-"Variam semper dant otia mentem."
-"Ruh başıboş qalanda, cürbəcür xəyallar qurar."- Bir yığın qarışqanın ölü bir hörümçəyin ayaqlarını və başını parçalayaraq daşımasına şahid olduqdan sonra, qarışqalara qarşı bitməyən bir nifrət və diksinti duyuram. Halbuki, hər yaz evdə su kənarında ya da yerdə gördüyüm qarışqaları ehtiyatla, yaralamadan yerdən ayırar, ölməsinlər deyə aparıb, çölə qoyardım. İndi isə qarışqalar gözümdə iyrənc, yırtıcı və murdar məxluqlar kimidirlər.
Psixoloq qələmini müntəzəm olaraq, əsəbpozan bir şəkildə çənəsinə vuraraq məni dinləyirdi. Baxışlarımı yenidən tavana çevirdim.
- Yəni səhv başa düşülməyim, bu hörümçəkləri sevirəm deyə deyil. Şiddətli araknafobiyam var. Hətta dünyadakı bütün hörümçəkləri alışqanla yandıracaq qədər onlara nifrət edirəm. Onlardan biri olduğumu düşünm...
- Yox, xahiş edirəm, çəkinməyin, davam edin.
- Bu dəhşətlidir, yəni onlardan biri olduğumu düşünmək məni özümdən çıxardır.Bir "Hmm." eşitdim.
- Heyvanlara qarşı baş qaldıran bu qəddar davranış istəyi nə zamandan bəri yaranıb?
- Heyvanları sevirəm, sadəcə bəzi həşəratlar.
- Yaxşı. Bəs həşəratlara qarşı baş qaldıran bu qəddar davranış istəyi nə zamandan bər...
Onun cümləsini bitirməyini gözləməyə səbrim çatmadı.
"Bilmirəm." dedim cəldlikə. "Hörümçəklərə qarşı həmişə qorxum var idi. Amma maraqlıdır, axı neçə insan hörümçəklərdən dəhşətli dərəcədə qorxarkən tavandan yatağının üstünə bir hörümçək düşür? Bəs məhz onun bel çantasının içindən iri, qara bir hörümçəyin çıxması nə dərəcədə ədalətlidir? Ya da yuxusunda sonsuz hörümçəklərlə bir otaqda bağlı qalması? Həyatımın hər yanı hörümçəklərlə iç-içə keçir. Qarışqaları isə bayaq dedim."
- Tarix olaraq nə zamandan bəri?
- Əlbəttə bilmirəm, bir gün psixoloqa gedəsi olaram deyə harayasa tarixi qeyd etməmişdim.Ürəyim soyumadıqda, özümü saxlaya bilmədim, ölgün gözlərlə baxmaqda olan kişiyə "Axı bunun nə əhəmiyyəti var?!" dedim.
Heç nə olmadı, üzümə yenə eyni şəkildə baxdı və başının içində bir beyin, bədəninin içində bir ruh olduğuna şübhə duyacağım qədər gözlədikdən sonra, qələmi ilə dəftərə nə isə yazdı. Birdən-birə kağızı əlindən alıb, oxusam, orada səliqə ilə yazılmış "Pasiyent aqressiya nümayiş etdirir." yazısını görə biləcəyimdən adım kimi əmin idim. Məhz səliqə və orfoqrafik qaydalara uyğun olaraq yazılmış, məni izah etdiyi düşünülən bir cümlə... Çünki otaq, əsasən də masasının üzərindəkilər xətasız bir simmetriyaya, səliqəyə sahib idi. Üzündə əlli yaşa yaxınlaşdığını göstərən qırışları, çənəsində saqqalı, saçlarının yerinə parıltılı bir dərisi olan kişinin öz ağlını itirdiyinə olmasa da, simmetriya xəstəsi olduğuna and içə bilərdim. Yanına gəlməyimə peşman olmuş və də gəlmək fikrini necə ortaya çıxardığım haqqında maraqlanmağa başlamışdım. Onun dillənməsini gözlədiyim müddətdə saatlar əvvəli xatırlamağa vaxt tapdım;
Çöldə heç də şairanə olmayan bir hava var idi. Qızmar istilər hər yanı işğal etmiş və bu ilki bütün meyvə ağaclarının çiçəklərini yandırıb, bizə quraq bir yay mövsünün xəbərini vermişdi. Yanaqlarım islanmışdı, amma yox, kədərli deyildim. Pərdənin naxışları arasından parlaq günəş işığı üzümə düşürdü. Aldığım yeni çəkilərim ilə televizorun düz qarşında oturub, gündüz qurşağı verlişlərinə baxmaqdaydım. Yenicə ağır xəstəliklər haqqında bir veriliş bitmişdi. İndi isə ekranda xərçəng gözlərini alsa da, qalib gəlməyi bacaran bir oğlan, çaya düşərək iflic qalan bir qız və onlarla evlənmək üzrə olub, faciələrinin ən pis anlarında tək qoymayan sevgililəri vardı. İkisi də sevdikləri insanın bədbəxtliyi qarşında onlarla birlikdə durmuşdu, qəlbləri qızıldan idi. Sevgi hekayələri həmişə məni kövrəltməyi bacarmayan o yeganə şeylərdən ən başda gələni olmuşdu, hətta xeyli bayağı idilər. Mənim təsirləndiyim şey insanların yaşam eşqi, sədaqəti, şəfqətiydi. Gülümsəyən birini hər gördükdə gözlərim yaşla dolurdu və yanaqlarımdan aşağı süzülməyə başlayırdı.
Bu mənim yeni məşğuliyyətim idi, xəstə uşaqlara, yaşamaq uğrunda çabalayan bütün insanlara baxır və anlamağa çalışırdım. "Niyə?" deyirdim, "Niyə buna can atırlar? Mənim ondakı günlərimi bitirmək üçün can atdığım dünya ilə onların bir gün də olsun, daha çox qalmaq üçün can atdıqları dünya eyni deyilmi?". Sonra, artıq o dəhşətli talelərə yox, öz mənasız, məqsədsiz həyatıma məyus olurdum. Lakin xeyr, mən heç o anda da kədərli olmurdum. Ən yaxın insanlarım ölsə, onlara görə gözümdən şüurlu olaraq bir damla yaş da axıtmayacağımı dərk edirdim, heç nə həqiqətən vecimə olmazdı. Özümdə duyğu yoxsulluğu və də qəribə növ bir nifrət hiss etməyim o saniyələrə təsadüf edirdi. Televizoru söndürüb, nə qədər olduğunu bilmədiyim müddət uzunu divarın aşağısındakı aylardır silmədiyim döşəməni izləməyə başlamışdım və yerdə haradan gəldiyini bilmədiyim, böyük ehtimalla ölü olan hörümçəyi parçalayan qarışqa yığını görmüşdüm. Hər kiçik dəstə bir ayaqdan yapışıb, dartırdı. Uzun vaxtın sonunda o özündən böyük şeyləri daşımaqla məşhur qarışqaların hərəsi bir hörümçək parçası daşıyaraq açıq qoyduğum qapıya tərəf irəliləməyə başladılar. Mən isə baxmağa davam etdim, ta ki, diksinmə boğazıma qədər gəlib, ayaqlarımın arasında bir yerə qusmağıma səbəb olana qədər.
ČTEŠ
Hörümçək
Povídky❛❛Gözlərimi məyusluqla bağladım. Birlikdə yol getdiyim bu iki insanın bütün həyat enerjimi içlərinə çəkdiyini yeni anlamağa başlayırdım. Onlarla olmaq məni cansız bir həyulaya çevirir, yatmaqdan başqa bir şey istəməyəcək hala salırdı. Bir az yolu iz...