Sonrası, budur : buradaydım, bir psixoloqa getmək qərarına saniyəlik, ani bir şəkildə gəlmişdim.
Kişi qol saatına baxdı.
- İkinci seansda sizi probleminiz haqqında bilgiləndirəcəyəm.
"Nə?" dedim yerimdə dikələrkən. "Buraya ikinci dəfə gələcəyimi düşünürsünüzsə, insanlardan heç nə başa düşmürsünüz deməkdir."Üzü yenə ifadəsiz idi :
- Mənim iş prinsipim xəstə ilə heç olmasa, iki seans danışıqdan sonra, onu vəziyyət ilə tanış etməkdir.
- Əlbəttə! Bir vur iki iki edir və birdən çoxdur. Buna bazar prinsipi deyin.
- Xanım, xahiş edirəm, etika qaydalarını p...
- Bu seansa 90 manat verdim! Mənə nə olduğunu indi öyrənmək istəyirəm!
Ağlayacaq imişəm kimi hiss etdim, amma kədərli deyildim. Dedim axı, deyəsən, bütün bu hissizləşmə məsələsinə baxmayaraq, ağlamaq mənim iradəmdən asılı olmadan, müstəqil şəkildə həyata keçən bir davranış idi.
- Sizə deyəcəklərim iki seansda olduğu qədər düzgün olmaya bilər.
- İndi istəyirəm.
Bayaqdan hiyləgərcəsinə kreslosuna çöküb, kiçik-kiçik qeydlər aldığı o dəftəri əlinə aldı.
- Aqressiya, əsəb, səbrsizlik, kiməsə zərər vermək istəyi...
- Dayanın. Bunu haradan çıxardınız?
Təəccüblənməkdən də çox, əsəbiləşmişdim.
- Danışdıqlarınızdan, hörmətli Mina xanım.
Kişinin üz ifadəsi qorxunc şəkildə dəyişildi, qarşımdakı insanın normal olmadığına onda əmin oldum. Hikkəylə ayağa qalxdıqdan sonra, masasından götürdüyü kiçik bir kağıza cəldliklə nələrsə yazdı. Bayaqdan haqqımda qeydlər aldığı vərəqi də qopararaq ikisini birlikdə mənə uzatdı.
- Sakitləşdiricilər, yaddaşı gücləndirməyə kömək edən həblər və antidepressantlar. Adlarını yazdım, istənilən aptekdə tapa bilərsiniz. Bitirməyə qoymadığınız cümləmdə isə sıra belə davam edirdi : şiddətli əsəb və dediklərinizə əsasən, uzun müddətdir müşahidə olunan depressiya halı, unutqanlıq. Çıxın.Tez-tez söylədiyi çirkin sözlərini bitirdikdə, buz kimi səsiylə "Çıxın." deyərək, rədd olmağımı istəməsi haqqında fikirləşməyi ikinci plana atdım və ona depressiyada olduğumu göstərəcək nə dediyimi xatırlamağa çalışdım. Unutqanlıq mövzusunda haqlı ola bilərdi. Deyəsən, ona özümü heç nəyə, heç bir şeyə aid hiss etmədiyimi demişdim; Ailəmə, dostlarıma ya da dünyaya; Olduğum şəxsiyyətdən, bədəndən, ruhdan, ölkədən və zamandan sıyrılmaq istədiyimi;
Bildiyim ən dəhşətli həqiqətin nəfəs aldığım hər saniyədə şəxsiyyətimi daha da aşındırdığım olduğunu; Ağzımdan çıxan kəlmələrin bədənimə aid hiss etmədiyini; yalanlarla çox dost qaldılarını və artıq onlardan ayrıla bilmədiklərini; Yalan olmasalar da, elə imiş kimi gəldiklərini; Öz tərəfimdən baxdıqda, bunların arasında fərq görə bilmədiyimi; Aşınmamış, qəliblərə salınmamış, yenidən yaratmağa çalışmadığım əsl məni görmək istədiyimi; Amma qorxduğumu, çünki nə ilə qarşılaşacağımı bilmədiyimi demişdim. Xatırladıqca üzümü büzüşdürdüm.Söylədikləri düz olsa da, ondan zəhləm getmişdi və də ona içimi tökdüyümə görə utanc duymuşdum. Vərəqi hirslə əlindən alıb, "Xəstəyə yanlış diaqnoz qoymaq böyük cinayətdir!" deyərək, sürətlə qapıdan çıxdım. Beynim və məntiqim qurduğum son cümləyə məna verə bilməmişdi. Xeyli gülünc görünürdülər, amma psixoloq heç də gülmürdü. Liftlərə fikir verməyərək, qaçırmışam kimi iri addımlarla pilləkənləri iki-iki endim, özümü poliklinikadan çölə atdım.
Həmin andaca elə hiss etdim ki, qızmar hava onsuz da tər içində qalan bədənimin ətlərini qovuracaq. Qaçmağa başladım və gördüyüm ilk marketə girdim. Kondisionerlərin yaratdığı sərin hava islanmış paltarlarımda soyuqluq yaratmış, məni üşütmüşdü. "Çölə çıxsan isti, içəri girsən soyuq!" deyə deyinərək yerə, şampun və sabunlarla dolu rəfin qabağına oturduğum saniyədə qabağımda sevimli bir üzü olan, iyirmi yaşdan çox görünməyən bir qız dayandı. Qaşlarını saf təəccüblə çataraq "Neyləyirsiniz?" dedi.
- Otururam. Görmürsən?
- Görürəm, amma niyə marketimizdə yerə oturursunuz?
- Marketinizdə yerə oturmaq olmaz?
- Müştərilərin rəflərə baxmağına maneçilik yaradacaqsınız.
- Mən müştəri filan görmürəm.
- Müdürü çağırıram.
- Axı niyə?!
- Çünki maneəçilik yaradacaqsınız.
Səbrim daşırdı. Satıcı olduğunu düşündüyüm, boynundakı kartda "Məryəm" yazılmış qız üzümə baxdı və "Onda müştəri gələrsə, ayağa durub, yol, bir də buradan çıxdıqda üstünüzü yoxlamağıma icazə verəcəksiniz." dedi.
- Yaxşı.
Qızın niyə fikir dəyişdirdiyini anlamağım boynuma bir damcının düşməyiylə aydın olmuşdu. Özümü iyrənc biri kimi hiss etdim. Göz torbalarıma nə olmuşdu? Mən hər əsəbiləşəndə ya da pis bir şey haqqında düşünəndə, belə olacaqdı? Onun aciz olduğumu düşünməsindən diksinmişdim, ayağa qalxıb, "Üstümü yoxla." dedim.
- Nə?
- Dedim ki, üstümü yoxla.
Qız əllərini bacarıqsızca üstümdə gəzdirdikdən sonra, bitdiyini bildirən şəkildə çəkingənliklə geri bir addım atdı. Ah, bu ifadəni bilirdim. Ürəyindən "Yazıq, yəqin dəlidir." deyə keçirmişdi. Bel çantamı əlimə aldıqdan sonra bağrıma basaraq, qapıdan çıxdım. Üstümdəki sarı, çirkin koftaya və qara, boş şalvara baxanda, aldığım çəkiləri əməlli-başlı hiss etdim. Yenə birdən verdiyim qərarla üç dayanacaqlıq yolu evimə qaçaraq getmək üçün insanların arasından kobudca keçəndə, bunu artan çəkim yoxsa insanlara çırpılıb, üzr də istəmədən keçmək üçünmü etdiyimi bilmirdim. Amma çiyninə vurub, əlindəkiləri yerə salmaqlarına səbəb olduğum adamlara bunu etməkdən həzz alırdım. Uşaq kimi gülməyə başladım, psixoloqun "kiməsə zərər vermə istəyi" deməsi qulaqlarımda əks səda verənədək küçələrdə narahatlıq yarada-yarada qaçmağa davam etdim. Onun sonrasında isə bir taksi saxlayıb, qalan pulumun hamısını da taksi sürücüsünün ovucuna qoydum.
Ailəm dərslərimlə məşğul olduğumu düşünür və mənə hər ay yaxşı miqdarda pul yollayır, amma mən bu il ayağımı universitetə sadəcə oradakı təhsilimi sonlandırmaq üçün basmışam. Təmizlik üzü görməyən evimə girib, yenidən televizorun qarşısında oturanda, saat altını göstərirdi. Evdəki hər şeyin qoyub, getdiyim kimi olduğunu düşündüm, amma sonra, həqiqətən də qorxaraq, baxışlarımı masadakı aş qazanına çevirdim. Zoğallı və soğanlı olanından... Bunu kimin bişirdiyini və indi arxamdakı divanda oturan, nəfəs alış-verişini eşitdiyim adamın kim olduğunu anlamaq çətin deyildi. Amma niyəsə, onun cəsədini saatlar əvvəl qarışqaların parçaladığı haqqında qəribə bir əminlik duyurdum.

VOCÊ ESTÁ LENDO
Hörümçək
Conto❛❛Gözlərimi məyusluqla bağladım. Birlikdə yol getdiyim bu iki insanın bütün həyat enerjimi içlərinə çəkdiyini yeni anlamağa başlayırdım. Onlarla olmaq məni cansız bir həyulaya çevirir, yatmaqdan başqa bir şey istəməyəcək hala salırdı. Bir az yolu iz...