Nərgiz axşam otağına qayıtdıqda kitabı yadına düşdü. Şkafa doğru gedib onu götürdü. Pəncərə yanında qoyulmuş kreslosunda oturdu, kitabını dizləri üstünə qoyub birinci səhifəsini açdı. Bu vaxt açıq pəncərədən içəri keçən külək vərəqləri uçurtdu. Qız pəncərəni bağlayıb, vərəqləri yenidən geriyə qaytardı. Vərəqlərə toxunmaq belə qəribə hiss verirdi, səhifələr öz əlləri qədər yumşaq hiss etdirirdi. Kitabın nə qədər qalın olduğunu indi hiss edirdi sanki: səhifələrin sayı dörd yüzdən artıq idi. Gözünü ilk cümlələrin üstündə gəzdirdi. Elə ilk oxuduğu cümlələrdən kitab onu cəlb etdi və uzun bir müddət gözünü ayırmadan oxudu.
Üç saat dayanmadan kitab oxuduqdan sonra artıq yatmalı olduğunu hiss etdi. Nə yaxşı ki, kitabdakı hadisələrin gedişi bir az yavaşlamışdı, ona görə də oxumağı dayandırmaq mümkün olmuşdu. Kitabı örtdükdə ordakı ulduzlar haqda olan söhbəti xatırladı: ulduzlar onun ən maraqlandığı və heyran olduğu şeylər idi. Qalxıb işığı söndürdü və yenidən pəncərə kənarındakı kreslosunda oturdu. Pəncərədən baxdıqda buludsuz göy üzündə bir neçə ulduz gördü. Ax, bu şəhər işıqları! Ulduzları ondan gizlədirdi. Parlaqlıqları aysız səmadakı ulduzların parlaqlıqlarını gölgədə qoyurdu. Halbuki, Nərgiz onları tam aydın görmək istəyərdi. Fosforlu saatına baxdı: zəif sarımtıl işıqla yanan əqrəblər on ikini göstərirdi. Nərgiz kitabı da götürüb yatağına uzandı. Kitabı digərlərindən fərqli olaraq rəfə deyil, yastığının altına qoydu. Gözlərini yumarkən barmaqları ilə toxunduğu kitabın enerjisini daha da aydın hiss etdi. Bu kitabın həqiqətən digərlərindən fərqli olduğunu düşünürdü. Bəlkə də doğru idi...
... Qəhrəman bayaq həyatının ən xoşbəxt saatlarını yaşamışdı. O qızı yenidən görmüşdü. Parlaq qəhvəyi gözlər onu dəfələrlə nəzərdən keçirmiş, açıq rəngli gur saçları onun üzünə dəfələrlə dəymişdi. O qız çox sevimli idi; onunla həqiqətən maraqlanırdı, sadiq və sevgisi tam idi. Onu əlindən yerə qoymadan, hekayədən ayrılmadan daim izləmişdi. Öz-özünə: " belə bir oxucuya, kitabsevərə bir daha rast gələ bilərəmmi?"-deyə düşünürdü. Daha sonra olanlar isə onun az qala ürəyini dayandıracaqdı, halbuki, ürəyinin dayanmasının mümkün olmadığını bilirdi: qız kitabı yastığının altına qoymuşdu,üstəlik onun cildini sığallamışdı. Qəhrəman məhz həmin qızın əlinə düşdüyü üçün tanıdığı bütün insanlara minnətdardı. Səbirsizliklə gələcək günləri gözləsə də, içindəki qəribə qorxunu ata bilmirdi...
![](https://img.wattpad.com/cover/31133512-288-k804687.jpg)
ESTÁS LEYENDO
Vərəqlər arasındakı ruh
FantasíaKitabların canlı olduğuna inanmırsınız...Vərəqlər arasında bir dünyanın var olmasına inanmırsınız...İnsanların bu dünyaya səyahət edə bilməsinə inanmırsınız...Oxucuların kitab qəhrəmanlarına aşiq ola bildiyi kimi, kitab qəhrəmanlarının da oxuculara...