cəmləməli idim və Ave Maria. Bu nə idi mən qulaq asırdım? Klassikləri sevirəm amma bura gələndə axı mən bu abu -havada deyildim əksinə ritmik bir şeylərə qulaq asıb, özümü axşamkı partiyə uyğun atmosferə salmaq istəyirdim. Bəs məni bu ali məqsədimə çatmaqdan yayındıran və şəxsi istəyimə mane olan nə idi? Təbii ki, mənlə skamyada yanaşı oturan eynəkli, əlində adını görə bilmədiyim kitabı oxuyan ingilis "leydi"-si .O qız təxmin etdiyim qədər, mən yaşlarda olardı və görkəmindən ,əlindəki qalın kitabdan "intellektual gənc " təsiri bağışlayırdı. Mən də, məhz bu səbəbdən onun yanında hansısa repə, rocka deyil, Schuberte qulaq asmağımın daha yaxşı olacağına qərar vermişdim. Özüdə ən yüksək səs səviyyəsində qulaqda asırdım ki, eşitsin . Qoy eşitsin və bilsin ki, mənim necə musiqi zövqüm var və əlindəki kitabdan dolayı özünü ağıllı hesab edib, mənə içdən -içə başı -boş *"rasatafari " münasibəti göstərməsin. Bu mənim üçün önəmli nüans idi və Azərbaycana mühitindən miras qalmışdı. Bakıda da belə edərdim. İnsanların sıx olduğu yerlərdə ən səviyyəli sayılan mahnılara qulaq asardım ki, ətrafdakılar mənim haqqımda müsbət düşünsünlər. Mən səfehəm .Bəlkə də daha artığı. Beyni sarmaşıq kimi dolaşıq fikirlərlə, tozlanmis acı xatirə və travmalarla dolu axmaq ve daha artığı.
Mən bilirəm normal olmayan çox şey var. Saatlarca başım dizlerimin arasında hönkürerek ağlamışam buna görə .Ağlını itirəcək qədər həmdə. Mənə kömək edəcək heç kəs yox idi. Heç kəs! Yaxınlarım bəs? Keçin. Dostlarım? Onların məni başa düşmələri üçün çox primitiv, normal və xoşbəxt həyatları var idi. Fərqliydilər. Məsələn onlar hər -hansısa probemləri olduqda səssizləşib, bir kənara çəkilirdilər. Mən isə əksinə həyatımda olan problemlərdən qurtulmaq , sanki bu mənim həyatım deyilmiş kimi özümü inandırmaq üçün deyib -gülür, çevrəmdəkilərlə ünsiyyət qururdum. Özümü lap doğrudan yaxşı hiss etdikdə, həyatımda nələrisə dəyişmək iqtidarım olduğunu düşündükdə isə səssizliyə pənah aparırdım. Bu ən cüzi fərqlərdən biridir.... daha böyükləri də var. Problemdə elə bu idi .Mən özümü onlardan biri kimi aparır, onlardan biri kimi olmağa səy göstərirdim , amma o an həmişə gəlirdi, dirəndiyim və dostlarıma bağışlayın, mən sizdən biri ola bilmədim deyə, bağıran o an. Və mən beləliklə onlar üçün anlaşılmaz bir hüceyrə yığınına çevrilirdim... Onlar bunu dilə gətirməkdən də, çəkinmirdilər. Deyin mənə -onlara uşaqlıq və yeniyetməlik xatirələrimdən danışsaydım mənə necə münasibət göstərərdilər. Bir neçə qarışıq hisslər burulğanına düşərdilər sözsüz .
Bu hisslərdən öndə gedəni isə alçaldıcı yazıqlıq hissi olardı. Lolitalar !Mən ki, sizə bunu buna görə danışmadım. Hər necə olursa, olsun bir həqiqət varki onlar nə vaxtsa mənim indim olan,keçmişimdə qalıblar.

Londonda özümə yeni insan çevrəsi qurmağı qərarlaşdırmışam . 2-aydır burada yaşayıram. Qalmaq üçün yer sənəd-sünəd işləri, dərslərə , yeni sistemə alışmaq mənim düz bir ay 29 gün vaxtımı aldı. Bu müddət başqalarına qısa gələ bilər. Mənim üçün isə uzun idi. Londona gəlişimin səbəbi yaxşı təhsil, gələcək üçün karyera imkanları və s. deyil .Düzünü desəm bunlar mənim üçün sondan axrıncı yerdədirlər. Çevrəmi dəyişmək, yanlarında rahatlıqla özüm olduğum dostlar tapmaq üçün burdayam. Əks cinsin sevgisindən də imtina etmərəm heç. Mənə yüksək dozada və çoxşaxəli sevgi lazım idi . Maskamdan xilas olub , insan kimi hiss etməyim üçün buna ehtiyacım var idi. Bu zərurətdir, həyatımı davam etməyim üçün. Buna baxmayaraq bura gəldiyim vaxtdan yalnız dünən ,həyatım üçün zərurət hesab etdiyim məsələ ilə bağlı bir addım atmaq qərarına gəldim . Otaq yoldaşım Lauranın dəvət etdiyi partiyə -getməyi qərara almışdım .
Orada olmalıydım. İçimdə bəzi narahatlıqlar var idi. İlk öncə bir şeyi etiraf etməliyəm, insanların kütləvi toplaşdığı məkanlardan, "event "-lardan həmişə qaçmışam, son sürət həmdə. Belə yerlər həmişə məni həyəcanlandırıb və qorxdub. Həmişə düşünmüşəm ki, həmin yerlərdə mənim əksikliklərimə gün işığı tutulacaq və insanlar məni "rəzil "məxluq kimi qəbul edəcəklər. Mən əslində o insanlardan qaçırdım. Çünki onların bütün əzəməti və gücləri ilə yanlarında olan valideynləri, yaxınları var idi. Onlar ən yaxşı məktəblərdə oxuyur, dünyanın 4-bir yanını dolaşmışdılar. Onların başı dik idi. Çünki yanlarında onlardan "yetimləri" deyə bəhs edən yaxınları yox idi, Onlar hər girdikləri yerdə yetimlər "ləqəbi " ilə qarşılanmırdılar. Sonra məsələn onların rəqs edərkən və ya kiminləsə bərkdən gülərkən , özlərini cəld yığışdırmalarına səbəb olan və qorxu ilə ətrafa baxışlarını zilləmələrinə səbəb olan "qardaşı " yox idi. Onlarda çox şey yox idi amma hər şey var idi! Xoşbəxt hiss etmələri üçün hər şey! Mən də var olan isə vicdanımı şükr etməyə çağıran, naşükürlük etdiyim həyatım idi. Ola bilər ki, indi hardasa bir qız mənim əlimdə olanları arzulayır .Təssüf edirəm ona rahatlıqla buyur götür deyə bilməyəcəm, mənə hələ bu yoxluqların mükafatını gözləyirəm və bəlkədə mən bütün qəlbimlə həyatımdan imtina etdiyim an Tanrı o mükafatı mənə göndərəcək. Bundan sonra nə olacağını bilmək istəyirəm , axşamkı partiyə -getmək və bir də qulağıma bu an işgəncə kimi gələn musiqidən də qurtulmaq. "Intelektual gəncin " canı cəhənnəmə mənə Linkin Park çalın!

*Rasatafari - 70 -80 ci illərdə özünə heç bir qadağa,məhdudiyyət tanımayan arsız yeniyetmələri simvolize etmək üçün istifadə olunan kəlmə.

*Kerri Bacı -Teodor Drayzerin romanıdır. Baş qəhrəman Kerri - bir qədər yüngül əxlaqlıdır. Bölümdə Kerri bacı -ifadəsini işlədərkən məhz yüngül əxlaqlı qadını təsvir etmək istəmişəm.
(burada başına gələnlərin, düşdüyü mühitində rolu var amma mövzu o deyil )

Bölüm və kitab ilə bağlı düşüncələrinizi səbrsizliklə gözləyirəm

Sirrlərin Səni Öldürəcək Où les histoires vivent. Découvrez maintenant