7.Məqsəd

37 7 12
                                    

Darçın anasının ona mane olma ehtimalı barədə heç düşünməmişdi. Odur ki ağlına deyə biləcəyi məntiqli heç nə gəlmirdi.
- Qələmim qutarıb, qələm almağa gedirəm, ana, - dedi. Bu yalanın heç inandırıcı olmadığını bilirdi, lakin beyni sanki məntiqli cavab tapmamaq üçün onunla mübarizə aparırdı.

Anasının üzündəki qəribə ifadədən ona daha bir neçə sual ünvanlayacağı və Darçının yenə çətin vəziyyətdə qalacağı məlum olduğu üçün qapını açıb tez çölə çıxdı. Beləliklə, Həvva xanımın suallarından canını qurtardı.

Qaçaraq gedib həyətin küçəyə açılan qapısından da keçdikdən sonra qarşısında Yosunu gördü. Yosun ağzında qara maska, əlində qara əlcək, əynində ağ üzərində "Best Friends" yazılan köynək, qara şalvar, qara bel çantası və nəhayət ağ idman ayaqqabıları ilə orada dayanmışdı. Darçını görəndə maskasını çənəsinə sürüşdürüb:
- Şükür ki, gələ bildin. - dedi.
- Anama nə deyəcəyimi bilmirdim. Axırki heç inandırıcı olmayan yalan uydurub canımı qurtardım. - deyə Darçın da maskasını eynilə Yosununku kimi azacıq aşağıya çəkib cavab verdi.

Birdən onlara tərəf yaxınlaşan qızı görüb söhbətlərini dayandırdılar. Topuqlarına qədər uzanan qısaqol çəhrayı rəngli don geyinmiş bu qız onlara tərəf yaxınlaşanda əsən xəfif meh qara saçlarını tərpədir, uzun saçlarını  əsmər dərisinə toxunurdu. Qızlara bir addım qalanda o:
- Salam. Darçın?
- Bəli, Darçın. Sən kimsən və adımı haradan bilirsən? - deyə Darçın əsəbi tərzdə soruşdu - yoxsa sən mənim Lavandamı oğurlayan...
- Yox, yox, yox, yox. - deyə yad qız gülümsədi. - Lavandanı heç kim oğurlamayıb. Mən sizə hər şeyi izah etməyə gəlmişəm.
- Onda tez ol! Bizə Lavandanın yerini de! - deyə Yosun da əsəbi tərzdə qıza yaxınlaşdı.
- Narahat olmayın, pişiyiniz yaxşıdır. Amma..
- Nə amma?! Nə amma?! - getdikcə əsəbiləşən  Darçın qızın sözünü bitirməsinə imkan vermədi.
Bu qızın Lavandanı tapmaq üçün bəlkə də, yeganə çıxış yolu olduğunu görən Yosun:
- Yaxşı, sakit ol, Darçın. Bizə Lavandanın yerini deyəcək insan bu qızdır. Qoy, sözünü desin. - dedi.
- Baxın, Lavanda normal bir pişik deyil. O, çox özəl bir canlıdır. - üzərində hirslə ona baxan iki cüt gözü hiss etməsinə baxmayaraq, qız sakitliklə dedi.
- Bunu mən niyə bu vaxta qədər görməmişəm görəsən, "oğru xanım"? - Darçın əsəblərini heç cürə cilovlaya bilmirdi.
- Əslində... Əslində, bunu sən də görmüsən, amma pişiyin adi bir pişik olduğunu düşündüyünə görə fikir verməmisən. Məsələn, sən ağlayanda Lavandanın normal insanlar kimi səni təsəlli etdiyinin, ya da onun yanında səni görən kimi uçub gedən canlıların olduğunu görmüsən? - Darçının üzündəki düşüncəli ifadəni görən yad qız özündən əmin bir şəkil alıb davam etdi - Görmüsən, hə? Səncə, bunların hamısı çox qeyri-adi deyil?
- Bəsdir bizə nağıl danışdın! Lavandanın yerini de və get burdan! - bu dəfə əsəbiləşən Yosun oldu. İndi isə onu sakitləşdirmək sırası Darçına gəlmişdi:
- Dayan, Yosun, özün demirdin ki, Lavandanı tapmaq üçün bu qıza ehtiyacımız var? O, hər şeyi düz deyir. - sonra qıza baxıb davam etdi - Görünür ki, sən bizim adlarımızı bilirsən, amma biz səninkini bilmirik və bilmək üçün gecikdiyimizi düşünürəm.
Yad qız gülümsəyib:
- İlk işimdir, bir az həyəcanlıyam. Üzrlü sayın. Adım Katarindir. - dedi.
Darçın və Yosun bir-birlərinə baxdılar.
- Görünür ki, buralardan deyilsən, yoxsa adın Katarin olmazdı, yəqin ki.
- Mən Milaqrodan gəlmişəm.
Qızlar yenə təəccüblü nəzərlərlə bir-birinin üzünə baxıb bir ağızdan dedilər:
- Milaqro???
- Bəli, təəccüblənəcəyinizi bilirdim. Ancaq bunları izah etməyə vaxt yoxdur. Sizə keçəcəyiniz ekzamen barədə danışım. - yenə qızların təəcüblü nəzərlərini üzərində hiss edən qız təmkinlə davam etdi - ekzamen imtahan deməkdir. Siz Lavandanı xilas etmək üçün bir imtahandan keçməlisiniz. Qarşınıza çıxanlar qarşısında bayaqdan etdiyiniz kimi təəccüblənməməyinizi məsləhət görərdim, çünki hər şey olduqca qeyri-adi ola bilər. Sizin öhdənizə düşən düzgün yolu tapmaq və sonda Lavandanı xilas etməkdir.
Diqqətlə qulaq asan Darçın yad qızın sözünü bitirməsini gözləyib dedi:
- Əgər imtahandan keçə bilməsək, nə olacaq?
- Təəsüflə bildirməliyəm ki, məktubda yazılanlar real olacaq. - sonra qızların üzündəki ifadəni görüb gülərüzlə davam etdi - Amma mən sizə inanıram. Bilirəm ki, imtahandan qucağınızda Lavanda ilə qayıdacaqsınız. Ehtiyacınız olduğunu düşünmürəm, ancaq istəyirsinizsə, sizə bir neçə ipucu verə bilərəm.

Darçın və Yosun dərin sükuta qərq olmuşdular. Onların beynini Lavandanı xilas edə bilməyəcəkləri ilə bağlı fikirlər zəbt etmişdi, axı nə ilə qarşılaşacaqlarını bilmirdilər. Onların susduğunu görən Katarin:
- Belə dayanıb, kədərli-kədərli baxmaqla heç nə əldə edə bilməzsiniz. Baxın, mən sizə kömək edirəm. Dediklərimi nəzərə alsanız, hər şey daha yaxşı ola bilər. Sizin qarşınıza hər imtahanda bir kağız çıxacaq, o kağızlarda yazılanları bir neçə dəfə diqqətlə səsli şəkildə oxuyun. Hər şeyə, hər incə detala fikir verin. Unutmayın ki, sizin məqsədiniz Lavandanı xilas etməkdir, amma bu yolda heç bir canlıya ziyan vermək deyil. Bu zaman ərzində sadəcə məqsədinizə çatmaq barədə düşünün. İmtahandan sonra sizi qucağınızda Lavanda ilə görmək istəyirəm. - dedi.
Darçın düşüncəli tərzdə:
- Bəs ailəmiz? Onlar bu qədər vaxt harada olduğumuzu soruşanda nə deyəcəyik?
- Narahat olmayın, siz orada nə qədər qalsanız da, bu vaxt ailənizə yarım saat kimi gələcək. Odur ki sadəcə Lavandanı - məqsədimizi düşünürük, yaxşı? Hazırsınız?
Darçın Yosuna baxıb:
- Hazırsan? - dedi.
Yosun:
- Sən hazırsansa, mən dünəndən hazıram - dedi.
Katarin gülümsəyib:
- Dostluğunuza heyranam... O zaman uğurlar! - dedi və bir saniyə sonra qızlar yad bir yerdə olduqlarını gördülər. Katarin yox idi. Ətraf bütün yamyaşıl çəmənliklə örtülmüşdü və qarşıdakı dağın döşündən bozumtul tüstü ucalır, sanki göydəki pambıq kimi bəmbəyaz buludlara çatmağa çalışırdı.

Darçın hər yeri görmək üçün öz ətrafında fırlandı. Sağında da, solunda da yamyaşıl çəmənlik sanki sonsuzluğa qədər uzanıb gedirdi. Arxaya çevriləndə isə onu eyni mənzərə qarşılamadı. Darçın qarşısında duran insanı görəndə gözlərinə inana bilməyib dayandı və:
- Sənin burada nə işin var? - deyəndə Yosun da onlara tərəf dönüb təəcüblü nəzərlərini Darçının qarşısında duran insana yönəltdi.

LavandaHikayelerin yaşadığı yer. Şimdi keşfedin