Bir çətirin altında.

102 20 41
                                    

Gecə saat 12 olsa da Nurun yuxusu gəlmirdi. Pəncərəni açıb sərin havanın otağına dolmasına icazə verdi. Kor babası artıq onun otağının aşağısındakı otaqda yatağına girmişdi. Nur bəzi gecələr tək hiss elədiyində etdiyi kimi öz skripkasını götürdü və çubuğu simlərə toxundurdu. Bu ağrı dolu səs onun xoşuna gəlirdi. Skripkanın içinə minlərlə əzab dolu ruhun hayqırışı gizlədilmişdi sanki. Aşağıda yuxudan oyanan Polad narazılığını bildirmək üçün yüksək səslə öskürdü. Nurun da istədiyi bu idi elə, tək olmadığını bilmək. Skripkanı yerinə söykədi və yatağında oturdu. Yatmaq istəyirdi amma bir məsələ vardı onun yuxusunu qaçırdan. Yenidən ayağa qalxdı və şalvarının cibinə qoyduğu həmin şeyi çıxardı və əlində tutdu. Bir qutu siqaret.

"Ayaz bunu çox sevir. Məni yox, bu şeyi sevir. Niyə məni yox, bu cansız içinə tütün doldurulmuş kağızı sevir? Axı siqaret də, mən də yanıb kül olmağı yaxşı bilirik. Bəlkə sevgi bunu tələb edir? Özünə zərər verməyi."

Nur qutunu açdı və pəncərəyə yaxınlaşdı. Bu gün Ayazla bir yerdə işləməyinin 4-cü günü idi. Keçən səfər Ayaz özünü 4 gündən də uzun bir müddət görməməzliyə vurmuşdu. Gözlərini yumdu və həmin günü xatırladı.

Nurun nifrət etdiyi yağışlı günlərdən biri. Nur yağışa da, qara da, soyuq olan hər şeyə nifrət edirdi. Onda 15 yaşı var idi. Məktəbə getdiyi son il olacaqdı. Dərsdən çıxmışdı, hava səhər günəşli olmağına baxmayaraq bir saat içində elə dəyişmişdi ki. Çətir gətirməmişdi və yağış altında islanmaq istəmirdi. Onu götürmək üçün bir valideyn gəlməyəcəkdi öz maşını ilə. Heç bir çətir gətirəni də olmayacaqdı. Qaçmağı düşünürdü, evə qədər qaçmağı yağışın altında. Bəlkə sürətlə qaçsa az islanardı. Amma hələ cəsarətini tam toplaya bilmədiyi üçün məktəbin önündə büzülüb durmuşdu. Pilləkəndən enərkən hər kəs öz çətirini ona göstərmək istəyirmiş kimi açıb başına tuturdu. O isə özünü yağışın ağuşuna atan bu çətirli insan axının tam ortasında tək-tənha dayanmışdı. Yağışın tez kəsməsini arzulamaq edə biləcəyi tək şey idi. Amma bir saat keçmişdi və yağış daha da gurlaşmışdı. Yorulmuşdu gözləməkdən artıq, paltarları qalın olmasa da üşümürdü. Gözləməyin mənası olmadığını anlayanda addım-addım quru hissədən özünü yağışın altına doğru aparmışdı. Son addım qalanda gözlərini yummuşdu. Və o son addımı atmışdı amma yağışı tenində hiss eləmirdi. Gözlərini yenidən açanda başının üstündə bir çətir var idi, yanında isə özü yaşında bir oğlan. Bu oğlan Ayaz idi, gülümsəyirdi. Üzündə hələ yanıq izlərinin yerinə yeniyetməliyin yaratdığı sızanaqlar var idi.

- Səni gözləyirdim. - dedi Ayaz.

- Məni? - deyə təəccüblə soruşdu Nur.

- Hə, səni.

Nur başa düşmədiyi üçün gözlərini bir neçə dəfə qırpdı.

- Səni gözləyirdim. Sənin cəsarət edib yağışa addım atmağını. Ordakı küncdə dayanıb səni izləyirdim. Bir çətirin olmadığını anlamışdım. Kimisə gözləyənə də oxşamırdın. Amma yanına gəlməyə utandım. Sən islanmaqla razılaşanda yanına gəlməyə qərar verdim. Əgər bir damla yağış belə toxunsaydı sənə mənim bu qədər vaxt gözləməyimin heç bir mənası qalmazdı - deyə açıqladı Ayaz.

Nur bu səfər həyəcanla gözlərini qırpdı. Ayazın gözlərinin içinə baxırdı. Yağış sel kimi çətirin üstündən onların ətraflarına axırdı. Ayaz gözlərini Nurun gözlərindən çəkmədən soruşdu:

- Sağa yoxsa sola?

- Necə?

- Evin sağ tərəfdədi yoxsa sol tərəfdə?

- Sol.

- Bir az da qırağa çəkilsən çətirin altından çıxacaqsan.

Nur yenidən çətirin altına girdi. Qolları bir-birinə toxunurdu. Onlar məktəb həyətindən çıxıb Nurun evinə doğru getdilər. Nur addımlarını Ayazın addımlarına uyğunlaşdırmağa çalışdı. Yol boyu söhbət etdilər, Nur heç kimin onunla bu qədər səmimi söhbət etdiyini xatırlamırdı. Ayaz zarafatlar edir, Nurun həyatıyla bağlı suallar soruşur və Nur danışanda diqqətlə dinləyirdi. Nur yolun heç bitməməsini arzulamışdı amma bir neçə addımlıq yol qədər qısa olmuşdu sanki. Evin önünə çatanda yağış artıq dayandığı üçün Ayaz çətiri bağlayıb qolunun arasına saldı:

- Burda qalırsan?

Nur başıyla təsdiqlədi:

- Bəs sən?

- Mən şəhərin digər tərəfində. Burdan çox uzaqdı.

- Sənə zəhmət verdim. Çox sağol.

- Mənim üçün xoş idi. - dedi Ayaz və getməmişdən qabaq Nura göz vurdu.

Nur onun gəldikləri yolla qayıtmasını izlədi. Qəlbindəki alovu ilk o gün hiss etmişdi. Bu alov onu isidirdi amma hardan bilərdi ki, alov həm də onu yandıra bilər?

Sabah da məktəbə çətirsiz getmişdi və sabah da yağış yağmışdı. Amma Ayazı başqa bir qızla çətirin altında gördü. Ayaz bu səfər başqasını yağışdan qoruyurdu. Nur çarəsiz qalıb islandı evə gedərkən. İkinci gün də çətirsiz getmişdi məktəbə və həmin payız günü də yağış yağmışdı. Ayaz bu səfər fərqli bir qızla çətirin altındaydı. Nur özünü ona göstərməyə çalışdı 3cü gün amma Ayaz onu tanımırmış, onu görmürmüş kimi davranırdı. Ya təsadüfdən, ya şanssızlıqdan o 1 həftə boyunca hər gün yağış yağdı. Nur Ayazı 1 həftə boyunca 4 fərqli qızla görmüşdü. Ayaz onu bir baxışdan belə məhrum buraxdı. Qəlbindəki alov o qədər islanmışdı ki, artıq sönməyə hazırlaşırdı. 8ci gün baş verən hadisə buna icazə vermədi. Nur həmişəki kimi məktəbin önündə gözləyirdi bir ümidlə. Gözlədiyi şey gəlmişdi amma istədiyi kimi çətiri onun başına tutmamışdı. Ayazın qoluna girən bir qız var idi çətirinin altında məktəb qapısından çıxanda. Üzünü Nura tərəf çevirdi və istehzayla gülümsədi:

- Özünlə çətir gətir, axmaq.

O gün Nurun qəlbindəki alov yenidən istilik yaymağa başladı. Bu səfər də sevgiylə. Amma sevginin ən təhlükəli halı ilə, nifrət dolu sevgiylə.

9cu gün deyə bir şey olmadı.

Pəncərənin önündə dayanmışdı Nur. Əlindəki qutunun içindəki siqaretlər onu gözləyirdi. Pəncərədən içəri girən havanı içinə çəkdi amma bu havada onun istədiyi kül dadı yox idi.

"Niyə bu şeyi sevdiyini öyrənməliyəm."

Siqaretdən birini götürdü və dodaqlarının arasına qoydu. İlk öncə sol tərəfə qoymuşdu amma sonra fikrini dəyişib dodağının sağ tərəfində tutdu siqareti. İstilik yayan barmaqlarına baxdı. Baş barmağını yan-yana gəlmiş orta və işarət barmağının üstünə qoydu. Bir çırtma çaldı. Baş barmağının ucunda bir alov dilimi yarandı. Alov dilimini siqaretə yaxınlaşdırdı. Siqaret çırtıltıyla yanmağa başladı və Nur ilk tüstünü ciyərlərinə çəkdi. Öskürməmişdi, onsuz da içi qəlbindəki alovun yaydığı tüstü ilə doluydu. Əlini silkələdi və alov dilimi söndü. Siqareti eyni Ayazın etdiyi kimi iki barmağının arasında tutdu. Bitirənə qədər çəkdi yandırdığı siqareti. İkincini çəkmədi, qutunu əllərində bükdü və pəncərədən çölə tulladı.

"Mən sanmışdım ki, sevmək nəyəsə aludə olmaqdı. Bu sevgi ola bilməz, bu sadəcə içinə çəkdiyin ölümdü. Əgər nəyinsə sənə zərər verməsini istəyirsənsə mən sənə zərər verərəm, Ayaz."

Qəlbimdəki alovHikayelerin yaşadığı yer. Şimdi keşfedin