Nərgiz gülümsəyərək ayağa qalxdı və Nərimana yaxınlaşdı. Oğlan "ad günün mübarək" kimi nəsə dedi, sonra da əlindəki qırmızı lentlə bağlanmış mavi üzlü bağlamanı Nərgizə uzatdı. Nərgiz fərəhlə bağlamanı açdı və içindən çıxan rəngbərəng üzlü kitabı görəndə tamamilə coşdu. Atılıb oğlanı qucaqladı və kitabı da götürərək kreslosunda oturdu. Kitabı sevinclə vərəqlərkən oğlanla danışdı:
-Çox sağ ol, mənə ən gözəl hədiyyəni verdin!
-Bilirdim ki, səndə bu kitabın nüsxəsi yoxdur, ona görə aldım,- oğlan güldü.
-Bu mənim uşaqlığımın ən gözəl xatirəsidir. Mənim ilk oxuduğum kitablardan biri. Sən mənim ən sevdiyim balaca qardaşımsan!
-Hey,- oğlan Nərgizin kreslosunun qabağında çöməldi,-mən səndən cəmi bir il, üç ay, iki gün balacayam,-ayağa qalxaraq uzun boyunu nümayiş etdirdi,- halbuki, boyca səndən on dörd santimetr uzunam.
Bunu görən Nərgiz kresloya çıxaraq ondan daha yüksəyə qalxdı:
-İndi kim uzundur?
- Amma mən həm də ağıllıyam, sənə məndən qəşəng hədiyyə alan oldu?
-Hah, sən ən azından nə istədiyimi bilirdin, bu da sənə bir bəhanə oldu. Yoxsa keçən dəfə olduğu kimi boyunbağı alacaqdın, iki günə qırılacaqdı.
- Boyunbağını özün qırdın, taxa bilmirsən axı, elə bil qız deyilsən.
-Hə, sənsən də qız...
-Of, sənlə dava etməyəcəyəm, otur kitabını oxu.
-Sən də çıx daha burdan,- Nərgiz onu qapıya itələdi,- yemək hazır olanda çağırarsan, hədiyyəyə görə də bir daha sağ ol,- qapını örtdü. Gəlib təzə kitabını götürdü və acgözlüklə vərəqləri gözdən keçirməyə başladı.
Qəhrəman artıq nə edəcəyini bilmirdi. Bir tərəfdən oğlanın Nərgizin qardaşı olduğunu öyrəndiyinə sevinmişdi. Amma indi də bu təzə kitab çıxmışdı. Nərgizin onu bir kənara atıb təzə kitabı ilə məşğul olmasına dözə bilmirdi. Ona rəsmi olaraq xəyanət etmişdi! Ancaq bir az özünü sakitləşdirib başını topladıqda, bu kitabın onun uşaqlığından yadigar olduğunu düşündü və onu köhnə bir dost kimi qəbul etdiyini anladı. Yəni əslində belə olduğuna ümid edirdi, çox qorxurdu k, bu kitab da onun keçmiş ruh əkizlərindən biri olsun. O, başqa kitablara paxıllıq etməməyi öyrənmişdi. Əslində Nərgizin rəfdəki digər kitablarına heç paxıllıq etməmişdi, hər bir oxucunun birdən çox kitabı sevməsinə imkan vardı, yalnız bir kitabı oxumaları haqda qanun yox idi ki! Ancaq içindəki qəfil qısqanclıq hissini boğa bilmirdi...
Bir saat boyunca, Nərgiz təzə kitabını vərəqləyib gözdən keçirənədək oradaca- döyüşün tam ortasında donmuş vəziyyətdə qaldı. Nərgiz qutardıqdan sonra kitabını örtüb nəvazişlə sığalladı, sonra qaldırıb ən üstdəki rəfə qoydu. Qəhrəman içindən "mənə də fikir ver, məni burda unutma!" deyə yalvarırdı. Nərgiz sanki onu eşitmiş kimi döndü və öz sevimli kitabını kreslonun qoltuğundan götürdü. "Sənin döyüş səhnəni bir daha oxuyacağam" deyə söz verdi, vərəqin arasına əlfəcin qoydu və kitabı örtdü. Kitabı rəfə deyil, yastığının altına qoydu. "Bu, hələ də mənə dəyər verdiyinin göstəricisidir" deyə düşünən Qəhrəmanın bütün qısqanclığı bir anda silinib getdi.
![](https://img.wattpad.com/cover/31133512-288-k804687.jpg)
ESTÁS LEYENDO
Vərəqlər arasındakı ruh
FantasíaKitabların canlı olduğuna inanmırsınız...Vərəqlər arasında bir dünyanın var olmasına inanmırsınız...İnsanların bu dünyaya səyahət edə bilməsinə inanmırsınız...Oxucuların kitab qəhrəmanlarına aşiq ola bildiyi kimi, kitab qəhrəmanlarının da oxuculara...