Mesaj.

77 18 42
                                    

Hər zaman oyandığı vaxtda zəngli saatın təkrarlanan səsi ilə oyanmışdı bu səhər. Günəş hələ yenicə çıxdığı üçün otağı işıqlandıra bilmirdi. Göydəki buludları gördükdə bu gün ki havanın bir az soyuq olacağını təxmin elədi Nur. Bir planı var idi, bir şey etməliydi, etməsə 2 gün əvvəlki hadisənin izləri üzə çıxacaq, müdiri yox elədiyini hər kəs anlayacaqdı. Qalxıb zəngli saatı söndürdü, əliylə dağılmış, qıvrılmış qırmızı saçlarını səliqəyə salırdı. Rəfə yaxınlaşdı və bu gün geyəcəyi paltarları bir neçə paltarın arasından seçib çıxardı. Paltarlarını geyinərkən yuxulu düşüncələrin içində qeyb olmuşdu.

"Bir yuxu gördüm, yan-yana dayanan iki şam, tam xatırlaya bilmirəm. Amma o qədər bir-birlərinə yaxın idilər ki, əridikdə sadəcə bir şamın qalıntıları kimi göründülər. Biri böyük, digəri daha balaca idi. Bunu niyə xatırlamağa çalışdığımı anlamıram. Alovlarımdan çox istifadə etdiyim üçün çox yorğun hiss edirəm və çox yatıram. Nə qədər çox yatmağa davam eləsəm o qədər mənasız yuxular görməyə başlayacam."

Nur paltarlarını geyindi və profilinə baxmaq üçün kompüterə tərəf getdi. Sadəcə Əsmərdən mesaj gələcəyini bilirdi, bu mesaj da işin bu gün də olmamağı barədə olacaqdı. Amma kompüteri aça bilmədən otağının qapısı döyüldü və xidmətçi qadın Nurun icazəsini gözləmədən içəri girdi:

- Sabahınız xeyir. Səhər yeməyiniz hazırdı. - qadın qollarını aşağı uzadıb əllərini önündə birləşdirmişdi. Gözlərini heç qırpmırdı və üzünün müxtəlif yerlərində qara tüklər var idi. Səhər vaxtı bu ifadəsiz qadının otağına gəlməsi Nuru heç xoşbəxt etməmişdi:

- Sadəcə bunu demək üçün gəlmişdiniz?

Qadın bir neçə saniyə susdu. Və axır ki, uzun müddət sonra göz qapaqlarını sanki məcburən tərpədib gözlərini qırpdı və cavab verdi:

- Xeyr, əslində bir neçə gündür işə getmirsiniz. Səbəbini bilmək olar?

- İndi də özünüzü anam kimi aparacaqsınız? Bu məsələ sizi maraqlandırmır.

- Əgər bu davranışımın analara xas olduğunu düşünürsünüzsə sizin ana olmaq haqqında heç bir məlumatınız yoxdu. 

Bu cümlə Nuru yaralamışdı. Həqiqətən də bilmirdi, əgər bu qadının yerində öz anası olsa ona necə davranardı, bunu heç vaxt bilməyəcəkdi. Qadın Nurun cavab verməyini gözləmədən davam etdi:

- Əgər işə getməsəniz ev üçün lazım olan şeyləri ala bilməyəcəksiniz. - qadın Nura yaxınlaşıb bir siyahı uzatdı: - bu siyahıda yazılanlar babanızın və sizin həmişəki həyatınıza davam edə bilməniz üçün ən zəruri şeylərdi.

Nur siyahını alıb baxdı, olduqca uzun bir siyahı idi, yenə bütün büdcəsi burda yazılanlara gedəcəkdi. Siyahıdan başını qaldırıb otağa baxanda artıq qadın səssiz-səmirsiz şəkildə getmişdi. Nur siyahını cibinə qoydu, aşağı düşüb əl-üzünü yudu amma hazırlanan səhər yeməyinə əlini vurmadı. Babası kreslosunda oturub televizorda gedən səhər proqramlarını dinləyirdi. Xidmətçi qadın isə həmişəki kimi Nurun hansı tərəfdə olduğunu belə bilmədiyi qonşuluqdakı evinə getmişdi.

Nur evdən çıxdıqdan sonra gedəcəyi yerə avtobusla getməyə qərar verdi, çünki enerjisini sərf etmək istəmirdi. Gözlədiyi avtobus 5 dəqiqə sonra gəldi, içində elə çox adam yox idi, sadəcə bir neçə işinə tələsən orta yaşlı insanlar sakitcə başlarını pəncərəyə söykəyib öz sadə həyatları haqqında düşünürdülər. Nur yol boyu avtobusdakı şəxslərin gözlərinə baxırdı. O gözlər şəhərin səliqəsiz mənzərəsinə necə də ac kimiydi. O gözlər heç bir xırdalığı qaçırmaq istəmirdi ətrafda. Görən gözlərinin düşməni olan qaranlığın ətrafda olmaması onlar üçün bir lütf sayılardı. Amma Nura elə gəlirdi ki, ətrafa belə sevgiylə baxan həmin gözlər ona tərəf çevriləndə mərhəmətdən yoxsul, qəddarca baxışlara çevrilirdi. Nur təkcə görülmək istəmirdi, həm də sevilmək istəyirdi.

Qəlbimdəki alovHikayelerin yaşadığı yer. Şimdi keşfedin