6.Bir addım daha yaxın

30 8 11
                                    

Yosunun dünənki sözlərindən cəsarətlənən Darçın ağlamağa son verib baş verən və baş verə biləcək hadisələri analiz etməyə başlamışdı. Durmadan düşünmüş, amma beynində tam dəqiq bir təsəvvür yarada bilməmişdi. Ancaq Lavandanın diqqətlə izlədiyi o qəribə məxluqun və Sərva müəllimin bu işlə necə olduğunu aydınlaşdıra bilmədiyi bir bağlantısı olduğuna əmin idi.

Anasının və atasının yanına gedib məktubda yazılanların doğru olub-olmadığını yoxlamaq üçün bir neçə sual vermiş və sonda hər şeyin həqiqət olduğuna inanmışdı.

Səhər tezdən oyanıb Yosuna mesaj yazdı:
◆Amiqo, oyanmısan?
Yosundan mesaj gəlmədiyini görüb onun yatdığını düşündü. Pəncərəni açıb çölə baxdı, ağaclar çiçək açmış, həyət gül-çiçəyə bürünmüşdü. İlk baxışdan insan düşünür ki, sanki heç kimin bilmədiyi, görmədiyi bir vaxtda göydən yerə minlərlə çiçək yağıb və onlar ilişib ağacın budaqlarında qalıblar. Görünməz bir pəri onların üzərinə elə xoş bir ətir vurub ki, insanı bihuş edir. Darçın üçün də bir anlıq elə oldu, sonra hər şey boş, mənasız göründü qəflətən gözünə. Axı sevdiyin canlı yanında olmayanda, bu qədər gözəlliyin nə mənası var? Həyatı gözəlləşdirən, onu bizə sevdirən, bəzən ən yorğun anlarımızda belə dimdik dayanmağımıza səbəb olan sevdiklərimiz deyilmi? Onlarsız həyatın nə ləzzəti var? Onların olmadığı yerdə dünya gülə dönsə, nə fayda?

Gözündən süzülən bir damla yaş pəncərənin yanındakı gülün ləçəyini isladıb torpağa düşdü. Torpaq duzlu suyu bir anda sorub içinə çəkdi. Darçın dibçəkdəki gülünü bir neçə gündür sulamadığını xatırladı. Gedib su gətirdi və bitkinin dibinə tökdü. Torpaq suyu amansızcasına içinə çəkib bitkinin köklərinə çatdırmağa çalışdı. Torpağın üstündən bitkinin köklərini görməsə də, Darçın bunu hiss etdi.

Saat hələ 08:00 idi. O, yenidən yerinə uzandı. Dincəlməli idi, çünki Lavandanı xilas etmək asan olmayacaqdı...

Gözlərini açanda saatın 12:04 olduğunu və telefonuna durmadan mesaj gəldiyini gördü. Təbii ki, Yosun yazırdı:
●Həyəcandan ölürəm, bəs sən? Yaxşısan?
◆Yosun, əgər Lavandanı xilas edə bilməsək? ●Təbii ki, xilas edəcəyik. O necə sözdür?! Özünə güvənmirsənsə, mənə güvən, yəni.
◆Yosun, bilirsən, mən çox şanslıyam.
●Buna əminəm, çünki pişiyin naməlum şəxslər tərəfindən qaçırılıb. Bu şans başqa kimdə olar, bilmirəm.
◆Bir şeyi çox gözəl bilirsən amma: Mənə üzücü hadisələri xatırlatmağı.
●Zarafat edirəm. De görüm niyə şanslı imişsən?
◆Çünki sənin kimi dostum var!
●Bəli, bu şans hamının bəxtində yazılmır, düzdür.
◆Yosun!
●Səni motivasiya etmək də olmur!
◆Yaxşı, yaxşı. İnşallah hər şey yaxşı olar...

Saat 15:00-da Darçın otağında gah o başa, gah bu başa gedir, vaxtı gözləyirdi. Amma düz deyirlər ki, səbirsizliklə nəyinsə vaxtını gözləyəndə, zaman sanki daha yavaş hərəkət  edir. Otağa girib qızının bu halını görən Həvva xanım:
-Qızım, nə olub? - deyə təəccüblə soruşdu.
Darçın yalandan gülümsəməyə çalışdı:
-Heç nə, ana, nə olacaq?
-Yaxşı... - deyib otaqdan çıxan Həvva xanım qapının ağzına çatanda birdə dönüb qızına baxdı.

Vəə nəhayət saatın 16:00-a yaxınlaşdığını görən Darçın həyəcanla Yosuna mesaj göndərdi:
◆Amiqo, gəlirsən?
●Ağzımda maska, əlimdə əlcək - hazıram! Bir azdan sizin evin qabağında olaram.
◆Afərin, mən də indi çıxıram.

Bu sözlər Darçının özünü Lavandaya bir addım daha yaxın hiss etməsinə səbəb oldu. ağzına maska, əlinə əlcək taxıb yavaşca dəhlizə çıxdı, çünki Həvva xanıma niyə çölə çıxdığını açıqlaya bilməzdi. Amma qorxduğu başına gəldi: əlini qapının cəftəsinə atmışdı ki, arxadan anasının səsini eşitdi:
-Qızım, hara belə?

LavandaHikayelerin yaşadığı yer. Şimdi keşfedin