Söhbət.

193 26 40
                                    

Şəhərin ən təhlükəli vaxtları bu saatdan sonra başlayırdı. Nur evə qayıdırdı, mağaza gecə saat 11də bağlanmışdı və o, yenə artıq pul çıxmasın deyə piyada getməyə üstünlük vermişdi. Hər zamankı kimi müdir Qabil təklif etmişdi ki, Nuru da öz maşınıyla aparıb evlərinə düşürtsün. Nə də olsa Nurun evi müdirin və Əsmərin evinin yolunun üstündə idi. Amma Nur yenə qəbul etməmişdi bu təklifi və indi gecənin qaranlığında tək başına evə qayıdırdı.

Əlində ağır bir paket daşıyırdı. Bu paketin içindəkilərə demək olar, maaşının dörddə birini xərcləmişdi. Paketin içində əsasən ərzaqlar, ev üçün lazım olan bəzi şeylər və baxıcı qadının tapşırdıqları idi. Paket olduqca ağır sayılardı amma Nur fikirli idi deyə həmin paketi asanlıqla daşıyırdı.

Ayazı düşünürdü. Artıq 2 gün idi ki, bir yerdə işləyirdilər. Ayaz işində çox tez ustalaşmışdı, heç kimdən yardım almır, hər şeyin yerini əzbərləyirdi. Tək pis tərəfi tez-tez siqaret çəkməyə çıxması idi. Arxa qapıdan çıxır, siqaretini çəkir, mağazaya qayıdırdı. Hələki müdirə tutulmamışdı. Əgər Eyvazla bir yerdə işləsəydilər indi çoxdan satmışdı Ayazı. Amma Eyvaz yox idi və Ayaz kiminsə onu satıb-satmamasını ya da işdən çıxarılmaq kimi şeyləri vecinə almırmış kimi görünürdü. Nur hər dəfə başını qaldırıb Ayaza baxanda Ayaz yerini dəyişir, onun baxışlarından qaçırdı.

"Əvvəl məni görməmişdi. İndi isə məni görür amma nifrət edir. Hər şey daha da pisləşib."

Artıq Nur köhnə məktəbinin yanından keçmişdi, evə az qalmışdı. Hər dəfə burdan keçəndə burnuna kül qoxusu gəlirdi. O isə bu qoxudan həzz alırmış kimi nəfəsini daha da içinə çəkirdi.

"Bəzən hər şeydən bu qoxu gəlir. Sanki hər şey artıq keçmişdəki halının yanmış formasıdı. Hər şey sadəcə kül."

Nur yol boyu yanından keçən adamların ona necə baxdığına diqqət yetirirdi. İnsanlar ona nifrətlə baxırdılar. Sanki hər kəs ondan bir sirr gizlədirdi və o sirr səbəbiylə Nura nifrət edirdilər. Nur bu baxışlara dözürdü, uşaqlığından, doğulduğu andan bəri bu baxışlara məruz qalmışdı.

"Ayaz onu anlamadığımı düşünür. Amma ən çox onu mən anlayıram. Niyə hər dəfə sevilmək istədikcə daha da nifrət edilirəm?"

Nur bir az daha getdikdən sonra öz evinə çatdı. Qapı kilidli idi, paketi yerə qoyub cibindən açarı çıxardı. Hər dəfə qapını açıb içəri girəndə daxilində yaranan bu yalnızlıq yenə onun titrəməsinə səbəb oldu. Onu gözləyən bir valideyn, bir bacı, bir qardaş yox idi. Sadəcə o var idi, birdə kor babası. Kor babası isə artıq heç nəyi gözləmirdi, öz ölümündən başqa.

Qonaq otağına daxil olanda kresloda oturan babasının qırışlı, saçsız başını arxadan gördü. Yenə babası Polad kresloda oturub önündəki televizorun səsini dinləyirdi. Çox uzun müddət idi Polad və Nur bir yerdə qalırdılar. Nurun atası öləndən bəridir bir yerdə qalmaqlarına baxmayaraq Nur babasının səsini belə xatırlamırdı. 

"Bəlkə kor olduğu kimi həm də laldı."

Amma keçmişdə nə vaxtsa danışmışdı. Bəzən Nur öz otağındaykən babasının baxıcı qadına nəsə dediyini eşidirdi. Amma Nur üçün bir söz belə sərf etməzdi bu kişi.

Baxıcı qadın da Polad kimi səssiz biri idi. Qonşuluqda qaldığı üçün hər gün bir neçə dəfə gəlib evin işlərini görər, Poladın yuyunmasına, paltarları dəyişmək kimi işlərinə yardım edər, sonra heç nə demədən çıxıb gedərdi. Poladın bütün təqaüdü həmin baxıcı qadına gedirdi. Yəni evin tək gəliri Nurun maaşı idi. Bu aralar iş tapmaq elə də asan deyildi. Əgər Nur mağazadakı işindən də qovulsa halları necə olacaqdı, heç bilmirdi.

Nur paketi mətbəxə qoyub, yuxarı, öz otağına çıxdı. İkinci mərtəbənin dəhlizinin sağ tərəfində onun otağı, sol tərəfində isə anasının köhnə otağı var idi. Nur heç vaxt anasının otağına girməyə cəsarət edə bilməmişdi.

"Bir anaya sahib olmadım. Onun ölü xatirələri mənə lazım deyil."

Öz otağı balaca bir yer idi. Küçəyə baxan bir pəncərə vardı qarşıda, bir yatağı, sağ küncdə masaüstü kompüteri var idi. Paltarlarını yerləşdirdiyi şkaf sol küncdə idi, içində elə çox paltarlar yox idi. Hər gün eyni paltarları geymək məcburiyyətində qaldığı üçün özünü çizgi film personajlarına bənzədirdi bəzən. İş yerində öz paltarları ilə işləmədiyinə şükür edirdi.

Şkafın qırağına 4 simli musiqi aləti skripka söykədilmişdi. Nur bu skripkanı almaq üçün keçən il pul yığmışdı. Skripkanın səsini, onunla ifa edilən musiqiləri çox sevdiyi üçün həvəsə gəlmiş və skripka dərslərinə getmək istəmişdi. Amma maddi imkan buna icazə verməmişdi. Bu skripka artıq aylar idi ki, o küncdə tozlanmışdı. Bəzən Nur bu aləti boğazının arasına qoyar və çalmağa çalışardı. Amma çıxan o narahat edici cızıltı, qulaq batıran sim səsi musiqiyə ən uzaq şey idi. Nur musiqi mövzusunda çox bacarıqsız olduğunu düşünürdü beləcə.

Otağa girən kimi kompüteri yandırdı, öz sosial şəbəkə profilinə girib mesaj qutusuna baxdı. Həmişəki kimi boş idi. Ona çox az mesaj gəlirdi. Gələn mesajlar isə ya Əsmərdən ya da Finndən olurdu. Əsmər əsasən Finn haqqında nəsə yazırdı. Əsmər az danışan biri idi amma Finn haqqında danışmağa başlayanda susmaq bilmirdi. Finn isə əsasən gülməli olmayan internet mimləri atırdı Nura. Bəziləri Norveç dilində olduğu üçün tamamilə qəliz başa düşülən bir hal alırdı.

Nur yorğun idi, səhər saat 8dən ayaq üstə idi, bu gün mağazaya gələn çox olmuşdu. Ayaqları sızıldayırdı və belinin arxasında da yorğunluq ağrıları vardı. Amma bu ağrılar qəlbindəki sancının yanında bir heç kimi qalırdı. Qəlbində bir ocaq qalanmışdı, içdən-içə onu yandırırdı, ürəyi hər döyüntüdə damarlarına qan yerinə lava göndərirdi sanki. Nəfəsləri tüstüyə bənzəyirdi, bu qızdırma deyildi, bir xəstəlik ya da yorğunluq səbəbilə olmurdu. Ayazı yenidən görmək onu bu hala gətirmişdi. Ayazın baxışları benzin idi, Nur isə saf, sönməyən, qızıl kimi parlayan alov.

Nur yatağında uzanmış halda əllərini birləşdirdi. Onu izləyən biri vardı, yuxarıdan, bəlkə aşağıdan. Bəlkə sağda idi o şəxs, bəlkə solda. Ya da hər yerdə. Nur əmin idi, həyatı boyu biri onu izləyir, özü də nifrətlə yox, sevgiylə, heyranlıqla izləyir. Ona sevgiylə baxan tək gözləri əsla görməsə belə müqəddəs hesab edirdi. Hər gecənin axırında etdiyi kimi bu gecə də o gözlərin sahibiylə tək tərəfli şəkildə söhbət edəcəkdi.

"Sən Tanrı deyilsən. Tanrı olsa yardım edərdi. Sən sadəcə izləyirsən. Mənim nə qədər aciz olduğumu izləyirsən. Necə yalnız olduğumu, necə yandığımı, necə kül olduğumu... Yazığın gəlir görəsən? Yoxsa gülərək izləyirsən məni? Həyatım sənin üçün sadəcə bir komediya filmidi? Əgər baş rolunda olsaydın nə qədər dramatik olduğunu anlayardın. Başqa işin-gücün yoxdu? Mənimkindən maraqlı milyonlarla həyat var, get, onları izlə. Özünlə popkorn da apar. Əgər mən öz həyatımı qıraqdan izləsəm ilk dəqiqəsində sıxıntıdan yuxuya gedərdim. Sən isə 19 ildi bir saniyə belə gözünü yummamısan. Bəlkə əlavə bir neçə gözün var? Onları mənim həyatımın pəncərəsinə buraxıb getmisən. Və o gözlərin yumulmaq üçün bir göz qapaqları belə yoxdu. Bu bir işgəncədi, ordakı. O gözlər məni görə bilməmək üçün bir göz qapağına sahib olsaydılar həmin göz qapaqlarını tikərək bir daha açılmayacaq şəkilə gətirərdilər, əminəm. Heç kim məni görmək istəmir, ordakı. Amma sən baxırsan, sən görürsən. Sən Tanrı deyilsən. Tanrı olsan cavab verərdin. Məncə sən şeytansan. Görürsən, yardım eləmirsən. Dinləyirsən, cavab vermirsən. Və sevirsən amma demirsən. Hə, ordakı, məncə məni sevirsən. Mənə elə gəlir ki, məni bir sən sevirsən..."  

Qəlbimdəki alovHikayelerin yaşadığı yer. Şimdi keşfedin