8.Roman

30 4 1
                                    

Bu, Roman idi. Darçın təəccüblü nəzərlərlə onu süzməyə başladı. O, üzərində skelet təsviri olan qara köynək, qəhvəyi rəngdə geniş cibləri olan şalvar geymiş, qara maska taxmışdı. Bura qədər hər şey normal idi, ancaq Darçının yaşıl gözləri yoxlama aparatı kimi onu analiz etməyə davam edərkən nəhayət ki, gözünə üç qəribə hesab etdiyi şey sataşdı: bir əlində tutduğu qırmızı konserva butulkadakı enerji içkisi, digər əlində möhkəmcə tutduğu ipin bağlanıldığı xaltanın boğazına keçirildiyi, yerdə oturub iri gözlərini Darçına zilləyən it və ayağındakı bağları açılmış qara rəngli ideal gənc krosovkası. Yenidən yoxlama aparatı kimi istifadə etdiyi gözlərini yuxarıya doğru qaldırıb, oğlanın gözlərinə çatanda dayandırdı. Yəqin ki 16 yaşına çatanda şəxsiyyət vəsiqəsində göz rənginə "qəhvəyi" yazacaqdılar, amma Darçın şübhəsiz ki, onun gözlərinin bal rəngində olduğunu düşünürdü. Bir neçə saniyə beləcə dayanıb oğlanı şübhəli baxışlar altında müşahidə etdikdən sonra:
- Bizə hər şeyi izah etməmişdən öncə onu deyim ki, ayaqqabının bağları açılıb. - dedi.

Yosun bayaqdan içində baş qaldırmış düşüncələri udub səssizcə durmuşdu, çünki düşünürdü ki, Romanla Darçın özü danışmalıdır.

Roman qızların qəribə baxışlarını üzərində hiss edib gözlərini aşağı - krosovkalarına dikdi. Üzünün böyük hissəsini örtüb, ona baxan insanların diqqətini bal rəngli gözlərinə yönəldən maskasını əliylə çənəsinə sürüşdürdü. Sonra başını qaldırdı, Darçına cavab vermək üçün boğazını arıtladı və gülümsəyib:
- Bilirəm, onları özüm bağlamamışam. - dedi, - belə daha yaxşıdır.
Oğlanın bu qəribə cavabı qarşısında Darçın:
- "Belə daha yaxşı imiş" - inanmadım. Özünü bizə göstərməyə çalışmaqdansa, etiraf elə ki, unutmusan və onları bağla, çünki onsuz da öz işimiz özümüzə bəsdi, bir də sənin burxulmuş ayağınla məşğul olmayaq. - dedi.
- Narahat olma, mənim "burxulmuş ayağım"la məşğul olmazsınız, işləri başından aşan Darçın xanım.

Darçın ağzını açıb nəsə demək istəyirdi ki, Yosun onların mübahisəsinə son qoymaq və içində artıq üsyan edən suallarına cavab tapmaq üçün Darçına danışmağa imkan verməyib özü danışmağa başladı, dostu isə onun monoloqunun uzun olmayacağını bildiyinə görə etiraz etmədi.
- Deyirəm, bəlkə, Roman bəyin özünü göstərmək cəhdlərini müzakirə etməyi sonraya saxlayıb, indi onun buraya necə gəldiyini izah etməsinə imkan yaradaq?

Yosunun haqlı olduğunu görən Darçın ağzını açmadı və gözünü bayaqdan bəri eyni vəziyyətdə durmuş Romana zillədi. Roman isə danışmağa başladı:
- Kinqi gəzdirməyə çıxartmışdım ki, enerjisini atsın, - baxışlarını sakitcə oturmuş iri gözlü, qəhvəyi rəngli itinə yönəldib davam etdi, - sonra sizin səsinizi eşitdim. Yanınıza gəlib salam vermək istəyirdim ki, başqa bir qızın sizə doğru gəldiyini gördüm. Onu nə məktəbdə, nə də buralarda görməmişdim. Odur ki, diqqətimi cəlb etdi və iri ağacın arxasında durub sizə qulaq asmağa başladım. Kinq də qəribə olaraq sakitcə yanımda durub yad qıza baxırdı. Yatdığı zamanları saymasaq, onun bu qədər sakit olduğunu ilk dəfə görürdüm. Sanki dünyada bircə o qız varmış kimi baxırdı yad qıza.
Sonra sizin danışdıqlarınızı eşitdim. Evə getmək üçün geri qayıtmaq istədim, amma Kinqin xaltasındakı ipi nə qədər dartsam da, it yerindən tərpənmirdi. Hələ də yadplanetli görən insan kimi qıza baxırdı. Axırıncı dəfə sizin "hazıram" dediyinizi eşitdim və sonrası da sizə məlumdur - bura düşüb işləri başından aşan Darçın xanım və adını bilmədiyim əsəbi bir qızla qarşılaşdım.

Romanın danışıb qurtardığını görən Yosun:
- Adım Yosundur və "əsəbi qız" deyiləm, sadəcə suallarıma cavab tapmağa çalışıram, - deyib Darçına baxdı - indi nə edirik?
Darçın həm Romanı, həm Yosunu dinlədikdən sonra üzünü arxasında qalmış dağa tərəf çevirdi və:
- Məncə, ilk öncə Romana hər şeyi izah etməliyik... - deyib üzü uşaqlara tərəf yerdə oturdu.

Yarım saat davam edən izahatın ilk mərhələsində sadəcə Darçın və Yosun danışır, Roman isə onları dinləyir, ikinci mərhələdə isə Roman suallarını qızlara ünvanlayır, sanki içi boş torbaları onlara verir, onlar da səbirlə torbaları lazımınca doldurur, yəni sualları cavablandırırdılar. Bütün torbalar dolduqdan sonra Roman onları sanki bir-bir beyninə boşaldır, anladıqlarını qızlarla bölüşürdü:
- Deməli, biz indi Lavandanı tapmaq üçün burada bir imtahan verməliyik?
- Aha, - Darçın oturduğu yerdə itin başını sığallayaraq cavab verdi.
- Amma mən nə test vərəqi, nə də qələm görürəm...
- Məncə, biz elə bir imtahandan yox, məntiq tələb edən bir imtahandan keçməliyik. - bu dəfə isə ona oturub əlini yerdəki yamyaşıl otların üzərində hərəkət etdirən Yosun cavab verdi.
- Testdə mənim tapmağım möcüzə hesab edilən düzgün variantları işarələməklə keçdiyimiz imtahanda da məntiq tələb olunmur, Yosun xanım?
- Mən elə bir şey nəzərdə tutmuram. Düşünürəm ki, məsələn, qarşımıza üç qapı çıxacaq və biz bu qapılardan birini seçib Lavandanı tapmağa çalışacağıq.
- Ola bilər, amma Katarinin dediyini unutmayın: "Sizin məqsədiniz Lavandanı tapmaqdır, amma bu yolda heç bir canlıya zərər vermək deyil". - Buna bənzər nəsə demişdi, deməli, qarşımıza canlılar çıxacaq və biz də onlara zərər vermədən Lavandanı tapmalı olacağıq. - Darçın öz fikrini irəli sürdü.
Darçına diqqətlə qulaq asan Yosun:
- Hə, bir də dedi ki, qarşımıza kağızlar çıxa bilər. Onları diqqətlə oxumalıyıq. - dedi.

Gözlərində ümid işığı parlayan Darçın xatirələrə dalıb Lavandanı düşündü. Ürəyində "Səni tapacağıq, mütləq tapacağıq, qızım". dedi. Birdən Romanın səsini eşidən Darçın Lavanda ilə bağlı şirin xatirələrindən uzaqlaşmalı oldu. İndi yanında olmayan pişiyi ilə bağlı xatirələrindən onu ayırdığı üçün Romana hirslənsə də, yadına düşən hadisələr hirsini bir anda soyutdu...

Bir dəfə şagirdlərin istəklərini nəzərə alan Züleyxa müəllim onları gəzintiyə aparmağa qərar vermişdi. Məktəbin bütün səkkizinci sinif şagirdlərinə avtobus və gəzintidə xərcləmək üçün bir həftə ərzində pul gətirməyi, o pulları yığıb özünə təhvil verməyi isə Darçına tapşırmışdı. Getmək istəyən uşaqlar tənəffüslərdə bir-bir gətirib pulları verir, Darçın da onların adlarını qeyd edib pulu çantasının ön cibinə qoyurdu.

Beləcə, keçən bir həftədə xeyli pul yığılmış, Darçın dəhlizdə görüb adını bilmədiyi bir çox uşağın adını öyrənmişdi. Bunların arasında Roman da var idi...

Vaxtın tamam olduğu gün Darçın qeyd dəftərini açıb yazdığı pula baxdıqdan sonra yığılan pulu hesabladı. Düz 10 manat əskik idi! Yenidən, yenidən və yenidən pulu hesabladı, qeyd dəftərini ələk-vələk edib yazdığı qeydləri yenidən yoxladı, amma bir nəticə əldə etmədi. Züleyxa müəllimin dilindən eşidəcəklərini düşünəndə yerin altına girmək istəyirdi. "Məni oğru hesab edəcəklər!" fikrinin dostunu ağuşuna aldığını görən Yosun haradansa pul tapıb gətirmək üçün çabalayır, amma nə sinif yoldaşları, nə də digər uşaqlar ona borc pul vermək istəmirdilər. Axırda Darçın Züleyxa müəllimin yanına gedib pulu itirdiyini etiraf edəcəyini deyib, sinifdən çıxanda Yosun onun arxasınca qaçmış:
- Əgər müəllim pulun itdiyini görməsə, deməzsən. - demişdi.
Darçın dəhlizdə ona dəyən qıza fikir vermədən:
- Tutaq ki, pulun itdiyini hiss etmədi, bəs gəzintiyə gedəndə müəllim hər uşağa öz pulunu verəndə 10 manatın çatmadığını, bir uşağın pulunun olmadığını görməyəcək? - demiş və Darçının haqlı olduğunu görüb susub dayanan Yosunu dəhlizdə qoyaraq Züleyxa müəllimin otağına doğru getmişdi. Bədbəxtlikdən Züleyxa müəllim pulun yoxa çıxdığını elə o an hesablayanda hiss etmiş, əsəbi halda üzünü Darçına çevirib ağzını açmaq istəyəndə qara saçları üzünə tökülüb, bal rəngi gözlərinin bir hissəsini gizlədən oğlan otağa daxil olmuşdu. Əlindəki 10 manatı stolun üstünə qoyub:
- Müəllim, mən səhvən 10 manatı Darçına verməmişəm, üzr istəyirəm, - deyib Darçına baxaraq gülümsəmişdi.
Züleyxa müəllim:
- Eybi yox... Yaxşı, siz çıxın. - desə də, əsəbinin soyumadığı bəlli olmuşdu.

Onlar çıxanda Darçın:
- Axı sən pulu düz vermişdin mənə... Niyə müəllimə elə dedin ki? - demişdi.
- Elə bil razı qalmadın. İstəyirsən, gedib pulu alım müəllimdən? - Roman bunu deyib gülmüş, onun bu cavabı Darçının xoşuna gəlməsə də, cavab verməmişdi.

Roman qaçıb uzaqlaşanda ona təşəkkür belə etmədiyini xatırlamış, özünə bir gün bu yaxşılığının əvəzini qaytaracağı barədə söz vermişdi. Dəhlizlərdə onu görən kimi hiss etdirmədən ətrafında olmağa çalışmış, lakin Roman Darçına qəribə görünən bir şəkildə heç köməyə ehtiyac duymamış, sonra karantin olduğuna görə Romanı görə bilməmişdi, amma Yosundan ona Roman barədə öyrəndiyi hər bir məlumatı çatdırmasını xahiş etmişdi.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jun 21, 2020 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

LavandaHikayelerin yaşadığı yer. Şimdi keşfedin