- İkinizə də göstərdilər, hə? Vəziyyəti ciddi ola bilərmiş, amma bir ruhi-əsəb xəstəxanasına yatmağına lazım olacaq qədər yox.
Anam son saiti uzadaraq söylədiyi cümləsini bitirəndə, axşam yeməyi süfrəsində idik. Artıq neçə dəfəsə təkrarladığı şeyin davamını mən gətirdim :
- Sakit bir yer və sakitləşdiricilər, başqa heç nə... Bəs, səncə, bu ev sakitdir?
- Əlbəttə sakitdir.
Yemək boşqabını və bir yarı çörəyi qucağıma alaraq otağıma çıxmaq istədim, lakin daha da kökəlməkdən qorxaraq, masadan əliboş qalxdım :
- Mən gedirəm.
Onun və axmaq rəfiqələrinin artıq çəkilərim haqqında bildirdiyi həmin rəylər olmasaydı, üç boşqab daha yeyə və kökəlməyi heç vecimə də almaya bilərdim. Sadəcə yeddi kiloqramı bu qədər əhəmiyyətli görməklərinə dəli olurdum. Qapını arxamdan bağlayanda, gəldiyimdən bəri bəlkə də, mininci dəfə niyə özümü təhlükəli hesab ediləcək bir ruhi xəstə kimi aparıb, xəstəxanada qalmadığıma peşman idim. Bir il uzunu özümü normal göstərmək üçün olan bütün cəhdlərimin nəticəsində necə etdiyimi bilmədən yeni bir şəxsiyyət yaratmışdım. Onun arxasında gizləndiyimdən, görünən də sadəcə oydu. Yoxsa həqiqətən təhlükəli olduğumu anlayar və içimdə oyanan həbs edilməyəcək həddəki digərlərinə zərər vermək istəyinə qalib gəlməyim üçün o dərmanlardan bir dənəsini yazardılar. Amma yox. Səsimi anamın səsinə oxşadaraq "Sakit bir yer, antidepressantlar və sakitləşdiricilər, başqa heç nə!" dedim. Bir anlığa mənə elə gəldi ki, həmin səsin çıxdığı incə boğazı sıxaraq, onu nəfəssiz qoymadan heç cür rahat olmayacam. Mən də divara var gücümlə bir təpik ilişdirməyi seçdim.

Bir az sonra, masanın üzərindən bir kitab götürərək, öyrəşdiyimdən xeyli fərqli olan tər-təmiz döşəməyə oturanda, qəribə hiss edirdim. Bir az yüksək səslə kitab oxudum. Sonra da, barmaqlarımı sürüşkən taxta səthə sürtüb, həqiqətən də təmiz olub-olmadığını yoxladım. Heç bir çirk zərrəciyi görünməyən barmaqlarıma baxaraq, belə bir məkandakı varlığımı heyrətamiz hesab etdim. Bu  evdə daha çox qalmağımın mümkünsüzlüyünü də onda anladım. Həmişə insanın cavabını bilmədiyi suallarla yaşamağını ən əzabverici şeylərdən biri kimi görmüşdüm. Gecələr və səhərlər bir-birini necə əvəzləyir, zaman necə axır anlamırdım. Niyə yaşadığımı ya da daha qorxulu olanı - niyə yaşamağı bacarmadığımı. Daha əvvəllər hər kəs kimi normal şəkildə həyatın bir hissəsi olduğum vaxtların sirrini xatırlaya bilmirdim. Artıq heç nə əvvəlki kimi deyildi, evdə olmaq da mənə evdə imişəm kimi hiss etdirmirdi. Çünki bütün hislərim dəyişilmişdi.
Sanki kimsə onları almış və yerlərinə saxta bir neçə dənəsini yerləşdirmişdi. Hər duyğunun boşaltdığı həqiqi yeri isə ətrafımı əhatə edən o ölümcül hiss əvəzləyirdi. Məsələn, il uzunu işləmiş ailəmin mənə görə tətilə gedə bilməməyinə pis olmamışdım, günahkarlıq duyğusu heç yaxınıma da gəlməmişdi. Anamı boğmaqdan ibarət o qorxunc düşüncənin məni tərk etməsinə belə bir uğur kimi yanaşarkən, başqa şeylər gözləmək axmaqlıq olardı.
Evdən ayrıldıqdan sonra hara gedə biləcəyimi fikirləşərkən, əlimə qələm-kağız​ götürüb, hansısa dostuma köhnə üsulla bir məktub yazmaq ya da heç səbr etmədən zəng vurmaq istədim. Lakin həyatımdan gəlib keçmiş bütün dostlarımı yadıma salanda, onların hamısı ilə əlaqəmi tədricən kəsmiş olduğumun fərqinə vardım.
Yasəmən var idi. Amma o da ən axırıncı dəfə mənimlə sadəcə bir axmağa ediləcək şəkildə pis davranmışdı. Əylənməyi sevənlərin depressiv olanlara qarşı qoruduğu həmin məsafəli münasibətin ürək bulandıran atmosferini yada salmağım ilə qaşlarım çatıldı və evin hərədə bir dənə olan açarının parıltısı otaqdakı masanın üzərindən gözlərimə vurdu.

Metal açarın keçirildiyi üzükdə ikinci bir açar da vardı. Onun haranı açdığını bilirdim. Etibarlarını sarsıtmağım ya da onları incitməyim heç də əhəmiyyətli şeylər kimi görünmədi. Atamın evdəki iş otağının qapısını açmaq və şkafın siyirtməsindəki pul dəstələrindən göz oxşayan bir dənəsini götürməyimin xəyalı olduqca mümkün bir şəkildə ağlımda canlandı.

HörümçəkOù les histoires vivent. Découvrez maintenant