Canlı kitab

321 28 11
                                    

Nərgiz, səliqə ilə yığılmış kitablardan ibarət rəflərin qabağından keçirdi, ağappaq əllərini kitabların cildlərinə sürtürdü, sanki yaxşı kitabı beləcə toxunmaqla hiss edəcəkdi. Qəribə idi; o, sanki kitabların verdiyi enerjini hiss edirdi. Axır ki, neçə vaxtdır həvəslə gəlməyi gözlədiyi kitab mağazasına gəlmişdi. Burda tapa bilmədiyi bir çox kitabı tapa biləcəyini umurdu. Nərgiz kitabları,əslində daha çox hekayə və romanları sevirdi. Əsərlərdə ən çox sevdiyi isə qadın qəhrəmanlar idi. Özündən asılı olmayaraq belə qəhrəmanlara pərəstiş edir, şüuraltı yolla onların hərəkətlərini, vərdişlərini mənimsəyirdi. Bu gün kitablar arasında ona xoş gələn janrlarda kitab axtarırdı; onun xəyal dünyasını genişləndirən fantastik janrda, onun nəfəsini kəsən, kitaba aludə edən macəra janrında, hərdən onu həyəcana gətirən, tüklərini biz-biz edən qorxu janrında.

        Artıq beşinci rəfi də keçdi: hələ də istədiyi cür kitabı tapa bilməmişdi. Barmaqları ilə kitablara toxunaraq irəliləyirdi. Birdən barmağının altında hərəkətlənmə hiss etdi, qəribə bir tıqqıltı kimi. Dayandı və diqqətlə əlinin altında bayaq qəribə şəkildə hərəkət etmiş kitaba baxdı. Kitabın parlaq və sürüşkən cildi qara idi, adı və yazıçının adı qara qapağa gümüşü rənglə həkk edilmişdi. Kitab adi və hərəkətsiz görünürdü. Ancaq artıq  Nərgizin fikri kitabın cildində deyil, yazıçının adında idi: qadın yazıçı idi, amma adını heç vaxt eşitməmişdi. Qadın yazıçılara rəğbəti vardı. Bir neçə ay bundan qabaq bir qadın yazıçının  yeddi kitablıq əsərini oxuyub qutarmışdı. İndi bu kitabı gördükdə o yadına düşdü. Kitabı sınamaq qərarına gəldi. Arxa cildini çevirib oxudu; hekayə maraqlı gəldi, hətta onun sevdiyi janrda idi. Açıb orta səhifəsindən bir cümlə oxudu. Sonra birin də. Sonra bir də ayıldı ki, kitabın bir səhifəsini oxuyub. Tezcə kitabı örtdü və kassaya doğru getdi. O qədər də baha deyildi, pulu ödədikdən sonra ordan çıxdı və atası ilə evə yollandı. Çox həyəcanlı idi; bu kitabın digərləri kimi olmayacağını hiss edirdi, onu elə ilk baxışdan cəlb etmişdi. Kitabı əlində tutduqda içəridə nəyin isə hərəkət etdiyini hiss edirdi, sanki kitab canlı idi və yol boyu onu izləyirdi. Başını silkələyib boş fikirləri ağlından atdı. Evə çatıb kitabı şkafına-digər kitabların yanına qoydu. Bu axşam oxuyacağına söz verdi və otağından çıxdı.

    ...Qəhrəman həyəcanlı idi. Bayaq bir anlıq gördüyü üzü fikrindən ata bilmirdi. İlk gözünə çarpan iri, qəhvəyi və işıqlı gözlər olmuşdu. O gözlər necə də həvəslə baxırdı, onların necə də ağıllı görünüşü vardı! Belə gözlərə neçə vaxtdır rast gəlməmişdi: bu günə qədər gördüyü heç bir göz onlara tay ola bilməzdi. Sonra uzaqdan bütün üzünü,sonradan isə ancaq yumşaq əllərini görmüşdü. Daha doğrusu hiss etmişdi. Ürək atışlarını sakitləşdirə bilmirdi, qorxurdu ki, qız bunları hiss edəcək. Bəlkə də hiss etmişdi artıq, ancaq kim ona inanardı ki!..

Vərəqlər arasındakı ruhWhere stories live. Discover now