Özləri başqa, ruhları başqa olan insanların arasından yavaş-yavaş irəliləyirdim. Başları özlərinə o qədər qarışmışdı ki, xəstəxana paltarında birinin yanlarından keçib getməsinə heç fikir vermirdilər. Sahilə gəlib, bir skamyada oturdum. Buranın qoxusu, iki ildir öyrəşdiyim o iyrənc xəstəxana qoxusunu unutdurmurdu bəlkə, amma yenə də sakitləşirdim. Fikirlərim çox qarışıq idi. Məndən nə istəyirlər bilmirəm. Axı alınmadığını görürdülər. 2 ildi o lənətəgəlmiş cihazı qoşurlar mənə. Hemodializmi nə!? Həftədə 3, biləmədin 4 dəfə onunla görüşməli oluram. Qanımı təmizləyirmiş, böyrəklərimin funksiyasını yerinə yetirirmiş, o olmazsa öləcəkmişmişəm. Yəni bir sürü mış-mişlər. Ölsəm nə olacaq ki, guya? İtirmədiyim bir canım var onsuzda. O da ki, türk demiş beş para etməz. Ömrüm boyunca həyat aldı məndən. Durmadan alırdı. 3 yaşımda atam öldü. Sonra anam işləmək üçün bizi xalama verdi. Bizi dediyim, yəni mən və iki böyük qardaşım. Sonra o da öldü, ürəyi dözmədi bütün yaşananlara. 6 il əvvəl böyük qardaşımı itirdim. Eyni mənim kimi, onun da böyrəkləri bezmişdi ondan. O biri qardaşımı desəm, əlimizdə olan yeganə şeyi- evimizi satıb aradan çıxdı. Anlayacağınız 'ekşın' dolu həyat. İki il bundan qabaq həyatımda gəlmiş -keçmiş ən gözəl bir hadisəmi deyim nə deyim, siz anlayın artıq. Hərşeyi unutdururdu mənə, onunla nəfəs alırdım, elə indidə. Uzun-uzadı tanışma hekayəmizi danışan deyiləm. Amma həyat növbəti planını hazırlamışdı mənə. Düz bir ay sonra, şiddətli ağrılarla xəstəxanaya aparıldım. "Böyrəkləri sıradan çıxıb". Belə baxılanda heçkəsə zərəri olmayan bir cümlə, 3 söz, 22 hərf. Məsum. Həkim o qədər sadə demişdi ki sözləri, özümdə belə olduğuna inanmışdım. Amma sonradan üzümdə, göz qapaqlarımda, belimdə, əllərimdə, qasığımda şişlər əmələ gəldiyində belə olmadığını anlamışdım. Ağrılarım tutma şəklində olurdu. Bir gün heç olmurdu, bir gün 4-5 dəfə. Hər tutmamda yalvarırdım. Məni artıq yanına alsın deyə yalvarırdım. Hərdən məni niyə yaratdığını düşünürəm. Yəni, həqiqətən mi ancaq əzab çəkmək üçün gəlmişəm bu dünyaya. Bəlkə də sizin üçün hə? Sizə dərs olmaqçün? Siz o lənətəgəlmiş sevgililərinizdən ayrıldığınız zaman həyata küsəndə, ilk zorluqda çarəsizliyə qapıldığınızda qarşınıza çıxıb bir gülümsəməmiz bəs edirdi, özünüzdən utanmaqçün. Ayaqları olmayan, hər gün qaranlığa oyanan birini görmək bəs edirdi, əslində nə qədər xoşbəxt olduğunuzu anlamaqçün. Bədəni öz-özünə çürüyüb tökülən, yaşamaqçün, yemək üçün, öz təbii ehtiyaclarını ödəmək üçün başqalarına möhtac olan insanları görmək bəs edirdi, nə qədər nankor olduğunuzu anlamağa.
YOU ARE READING
Bir İki Kəlmə
Short StoryBir də unutma, hər şəfəq əlində fənərlə gələn oğru kimidir, ömürləri oğurlayıb aparır.. İskender Pala