Qığılcım.

519 42 170
                                    

İllər sonra korlar şəhəri adlandırılacaq Drayvud şəhəri Sürrix adasına ən yaxın yerlərdən biri olduğu üçün bəzən küçələrində qəribə şeylər görmək olurdu. Amma küçədə eşidilən bu ayaq səsləri heç də qəribə bir varlığın ayağını yerə döyəcləməsi sayəsində eşidilmirdi. Sadəcə doğulandan bəri bu şəhərdə yaşayan Nur adlı 19 yaşlı qız öz mağazadakı işinə gecikə biləcəyini düşündüyü üçün küçə boyunca insanları vecinə almadan qaçırdı. Yenə yuxudan gec oyanmışdı, hazırlaşmaq, səhər yeməyi yemək, evdəki bəzi işlərini görmək kimi günlük hadisələr bu gün onun vaxtını çox aparmışdı, beləliklə normalda evdən çıxmalı olduğu vaxtdan 15 dəqiqə keçəndə hələ o, öz ayaqqabılarının ipini bağlayırdı. Yol boyu qaçarkən köhnə məktəbinin girişinin yerləşdiyi döngədən döndü və alov qırmızısı saçlarını üzünə tökülməsin deyə topuz halına gətirdi. Ayağındakı ayaqqabı da rahat idi və onun daha sürətli qaça bilməsinə kömək edirdi. Düz, arıq bədəni, irəlini asanlıqla görə bilən iti gözləri və qərarlı şəkildə irəliləməsiylə qıraqdan baxanlar onun yüngül atletika yarışlarına hazırlandığını düşünə bilərdilər. Üstündəki paltarlar da sadə şeylər idi, onsuz da mağazada dəyişməli olacaq və boz iş paltarlarını geyinməli olacaqdı.

"Müdirdən gec çatsam bu səfər dəqiq işdən qovulacam. Neçənci dəfədi gecikirəm. Çətinliklə tapmışam bu işi də. O qanmaz müdirə başa sala bilmirəm hər dəfə dərdimi. Odundur ki, odun!"

Nur mağazanın şüşə qapısını sərt şəkildə açıb içəri girəndə iki iş yoldaşının kassanın yanında bir-birindən aralı durduğunu gördü. Sırf yol elə də uzun deyil deyə nə taksiyə, nə avtobusa pul vermək istəməmişdi Nur və bu qədər məsafəni qaçmışdı gecikmə qorxusuyla. Amma ətrafda müdir yox idi hələki.

"Bilsəydim, qaçmazdım. Heç olmasa burda olsaydı bu qədər qaçıb yorulmağıma dəyərdi."

İş yoldaşlarından adı Finn olan uzun boy, sarı saçlı oğlan Nurun içəri girdiyini görəndə fərəqət durdu və sağ əlini alnına aparıb əsgər salamına bənzəyən bir vəziyyətə gətirdi:

- Nur xanım, siz xoş gəlmək! - öz qəribə ləhcəsi ilə danışdı Finn. Bu şəhərə hələ bir il idi köçmüşdü, dili elə də yaxşı bilmədiyi üçün danışığında problemlər var idi.

Nur əlini dizinə atıb bükülmüşdü, dərindən nəfəs alıb özünə gəlməyə çalışırdı. Sinəsində bir ağrı var idi amma getdikcə azalırdı.

- Müdir gəlməyib hələ? - qamətini düzəltmədən soruşdu.

Utancaq, zərif bir səs cavab verdi.

- Yox. Bir azdan gələcək.

Bu səs Nurun digər iş yoldaşı Əsmərə aid idi. Finnin yanında balaca bir uşaq kimi qalırdı. Daha doğrusu Finn 1 metr 89 santimetrlik boyu ilə bir nəhəng idi. Nur başını qaldırıb onlara baxdı. Əsmər yenə qara, uzun saçlarını belinə qədər uzanan tək bir hörük halına salmışdı. Hər ikisinin başında boz, üstündə mağazanın adı yazılmış şapkalar var idi. Finn sarı saçlarını gizlətdiyi üçün bu şapkaya nifrət edirdi, Əsmər isə bu şapkayla çox şirin görünürdü.

O anda Nur arxadan gələn səsi eşitdi. 

- Təxmin etdiyim şeydi?

Əsmər başıyla təsdiqlədi. Müdir gəlmişdi. Nur yenidən qaçmağa başladı və Finnlə Əsmərin arasından keçdi. Finn isə onun ardınca səsləndi:

- Qaçmaq sürətlə, Nur! - və qəhqəhəylə güldü. Bu həmişəki mənasız Finn zarafatlarından idi.

Paltarını dəyişmək üçün mağazanın arxasındakı anbar otağına getdi. Öz paltarlarını tapdı və əynindəkiləri çıxardıb onları geyməyə başladı. Burda artıq olan bir paltar da vardı amma həmin paltarın sahibi bu yaxınlarda işdən çıxardılmışdı. Nur həmin paltara baxıb gülümsədi.

Qəlbimdəki alovHikayelerin yaşadığı yer. Şimdi keşfedin