4.Bir il əvvəl bu gün

48 7 16
                                    

Zərfi cırıb içindəki kağızı götürdü və yazılanları pıçıltıyla oxumağa başladı. Məktubda belə yazılırdı:

"Salam, hər şey sənə çox qəribə gəlir, amma
narahat olma. Yazılanları diqqətlə oxu və
tapşırıqları yerinə yetirməyə çalış. Unutma,
bir tapşırığı yerinə yetirməsən, digərini görə
bilməzsən. Hazırsan?
Uğurlar, Əsilzadə sahib Darçın!

-Bütün bunlar nə deməkdir? - deyə Darçın öz-özünə düşündü. Sonra məktubu yenidən oxudu. "Hazırsan?" sözünə çatdıqda:
-Hazıram! - dedi Darçın, sanki məktub onu eşidirmiş kimi. Amma bir dəqiqə... Bəli, məktub onu eşidirdi! Kağızın boş qalan hissəsində "1.Bu məktub barədə heç kimə heç bir şey deməyəcəyin barədə bütün səmimiyyətinlə and iç!" sözləri yazıldı.

Darçının zümrüd kimi yamyaşıl gözünün bəbəyi heyrətdən genişləndi.
-Bu... Bu necə oldu?! - dedi və əvvəlcə bir neçə saniyə ərzində təəccüb dolu baxışlarla sadəcə məktuba baxdı. Sonra:
-İndi bayaq etdiyin kimi et, Darçın... "Hazıram" dediyin kimi de... - dedi. Amma olmurdu. Heyrətdən donub qalmış, bir kəlmə belə danışa bilmirdi.

Nəhayət, məktubu dəfələrlə oxuyub, su içib, yenidən yatağına qayıtdıqdan sonra Darçın:
-Bəli, bütün səmimiyyətimlə and içirəm, məktub! - dedi.

Elə bu an 1-ci tapşırıq yazılan sözlərin altında ardıcıllıqla hərflər, sonra sözlər və sonda 2-ci tapşırıq tam şəkildə peyda oldu: "2.Afərin! İçdiyin andı heç vaxt unutma! İndi isə bir il əvvəl bu günü yadına sal!".

-Bir il əvvəl bu gün... - deyib Darçın "xatirələr burulğanı"na düşdü. Elə bir burulğan ki, oraya nə vaxt düşsə, saatlarca xilas ola bilmir, beynində baş qaldıran keçmiş xatirələri dəfələrlə yenidən yaşayır, o xatirənin yaratdığı atmosfer onu gah həyəcanlandırır, gah kədərləndirir, gah da üzündə ona çox yaraşan gözəl təbəssüm inşa edirdi. Sonra beyninə qəfil gələn sual, müəllimlərin verdiyi ev tapşırığı və ya anasının səsi keçmiş xatirələrin Darçının üzündə yaratdığı izləri bir anda silirdi və o burulğandan xilas olub indiki zamana geri qayıdırdı...

Xatirə sözünü eşidəndə ağlına ancaq məktəbdə yaşadıqları, körpəliyi və sevimli pişiyi - Lavandası gəlirdi.

-Bu məktubun məktəblə əlaqəsi ola bilərmi?, - Darçının bu dəfəki xilaskarı isə bu sual oldu. - Yosunun tapdığı məktub axı Sərva müəllimlə bağlı idi...

Darçın yenidən düşüncə burulğanına qərq oldu. Bir il əvvəl bu günü xatırlamağa çalışdı:
-Bu gün may ayının 3-dür. Deməli, məktubda yazılan "bir il əvvəl bu gün" sözü 3 may tarixinə işarədir. - dedi və telefonunu götürüb təqvimə baxdı, çünki Darçın özəl günləri unutmamaq üçün telefonunun təqvimində həmişə o günə aid bir işarə qoyurdu.

Telefonun menyusundakı təqvim simgəsinə basıb sürətlə 1 il əvvələ qayıtmağa başladı.
-Bizim üçün 1 il 1 əsrə bərabər sürətdə keçərkən, təqvimdə bu iki saniyəyə belə bərabər olmur. - deyə öz-özünə danışan Darçın nəhayət ki, 2019-cu ilin may ayına çatıb əlini telefonun ekranından götürdü.

Gözləri sürətlə may ayını gözdən keçirməyə başladı, ancaq ekranda nəinki 3 may, ümumiyyətlə, may ayının heç bir gününə aid bir işarə də yox idi.
-Ola bilər, təqvimdə qeyd etməmişəm, - deyə düşünüb telefonunun menyusundakı qalereya simgəsinə toxundu. O anda ekranda Lavandanın şirin, gülməli pozlar verdiyi zamanlarda çəkilmiş, baxanda həmişə Darçını gülməyə vadar edən şəkillər peyda oldu.

Darçın qalereyanın dərinliklərinə gedir, getdikcə də, Lavandanı ilk evə gətirdiyi günlərdə çəkdiyi şəkillərə baxıb pişiyinin nə qədər böyüdüyünü düşünürdü. Sonra ekranda ailəsi ilə, Yosunla çəkdirdiyi şəkillər peyda oldu, amma bir neçə saniyə sonra onların da yerini yenə Lavandanın şəkilləri tutdu. Sahibi onların heç birini silməmiş, gələcəkdə baxmaq üçün saxlamışdı.

Darçının gözləmədiyi bir anda ekranda "may" yazısı göründü. Bir-bir şəkillərə baxır, 3 mayda çəkilən fotonu tapmağa çalışırdı. Amma 3 mayda çəkilmiş heç bir fotoya rast gəlmədi. Darçın məyus oldu, çünki ən azından bir şəkil belə görəcəyinə inanırdı.
-Axı nə olub bu lənətə gəlmiş 3 mayda?! - əsəblərini cilovlaya bilməyib telefonu yatağa atdı.

Axtarışlarının bir nəticə vermədiyini görüb yenidən məktubu oxudu ki, bəlkə, gözünə dəyməyən bir ip ucunu qaçırıb. Amma yox, hər şeyi düz oxumuşdu.

Lavandanı düşündü:
-Bayaqkı şəkillərdə necədə kiçik imiş, mənim qızım. İndi isə artıq böyük qız olub. Onu evə gətirəndə 4 aylıq idi, artıq o gündən 8 ay keçib. 8 aya bax, necə tez ötüb keçdi! Necə tez böyüdü mənim qızım.

Darçın Lavandaya həmişə "qızım" deyərdi, çünki eynən anasının onu sevdiyi kimi sevərdi o da pişiyini. Birdən Darçın bir az əvvəl dediyi sözləri təkrarlamağa başladı:
-Biz onu evə gətirəndə 4 aylıq idi, indi isə o gündən 8 ay keçib. Deməli, bu gün qızımın 1 yaşı tamam olur! Ah, bunu necə unutmuşam! - deyə özünü danladıqdan sonra Darçın məktubu açıb:
-Bir il əvvəl bu gün Lavanda dünyaya gəlib! - dedi.

Kağızda bu dəfə də "3.Doğrudur, bəs ad günü münasibətilə onu təbrik etmisən? Pişiyini təbrik et!" sözləri öz yerini aldı.
-Pişiyimi ad günü münasibətilə təbrik edim? - Darçın güldü. - Bu məktubu yazan adamın hansı dünyada yaşadığı mənə çox maraqlıdır. Amma deyirsənsə, edərik. No problem! Qızım, Lavanda, haradasan?

Və Lavandanı axtarmağa başladı. Lakin hər yeri axtarmağına baxmayaraq pişik otaqda görünmürdü.
-Gecə burada idi. Qapı bütün gecə bağlı
olubsa, Lavanda necə otaqdan çıxa bilər?

Darçın bütün evi, hətta həyətlərini də axtardı. Ancaq pişik sanki, buxar olub göyə sorulmuşdu.

Darçın həyəcanlı halda otağa qayıdıb tez məktubu açdı və:
-Mənim pişiyimə nə etmisiz?! - dedi.

Kağızda yenə "4.Pişiyi heç yerdə tapa bilmədin, hə? İndi yazılanları diqqətlə oxu. Əgər pişiyini sevirsən və onu tapmaq istəyirsənsə, sabah saat 16:00-da öz yaşıdlarından ən çox etibar etdiyin biri ilə evinizin qabağında ol! İçdiyin andı və bu mövzuda sadəcə etibar etdiyin, yaşıdın olan bir insanla danışa biləcəyini unutma! Əgər pişiyini evə qaytara bilməsən, səndən, yəni sahibindən başqa heç kim onu xatırlamayacaq və sən ömrün boyunca onu xilas edə bilmədiyin üçün vicdan əzabı ilə yaşayacaq, eyni zamanda, həyatın boyunca bir heyvan sahibi olma hüququndan məhrum ediləcəksən." sözləri göründü.

LavandaHikayelerin yaşadığı yer. Şimdi keşfedin